Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:33

Maştağa məscidini xilas edən həbs


“Həzrət Əbülfəzl-Abbas” məscidi
“Həzrət Əbülfəzl-Abbas” məscidi
-
“Həzrət Əbülfəzl-Abbas” məscidinə təzyiqlər olurmuş ki, Tale Bağırzadənin cümə xütbələrinə son qoyulsun. Hətta onu məscidə buraxmamaq tələb edilirmiş. Kimliyini açıqlamayan məscid işçisi deyir ki, bu təzyiqlər qəsəbə icra nümayəndəsindən də, ən yuxarı səviyyələrdən də gəlirdi. İlahiyyatçının həbsi məscidi bağlanmaq qorxusundan qurtarıb.
“ƏVVƏLLƏR MƏSCİDƏ TƏZYİQLƏR OLUB...”
Məscidə daim gedib-gələn ilahiyyatçı alim Elçin Qasımov AzadlıqRadiosuna əvvəllər belə təzyiqlərin olmasını təsdiqləyib:
“Əvvəllər Hacı Tale Bağırzadənin məscidə gəlməməsi ilə bağlı təzyiqlər olub. Amma indi məscidə nə dini komitədən, nə digər dövlət qurumlarından birbaşa təzyiqlər var. Cümə namazımızı da qılırıq, digər ayinləri də yerinə yetiririk”.
Elçin Qasımovun sözlərinə görə, Tale Bağırzadənin narkotik maddə saxladığına nə bütövlükdə qəsəbədə, nə də “Həzrət Əbülfəzl-Abbas” məscidində kimsə inanmır. Onun fikrincə, hamı ilahiyyatçının cümə xütbələrində hakimiyyəti sərt tənqid atəşinə tutduğu üçün həbs edildiyini düşünür:
“Talenin həbsini hamımız pis qarşılayırıq. O, ilahiyyatçıdır, xalqın dərdinə yanan adamdır. Bu səbəbdən onun bu cür şərlənib həbs olunmasını yaxşı qarşılamırıq. Narkotik ittihamı mümkünsüz bir şeydir. Ola bilər ki, söhbətlərinin sərtliyi bəzi dairələrin xoşuna gəlməyib və bu da onun həbsini reallaşdırıb”.
“SÖZÜNÜZ VAR ADAMIN ÜZÜNƏ DEYİN”
Tale Bağırzadə
Tale Bağırzadə
Tale Bağırzadənin özü də həbs olunmazdan əvvəl ““Həzrət Əbülfəzl-Abbas” məscidindəki cümə xütbəsi zamanı müxtəlif adamlar tərəfindən hədələndiyini söyləyib. Sosial şəbəkələrdə yayılan həmin çıxışında da sərt xəbərdarlıqlardan söz açıb. Amma o, düz yolda olduğunu, hədələrdən geri çəkilməyəcəyini bildirib:
“Sözünüz var adamın üzünə deyin, niyə başqa adamları narahat edirsiniz? Elə bilirsiniz ki, bu hədələrdən qorxacağıq? Atam da dayansa qarşımda, yenə də dönməyəcəyəm”.
“SUALLARI İCRA HAKİMİYYƏTİNƏ VERİN...”
Maştağa qəsəbəsinin icra nümayəndəsi Zülfüqar Cəfərov məscidlə bağlı hər hansı problemin olmadığını bildirdi və əlavə sualları da icra hakimiyyətinə ünvanlandırmağı məsləhət gördü:
“O məsciddə heç nə baş vermir, hər şey qaydasındadır. Bilmirəm bu məsələ niyə şişirdilib? Hazırda sakitlikdir, adamlar da ibadətini edir. Məscidə heç bir xəbərdarlıq olmayıb. Xahiş edirəm bu məsələlərlə bağlı Sabunçu rayon icra hakimiyyətinə müraciət edin, onlar aydınlıq gətirsin”.
Maştağada yerləşən məscid
Maştağada yerləşən məscid
Sabunçu rayon icra hakimiyyətindən də qəsəbə icra nümayəndəliyinə müraciət etməmizi məsləhət gördülər.
DİNİ KOMİTƏ: MƏSCİD QANUNİ FƏLİYYƏT GÖSTƏRİR
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Maştağadakı məscidin bağlanması və ya təmirə dayanması ilə bağlı yayılan məlumatların doğru saymır.
Komitənin mətbuat katibi Orxan Əli AzadlıqRadiosuna müsahibəsində məscid və ya dindarlarla bağlı hər hansı problemin olmadığını deyib.
Dini Komitə Maştağadakı məscidin fəaliyyətini qanuni saydığını bildirir. Orxan Əli deyir ki, Maştağa qəsəbəsində fəaliyyət göstərən “Həzrət Əbülfəzl-Abbas” dini icması 2010-cu ildə qeydə alınıb və onun fəaliyyəti qanunidir.
XS
SM
MD
LG