Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:42

Cəmil Quliyev İTV-nin yeni baş direktorudur


Cəmil Quliyev
Cəmil Quliyev
-
MEDİA HÜQUQLARI İNSTİTUTU SEÇKİNİN ŞƏFFAF KEÇMƏDİYİNİ DEYİR

«İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkiləri əhəmiyyətli prosedur pozuntuları ilə tələm-tələsik və qeyri-şəffaf keçirilib».

Media Hüququ İnstitutunun aprelin 23-də yaydığı bəyanatda belə deyilir.

İnstitut hesab edir ki, bu seçkinin Milli TeleRadio Şurası tərəfindən ciddi müdaxilələrlə müşayiət olunması seçkinin ədalətliliyinə və İctimai Yayımın müstəqilliyinə kölgə salır:

«Namizədlərin rəsmi siyahısı cəmi 1 gün əvvəl, aprelin 22-də elan olunub. Namizədlərin özlərini tanıtması, öz məqsədlərini və planlarını açıqlaması, namizədlər barədə müzakirələrin aparılması üçün cəmi 1 gün vaxt verilib. Beləliklə nəinki cəmiyyətin, hətta onlar barədə səs verəcək Yayım Şurası üzvlərinin belə səs verəcəkləri şəxsləri tanıması üçün vaxt olmayıb. Baş Direktorun seçilməsi ilə bağlı Yayım Şurasının yığıncağı İTV-nin öz binasında, Yayım Şurasının ofisində yox, MTRŞ-nın ofisində MTRŞ sədrinin rəhbərliyi və müdaxiləsi altında keçirilib».

İnstitut hökuməti İctimai Yayım Xidmətinin müstəqilliyinə müdaxilələrdən çəkinməyə, belə müdaxilələrin nəticələrinin araqdan qaldırılması üçün gərəkli addımlar atmağa və Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələrini əməl etməyə çağırır.

«SEÇKİ ƏVVƏLCƏDƏN NECƏ PROQNOZLAŞDIRILMIŞDISA HƏMİN PROSES DƏ BAŞ VERDİ»

Bunu AzadlıqRadiosuna müsahibəsində İctimai Teleradio Şirkətinin baş direktor seçkilərinə qatılan namizədlərdən Nicat Qafuroğlu deyib:

«Mətbuat kimin adını yazırdısa, həmin adam da oldu. Gözlənilən idi. Seçkiyə gedəndə artıq nəticə ilə barışmışdıq, bu reallıqdır və bura haradır aydındır. Sadəcə namizədlərin arasında öz üstünlüyümü gördükdən sonra çox təəssüfləndim».

N. Qafuroğlu nəticə ilə barışdığını və heç yerə şikayət etməyəcəyini deyir:

«Mən heç Emin Hüseynova da məsləhət görməzdim ki, harasa şikayət etsin. Bu işlər faydasızdır. Mən təəssüfümü bildirib kənara dururam. Çünki başa düşürəm ki, bundan o yana nə isə etmək mümkün deyil. Bu səbəbdən də reallıqla barışıram. Bu tip seçkinin keçirilməsinə və orda itirdiyim vaxta təəssüf edirəm».

Nicat Qafuroğlunun sözlərinə görə, seçilməməsi ilə bağlı Yayım Şurasına verdiyi suala cavab kimi yaşının az olması göstərilib.

Emin Hüseynov
Emin Hüseynov
N. Qafuroğlu bir müddət İctimai Televiziyada işləyib. Hazırda özünün təsis etdiyi «Biz production» MMC-nin baş direktorudur.

NƏTİCƏLƏRDƏN NARAZI NAMİZƏD MƏHKƏMƏYƏ ÜZ TUTUR

Namizədlərdən Emin Hüseynov İctimai TeleRadio Şirkətinin baş direktorluğuna keçirilən seçkiləri legitim saymır.

AzadlıqRadiosuna müsahibəsində o, pozuntularla bağlı məhkəməyə müraciət edəcəyini deyib:

«Mən seçkinin nəticələrini legitim saymıram. Kobud pozuntularla müşayiət olunan proses idi, bunu heç seçki adlandırmağa da dilim gəlmir. Birincisi, namizədlərin elan olunmasından 12 saat keçməmişdi bu seçkini başladılar, namizəd kimi qeydə alınandan sonra cəmiyyətlə ünsiyyət üçün bir müddət vaxt verilməli idi. Nuşirəvan Məhərrəmli Yayım Şurası üzvlərinə irad tutmaq əvəzinə onlara göstərişlər verirdi. O, Cahangir Məmmədlinin sağında oturub, vəzir kimi məsləhətlər verirdi. Protokolu belə edin, iclası belə başlayın və s. Əslində Nuşirəvan Məhərrəmli pozuntuları qeydə alıb, sonda məruzə ilə çıxış etməli idi, amma düzəlişlər edirdi. Vəkillərlə məsləhətləşmələr aparıram, məhkəməyə və beynəlxalq qurumlara müraciət edəcəm».

Emin Hüseynov namizədlərin İctimai Yayımla bağlı hər hansı bir təkliflə də çıxış etmədiyini bildirir:

«Cəmil Quliyev dedi, mən gəlsəm mədəniyyəti gücləndirəcəm, Nicat Mustafayev dedi, seçkini udsa reklam gəlirlərini çoxaltmağa çalışacaq, Şamil Şəfiyev isə bildirdi ki, seçilsə İctimai TV-ni daha da yaxşılaşdıracaq. Mən elədim ki, İctimai Yayım prinsiplərinə ciddi əməl olunmadığı üçün seçilsəm bu məsələlərin hamısını qanunvericiliyə uyğunlaşdıracam».

İSMAYIL ÖMƏROVUN SEÇKİYƏ MÜNASİBƏTİ

İctimai Televiziya və Radio Yayımları Şurasının sabiq baş direktoru İsmayıl Ömərov AzadlıqRadiosuna seçki ilə bağlı qısa müsahibə verib.
İsmayıl Ömərov
İsmayıl Ömərov

- İsmayıl müəllim, İctimai Teleradio Şirkətinə seçkilərin nəticələri bəlli oldu, Cəmil Quliyev baş direktor seçildi, münasibətiniz necədir?

- Təbrik edirəm, kollektivə təqdim edəcəm. Nə olasıdır, lap yaxşı.

- Yeni baş direktor sizin işinizi davam etdirə biləcəkmi, nə fikirləşirsiniz?

- Qoy hələ gəlsin, təqdim edək, sonra danışacam.

- Bəs siz İctimai Teleradio Şirkətində qalacaqsınızmı?

- Xeyir.

- Hara gedəcəksiniz?

- Hələ müsahibə vermirəm...

İctimai Televiziya və Radio Yayımları Şirkətinin son 8 ildə baş direktoru İsmayıl Ömərov olub. İctimai Televiziya və Radio Yayımları Şirkəti 2005-ci ildən fəaliyyətə başlayıb. Dövlət büdcəsindən maliyyələşir.

CƏMİL QULİYEV YENİ BAŞ DİREKTOR SEÇİLDİ

Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şurasında İctimai Teleradionun baş direktoru vəzifəsinə seçkilərin nəticəsi bəlli olub. Seçkiyə qatılan 4 nəfər arasından Cəmil Quliyev baş direktor seçilib. Onun rəqibləri Şamil Şəfiyev, Nicat MustafayevEmin Hüseynov idi.

Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. Ümumittifaq Kinematoqrafiya İnstitutunda (Moskva) kinorejissorluq ixtisası üzrə təhsil alıb.

1984-cü ildən «Azərbaycan» kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, «Mozalan» satirik jurnalının bədii süjetlərinin müəllifidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir.

Azərbaycan Dövlət Film Fondunun direktoru, «Mədəniyyət» kanalının baş direktorudur.

2012-ci ildən yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibidir.
XS
SM
MD
LG