Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:43

«Saqqalını qırx, hicabını aç»


Azərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Dövlət Neft Akademiyası
-
Neft Akademiyasında daxili nizamnaməni əsas gətirərək hicablı və saqqallı tələbələri dərsə buraxmırlar. Akademiyanın prorektoru bu gündən hicablılara güzəşt ediləcəyini, amma saqqallılarla əvvəlki kimi davranılacağını söyləyib

«SABAH SƏNİ BELƏ DƏRSƏ GƏLƏN GÖRMƏYİM»

Neft Akademiyasının nəzarətçisi tələbələri içəri buraxanda diqqətlə onların üzünə baxır. Kimin üzü tüklüdürsə, xəbərdarlıq edir:

«Eşidin, bilin – saqqallı gəlmək olmaz. Bu hələ nədir ki... Elələri var, lap belə gəlirlər»- bu sözləri deyincə, əlini çənəsindən sinəsinədək aşağı salaraq əlavə edir: «Axı institutun nizam-intizam qaydaları var».

«MƏN SAQQALLA GƏZMƏK İSTƏYİRƏM, BUNDAN KİMƏ NƏ VAR»

Saqqalına görə xəbərdarlıq alan tələbələrdən biri də Əhməddir. O, saqqalı həyat tərzi saydığını deyir:

Əhməd adlı tələbə
Əhməd adlı tələbə
«Bir həftə əvvəl rastlaşsaydınız, üzümdə o qədər tük görəcəkdiiz ki... Onda heç nə demirdilər. Dünəndən başlayıblar. Başıbağlı qızları, saqqallı oğlanları içəri buraxmırlar. Bu səhər mənə də xəbərdarlıq etdilər ki, get üzünü qırx, sabah da belə gəlsən, dərsə buraxılmayacaqsan. Bu, demokratik deyil. Mən üzümü qırxmayacağam, çünki saqqal saxlamaq xoşuma gəlir. Bu mənim həyat tərzimdir».

«3-CÜ KURSADƏK DƏRSƏ HİCABLA GƏLMİŞƏM. İNDİ NƏ OLDU?»

Neft Akademiyasının 3-cü kurs tələbəsi Günel Əliyeva da qapı önündə gözləməkdədir. O deyir ki, hicablı olduğu üçün dünən də, bu gün də dərsə buraxılmayıb:

3-cü kurs tələbəsi Günel Əliyeva
3-cü kurs tələbəsi Günel Əliyeva
«Qapıdan içəri buraxmırlar. Guya ifratçılıqdır, müasirlikdən uzaqdır. Deyirlər başınızı açın, sonra içəri girin. Mən üçüncü kursadək dərsə hicabla gəlmişəm. İndi nə oldu? Dünən də qoymadılar, bu gün də. Qapıda qalmışam. Deyirlər ki, 2011-ci ildən daxili nizamnamədə də var. Niyə bu nizamnaməni bizə 2013-də göstərirlər?».

«HİCAB VƏ SAQQALLA DƏRSƏ GİRMƏYƏ YOL VERİLMİR»

Neft Akademiyasının təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov AzadlıqRadiosuna qadağaların daxili nizam-intizam qaydaları ilə bağlı olduğunu bildirdi:

«Saqqallılar onsuz da buraxılmırlar. Üzlərini səliqəyə salıb dərsə gəlməlidirlər. Hicablılara gəlincə, dekanlarla söhbət etmişik, dekanlar məsuliyyəti öz boyunlarına götürüblər ki, onlar akademiya daxilində dini təbliğatla məşğul olmayacaqlar. O şərtlə də buraxmışıq. Amma bizim daxili nizam-intizam qaydamıza görə, hicab və saqqalla dərslərdə iştiraka yol verilmir. Buna baxmayaraq, müəyyən qədər onlara güzəşt edirik. Bu şərtlə ki, sırf təhsillə məşğul olsunlar. Bir də görürsən başlayırlar burda təbliğat aparmağa. İnformasiya var ki, o addımı atırıq də».

Neft Akademiyasının qarşısında yoxlama
Neft Akademiyasının qarşısında yoxlama
Dini ekspert Elşad Mirini fikrincə, Neft Akademiyasının rəhbərliyi tələbələrin xarici görkəmindən çox, tədris və təhsilin keyfiyyətini düşünməlidir:

«Dünya universitetlər biliyinin yeni kəşfləri və məzunları ilə fəxr elədiyi bir dövrdə bizim universitetlər belə cılız məsələlərə baş qatıb vaxt itirir və hələ də birinin saqqalı, birinin papağı, birinin də hicabı ilə məşğul olurlar. Belə insanlar Azərbaycanın gələcəyinə nə verəcəklər? İnsanın həqiqətənmi başını örtməsi, yaxud da saqqal saxlaması nəyəsə zərər verə bilər? Bu, biabırçılıqdır».

Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzi də Neft Akademiyasında baş verənləri insan haqlarının kobud pozuntusu sayır. Bənzər hallar istər dini etiqad azadlığının, istərsə təhsil hüququnun pozulması deməkdir. Başqa bir yandan da tələbələr arasında ayrıseçkilik hesab edilir.

Tibb və Pedaqoji universitetlərin hicablı tələbələri oxuduqları təhsil ocaqlarında belə qadağalarla rastlaşmadıqlarını bildirdilər.

Hicab problemi yeni deyil. Bu qadağa təhsil müəssisələrində baş örtüsünü qadağan edən təhsil haqqında qanunla əsaslandırılır. Qadağalar vaxtaşırı islamçıların etirazını doğurur. Bununla bağlı Təhsil Nazirliyinin binası önündə dəfələrlə etiraz aksiyası da keçirilib.
XS
SM
MD
LG