Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 17:01

Mahir Mehdi. Şeirlər


Mahir Mehdi
Mahir Mehdi
-

Mahir Mehdi


Aysunun avqust qayıdışı

Gün başladı xaric səslə,
pozuldu ritm.
Günaha bulaşdı gecə...
Ölçüsüz-biçisiz bir haldasan,
bilirəm, gəlirsən, yoldasan...
Sən gələnəcən yuyacam günahımı
öz fərmanımla.
Dəyişəcəm bu ölkənin adını,
Ünvanını.
sənin adını verəcəm
bütün küçələrə, prospektlərə.
şəkillərini asacam
başımız üstdən,
rəngli heykəllər qoyacam sənə.
Yağış səsini bu ölkənin
Himni elan edəcəm.
Göy qurşağı olacaq bayrağımız...
Axı mən də ömrümdə
bircə yol nəyisə
eləməliyəm sevgiylə...
Beləcə, öz ölkəni
təhvil verəcəm özünə,
qələmimi də götürüb biryolluq gedəcəm
şairlərin diktator
olduqları yerə - SÖZƏ...


...Olduğum qədər gerçəyəm

Gözləmədiyim səmtdən düşdü gecə,
tamam ayrı şəkildə.
Olacaqlar olmayacaqlarda itdi,
birgəliyimiz sona yetdi,
8 apreldə, çay qırağında,
dovşan qanıyla qoyuldu nöqtə...
tanıtmamalıydım zəif yerimi
sənə əslində...
Ancaq anlamadığımı anladım,
nöqtə qoyanda sonuncu söz düzümünə.
Gözləmədiyim yerdən düşdüm gecəyə,
qara yox, ayrı rəngdə.
Söndü çevrəm ayrı biçimdə,
söndürdün varağımı, qələmimi də
yad ritmdə.
Yazmağa bircə kəlmə də tapammadım
səndən sonra.
Səndən sonra itirdi anlamını sözlər də.
Varağım boyandı sözlərin ağ rənginə...
Qaytara bilmədim sözləri
İtkin görünüşünə.
Məndən qabaq yazılanları da
tapıb qoyammadım yerinə...
Beləcə, sürgün elədin məni təkliyə.
Öz yanına dönməyi də yasaqladın mənə.
Gördüyün qədər deyiləm,
Olduğum qədər gerçəyəm,
bircəyəm bu boyda çoxluğun içində,
...təkliyimlə çoxam...


İuda öpüşü

Sözlüklərdə axtarıram anlamını hələ də,
səni anlamaq lazımdı mənə.
Ayrı cür düşürsən,
Olduğundan yekə çıxırsan şəkillərdə.
Ən usta fotoçu da
çəkəmmir səni olduğun tək...
Düz bax, düz,
burda dura-dura
yayındırma baxışlarını
bütün suçlular kimi ora-bura.
Onsuz da olduğunda yoxsan...
Bir bütöv, uzun gün verilmişdi sənə,
onu da böldün sevincə, kədərə,
ayırdın gecəyə, səhərə,
kəndə, şəhərə...
Nə fərqi, dostum, indi
satdığın nəm salfetdi,
ətirdi, yoxsa adam?!
Təki satmağa bir şey olsun,
bazar olsun...
Satırsan istədiyini,
istədiyin qiymətə,
al-verdə itə-itə.
Oldun bazarçı, tapdın yerini.
Sonunda bir öpüşlə
adam satmağı da
öyrəndin İuda kimi...


Sonuncu “və...”

Matəm marşı da,
mollanın səsi də,
elə bu it ulartısı da
sonuncu “və...”di,
o taya işarədi...
Bir yerdən gəlir,
üçü də verir eyni anlamı,
ritmləri olsa da ayrı-ayrı...


Köhnə evin mətbəxində “Dekameron”

Unudulmuş kitabmış köhnə evlər,
qaynamağa yadırğamış qazanlar,
bizi bu bozluğa yazanlar...
Səhifələrdən başlayır
bütün kitablar.
Kitablardan törəyir
yalanlar, olub-olmayanlar...
...Hərflərdən başlayır,
hərflərin düzümündən asılıdı sözlər,
ağı, qarası,
bütövü, parası var,
hər sözün öz sırası var.
Ayrı sırada ya görünmür,
ya mənasız olur,
ya da başqa anlam verir bizim kimi.
...Səhifələrdən başlayır bütün kitablar...
Yazılarda çox vaxt ayrı yerdə oluruq,
özgə cür görünürük,
başqa şəkildə oxunuruq.
Ancaq suç özümüzdədi –
Köhnə sözə təzə üzük,
boş sözük,
anlamımız olmayan sözlüyük...
Oxuya bilmirik bir-birimizi
dərgilərdən, qəzetlərdən,
saytlardan qıraqda-
yaşantılarımızda...


Gecə gəzintisi

Baxışların söhbətə
ən gözəl girişdi.
Səninlə susmaq da bir işdi.
Ancaq danışsan da, danışmasan da
Varsan hələ,
Tamam itməmisən,
Sənnən qalıb nəsə -
Susmağı tərgitməmisən.

42-ci dekabr

Belə getsə,
Qıraqdan baxacağıq bu şəhərə,
Son uzanacaq sonsuzacan,
Uzaqdan yaxınacan, çoxdan azacan.
Gün gələcək küçədə rastlaşanda,
Özümüzü elə göstərəcəyik ki,
Guya tanımırıq bir-birimizi.
Elə ayrılacayıq ki, bir künc də
Birləşdirə bilməyəcək
Bir yerə yerləşdirə bilməyəcək bizi
Belə getsə
Sıralar seyrəkləşəcək söz-söz, misra-misra,
Bu dildə susmaq istəyən son adam da
Susacaq ayrı dildə
Sevdiklərimiz sevgi qatından
Düşəcəklər bir-bir.
Köhnələr seçilib təzədən
Təzə olacaqlar, təzə yerə qalxacaqlar.
Belə getsə,
Seçiləcək hamı bir-birindən
Seçən seçilənnən,
Seçilən seçənnən...
Hamı son nəfəsdə bir olacaq...
Köklənməsək ağa
Hər şey itirəcək rəngini
Yad sözlər pozacaq dilin ahəngini
Belə getsə,
Haqqını bilməyən adam sürüsü
Allahını yenə də qəpik-quruşa
Satacaq bu şəhərdə
Adamları birləşdirə bilməyəcək
Azan səsi də
İbadətimiz bitən kimi
Dualarımız qayıdacaq üstümüzə
Günah şəklində...
Belə getsə...
Hər şey olacaq elə belə...


Xəbərlərin xəbəri

Xəbərlər gözləyirəm,
Olmadığım şəhərlərdən,
Yad ünvanlardan,
Yazmadığım şeirlərdən,
Çəkdirmədiyim fotolardan,
Fərq eləməz, xoş, ya da bəd,
Təki, gəlsin, xəbər olsun,
Günlərin dolsun ağzınacan,
İtirim, sayını-hesabını,
Təki, gəlsin, dəyişsin, pozsun,
Rəqəmlərin, sözlərin bu yorucu sırasını...
Bəzən boş çıxır,
Xəbərin içində xəbər olmur,
Ya da ağızlara düşür yolda,
Güclə yetişir biri
Bəzən özü yox,
Gəlir xəbərlərin (qara) xəbəri...


Sevgi...

... Yaşanmayanda
çıxammır yorğan-döşəkdən qırağa.
Bir atımdan, uzaqbaşı
bir gecədən sonra
yetir sona.
Təzyiqi az olur,
qalxammır, vura bilmir başa,
qurtarır
qurşaqdan aşağıda...


Sevdaya mesaj

Xatırlamaqçün, gərək yox,
yaddaşı eşələməyə,
sözləri sökməyə, yığmağa,
sözlərə sökülməyə, yığılmağa.

Onsuz da bir-birini
unutmaq imkanı, vaxtı
verilməyib, ayrılmayıb,
unuda bilməkçün o qədər
uzun ömür yazılmayıb
adamlara burda.

“Unutdum” deyənə inanma.
“Unutdum” demək burda
unuda bilməyənlərə ən yüngül təsəllidi.
Sərxoş şairin gecə uydurmalarından biridi,
ona yıxılmayan qadından
qisas almaq istəyidi.
(özü də varaqda, qələmlə)...

Əslində, bura yaddaşı olanların,
xatırlayanların gizlinidi,
anılarsız yaşaya bilməyənlərin
sürgün yeridi.


Üç gecə

Desəm, yer dəyişib yerini,
bir az gəlib qabağa,
küçə də itirib səmtini,
dirənib başqa dalana...

Desəm bu qapı da
dünən burda yox, soldaydı,
qucağıuşaqlı bu yumru gəlin
anasının qucağında uşağıydı,
o tay bu taydaydı –
çox olmaz?

Desəm, özümdən əvvəl doğulmuşam,
yaşca çox böyüyəm sözümdən...
Desəm, səni doğulmamışdan qabaq da
tanıyırdım, əzbər bilirdim kəlmə-kəlmə...

Desəm, biz BİZ olmamışdan
öncə də olmuşuq,
tamam ayrı şəkildə,
yaşamışıq başqa qaydalarla,
kölgələr aləmində -
çox olmaz?

Desəm, sevmək də işdi,
ancaq əllə görülən
işlərdən fərqli,
daha qəmli, daha önəmli...
Desəm, qadınlar sevilməkdən başqa
ayrı bir işə yaramırlar -
çox olmaz?


Film-dəhşət

Bir-birimizə qarışdıq,
itirdik günü, ayı...
Axır, bizi birləşdirdi
bu müqəddəs çarpayı.

Bütövləşib bir can olduq,
sığışdıq bu yatağa.
Sevgi şeirləri yazdıq
altımızdakı ağa...

Səni göylərdən düşürüb
öz yerinə qaytardım...
Beləcənə, xırda-xırda
səni yeyib qurtardım.
XS
SM
MD
LG