Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:19

Şahzadə Andrew-nun Bakı səfərləri Britaniyada suallar doğurur


Arxiv fotosu
Arxiv fotosu

Britaniya şahzadəsi Andrew ilə Azərbaycan prezidentinin münasibətləri mediada tez-tez müzakirə olunur. Vaxtilə bu münasibətləri Britaniyanın ticarət səfiri vəzifəsi ilə izah edən şahzadə artıq bu vəzifədə deyil. Bəs indi nədir onu Bakıya bağlayan? “The Daily Mail” sual edir


Londonda çıxan “The Daily Mail” iddia edir, York hersoqu “qəddar diktatorun masası arxasında özünü Britaniyanın təmsilçisi kimi təqdim etməklə yeni diplomatik qalmaqala səbəb ola bilər”. Söhbət şahzadə Andrew ilə İlham Əliyevin münasibətlərindən gedir və artıq neçənci dəfədir ki, Britaniya mətbuatı bu məsələni gündəmə gətirir.

Bu dəfə "The Daily Mail"-in müxbirləri Nick CravenWill Stewart yazırlar: “Birləşmiş Krallığın rəsmi ticarət elçisi vəzifəsindən az qala 2 il əvvəl istefaya məcbur edilimiş şahzadə Andrew-nün keçmiş Sovet respublikası olan Azərbaycanda nazirlərlə, siyasətçilərlə, bankirlər və neft direktorları ilə qaynayıb qarışdığını göstərən yeni fotolar üzə çıxıb”

DƏYİRMAN ÖZ İŞİNDƏDİR, ÇAX-ÇAX BAŞ AĞRIDIR

Yazıda deyilir ki, şahzadə - bunu etməyə rəsmən icazəsi olmasa da, keçən həftə keçirilmiş tədbirdə Asiyanın iqtisadi inkişaf perspektivləri barədə öz baxışlarını bildirib.
Millət vəkilləri və insan haqları qrupları da cavabında onu tənqid ediblər ki, siyasi rəqiblərini həbs etməkdə, dissidentlərə işgəncə verməkdə, seçkiləri saxtalaşdırmaqda və korrupsiyada ittiham olunan Azərbaycan prezidenti İlham Əliyevin məclsində fəxri qonaq qismində iştirak edir.

Qəzet yazır ki, ötən axşam Bukingem sarayı şahzadəni tam müdafiə edərək bildirib ki, hersoq Azərbaycanda Birləşmiş Krallığın iqtisadi və illk növbədə neft biznesinin maraqlarını təmsil edib.

Nick Craven və Will Stewart yazırlar ki, “lüks hava səyahətlərinə böyük məhəbbəti olduğu üçün “hava səyyahı Andy” ayamasını qazanmış hersoq 7 ildə onuncu dəfə İlham Əlievlə görüşüb.

Sonra müxbirlər 2011-ci ilin rəqəmlərinə müraciət edirlər: ticarət elçisi kimi çalışdığı 10 ildə şahzadə Andrew-in 76 xarici səfərinə Britaniya vergiödəyicilərin cibindən 4 milyon funt sterlinq pul xərclənib.

Qəzet xatırladır ki, hələ 2009-cu ildə Andrew-nün şəxsi çarter təyyarəsi ilə Bakıya üçgünlük səfərinə 60 min funt sterlinq xərcləməsindən yazı dərc olunmuşdu.

DOSTUNU GÖSTƏR, DEYİM KİMSƏN

“2011-ci ilin iyulunda şahzadənin Birləşmiş Krallığın ticarət elçisi vəzifəsindən istefaya məcbur edilməsinin səbəblərindən biri də onun Əliyevlə dostluğundan doğan narahatlıq idi” – qəzet yazır.

Digər səbəb onun cinsi təcavüzdə ittiham olunan ABŞ maliyyəçisi Jeffrey Epstein-lə dostluğu olmuşdu.

“Lakin belə çıxır ki, hersoq heç nəyə məhəl qoymadan işini davam etdirir”, - yazır qəzet.
Ötən gecə Britaniya hökuməti belə bir bəyanat verib: “ Hökumət bu şəxsi səfər barədə məlumatlı olub, lakin o, Britaniyanı təmsil etməyib. Əgər o, bunun əksini deyibsə, bu artıq Bukingem sarayının problemidir”.

Saray ötən ay Bakıda keçirilmiş Dünya İqtisadi Forumuna ikigünlük səfərin “şəxsi vəsait” hesabına maliyyələşdiyini deyib.

Daha sonra oxuyuruq ki, Bukingem bu səfərin və otel pullarının prezident Əliyev tərəfindən maliyyələşdirildiyi barədə ehtimallara aid sualı şərh etməkdən imtina edib.

HƏBSLƏR DALĞASINA TƏSADÜF EDƏN 6 XÖRƏKLİ MƏCLİS

Məqalədə bu da deyilir ki, 5 ulduzlu “Four Seasons” otelində 6 növ xörək verilən şam məclisində şahzadə Andrew Əlieyevin 24 yaşlı qızı Arzunun yanında oturub və bu, qızın anasından bir stul aralı imiş.

Amnesty International təşkilatının Azərbaycan üzrə eksperti Max Tucker deyib ki, Andrew-nün prezident Əlyevlə etdiyi bahalı şamı o qədər də münasib vaxta təsadüf etmir. Onun fikrincə, Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərinin astanasında ifadə azadlığı üzərinə hücumlar artıb.

“Biz York hersoqunu Əliyevi bu həbslər dalğasının dayandırlımasına çağırmağa səsləyirik”, - Max Tucker deyib.

Leyborist partiyasından millət vəkili Paul Flynn şahzadədən “nə üçün bu ikrah hissi doğuran, anti-demokratik, seçki saxtalaşdıran prezident Əliyevə baş çəkdiyini” sual etmişdi.

O demişdi: “Andrew-nün kral ailəsinə mənsubiyyətindən öz xalqına zülm edən mənfur liderin dəstəklənməsi üçün istifadə etməsi və Birləşmiş Krallığı təmsil etdiyini iddia etməsi qeyri-məqbuldur”.

BELƏ SƏFƏRLƏR BRİTANİYAYA MİLYONLARLA GƏLİR VERİR

Lakin Mühafizəkarlar Partiyasından başqa bir millət vəklili, parlamentin xarici işlər komitəsinnin üzvü Andrew Rosindell deyib ki, “Andrew heyrətamiz bir işlə məşğuldur. Bizə gələcəkdə lazım olacaq Azərbaycan və başqa yerlərlə münasibətlərimizin qurulması və qorunub saxlanması üçün kral ailəsinin bu üzvündən daha münasib bir şəxs yoxdur”.
Azərbaycanı dəstəkləyən başqa millət vəkilləri isə bildirirlər kİ, Birləşmiş Krallıq BP vasitəsilə Azərbaycanın ən böyük investorudur.

Bukingem sarayı da elə belə deyib: “Hersoq Britaniya biznesini dəstəkləməkdə davam edir – Azərbaycan BP-nin qlobal olaraq ən böyük investisiyasıdır”.

Saray əlavə edib ki, şahzadənin Azərbaycanda heç bir şəxsi maraqları yoxdur.

Şahzadəyə yaxın mənbələrdən biri isə qəzetə bildirib: “Çox təəssüf ki, Andrew belə xarici səfərlər etməklə Britaniyaya gətirdiyi mənfəət barədə heç vaxt danışmır. Belə səfərlər Britaniyaya milyonlar gətirir”.
XS
SM
MD
LG