Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:05

Schwarzenberg «Ailə diktaturası» adlandırdığı Azərbaycan hakimiyyətindən üzr istəmək fikrində deyil


Karel Schwarzenberg
Karel Schwarzenberg
-

Çex Respublikasının Xarici İşlər naziri Karel Schwarzenberg bu yaxınlarda Azərbaycan hakimiyyətinə qarşı səsləndirdiyi tənqidi fikirlərinə görə üzr istəmək fikrində olmadığını deyib. Nazir Schwarzenberg çıxışında demişdi ki, “Əliyevlər hakimiyyəti uzun illərdir öz xalqını əzən qatı ailə diktaturasıdır”. O həmçinin əlavə edib ki, Qərb bu ölkədə insan haqları pozuntularına göz yummamalıdır.

Çexiyadakı pravo saytından görüntü.
Çexiyadakı pravo saytından görüntü.
Çex mediasının yazdığına görə Karel Schwarzenberg bildirir ki, Bakıdan bu sözlərinə görə üzr istəməsi barədə mesajlar alıb. Ona çatdırıblar ki, üzr istəməsə, çoxdandır gözlənən Bakı səfəri ümumiyyətlə baş tutmaya bilər.

Çex Respublikası Azərbaycanın xarici ticarətdə altıncı əsas tərəfdaşı hesab edilir. Bu ölkə özünün neft məhsullarına tələbatının 4-də birini Azərbaycandan alır.

Bakı isə cənab Schwarzenberg-in bu fikirlərini “Xarici İşlər naziri statusuna uyğun olmayan ifadələr” adlandırır. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirir ki, Çex nazirin sözləri onlarda təəccüb və anlaşılmazlıq doğurub:

- İki ölkə arasında əlaqələrin dinamikası artıb, prezidentlər səviyyəsində səfərlər mübadiləsi aparılıb, əməkdaşlıq genişdir. Belə bir münasibətlər fonunda bu cür əsassız və məsuliyyətdən uzaq ifadələrin səsləndirilməsi ikitərəfli münasibətlərimizin ruhuna uyğun deyil.
Elman Abdullayev
Elman Abdullayev

Azərbaycanın Bakıya səfər üçün Schwarzenberg-ə üzr istəmək şərti qoyması barədə suala cavabında Elman Abdullayev bunları deyir: “Hələ Azərbaycana qarşı əsassız fikirlərini səsləndirəndə Xarici İşlər Nazirliyi adından açıqlama verdik. Ordada da aydın şəkildə göstərdik ki, belə ifadələrin səsləndirilməsi birmənalı şəkildə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrdə mənfi şəkildə öz əksini tapıb.”

Karel Schwarzenbergin bu il martın 4-də “People in Need” təşkilatının Praqa keçirilən mükafatlandırma mərasimində Azərbaycanın ünvanına tənqidi fikirlər səsləndirmişdi. Azərbaycanlı hüquqşünas İntiqam Əliyevə mükafatın təqdim olunması mərasimində çıxış edən nazir demişdi:

- Əgər hansısa ölkədə neft və qaz varsa, beynəlxalq görüşlərdə, təşkilatlarda və s. yerlərdə gündəmdəki insan haqları məfhumu təhlükəsizlik anlayışı ilə əvəzlənir.

Biz başımızı quma salanda sabitlik təsəvvürü yaranır.

O cümlədən Azərbaycanda. Heç kəs orada insan haqlarını cəmiyyəti irəli aparacaq bir motor, məxsusi bir hərəkətverici qüvvə kimi görmür. (Çıxışın tam mətni burada)

Azərbaycanın Xarici İşlər nazirliyi də bu çıxışın iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığa xələl gətirə biləcəyini demişdi.
XS
SM
MD
LG