Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:48

Rüstəm İbrahimbəyov Milli Şura yaradılmasının sürətlənməsini istəyir


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
RÜSTƏM İBRAHİMBƏYOVUN YENİ MÜRACİƏTİ
Ziyalılar Forumunun həmsədri, kinorejissor Rüstəm İbrahimbəyovun yeni müraciəti yayılıb. “Turan” agentliyin yaydığı müraciətdə Rüstəm İbrahimbəyov siyasi partiya liderlərinə Milli Şurasının yaradılması prosesinin sürətləndirilməsini istəyir.

"REJİM DEMOKRATİYA OYUNUNA SON QOYUB“
Müraciətdə deyilir ki, bütün sivil dünyanı sarsıdan offşor qalmaqalı ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyəti daha da çətinləşdirdi. Əvvəllər heç vaxt bu qədər çox dövlət xadimi, siyasətçi, biznesmen maliyyə fırıldaqlarında ifşa olunmamışdı.

Bütün demokratik ölkələr üçün mütləq olan qanun qarşısında bərabərlik norması bütün məxfi hesab sahiblərinin üzərinə vəsaitlərinin mənbəyi və bu vəsaitləri necə yığması haqqında hesabat vermək öhdəliyi qoyur.

Azərbaycanda bu baş verməyib – rejim demokratiya oyununa son qoyub. Siyasi repressiya səviyyəsinin nəzərəçarpacaq dərəcədə artması da bunu təsdiq edir.

BİRLƏŞMƏ PROSESİNİ LƏNGİDƏN OBYEKTİV AMİLLƏR MÖVCUDDUR
İctimai-siyasi prosesin gələcək inkişafını proqnozlaşdırmağın çətin olduğunu deyən Rüstəm İbrahimbəyov bildirir ki, bu proses demokratik qüvvələrin birləşib-birləşməyəcəyindən çox asılıdır:

“Etiraf etmək lazımdır ki, birləşmə prosesini ləngidən obyektiv amillər mövcuddur. Bu, səbəblərdən biri ilk növbədə Milli Şuraya namizəd seçiminin dəqiq şəkildə əsaslandırılmış prinsiplərinin olmamasıdır. Bunun üçün zəruri olan meyarlar birgə müzakirələr zamanı müəyyən edilir ki, vaxt çatışmazlığı səbəbindən belə müzakirələr, demək olar ki, keçirilməyib”.
LIDERLƏRARASI İXTİLAFI ARADAN QALDIRMAQ ÜMİDİ
Rüstəm İbrahimbəyov aparıcı siyasi qüvvələrin liderlərinin maraqları arasında mümkün ixtilafı aradan qaldıracaqlarına və Milli Şuranın nəhayət ki, öz işinə başlayacağına ümid edir.

“Partiya və hərəkat liderləri başa düşməlidirlər ki, onların birləşmək qabiliyyəti cəmiyyətin ciddi islahatlara hazır olduğunu əks etdirir və bu, onların üzərinə tarixi məsuliyyət qoyur. Milli Şuranın işində mənim iştirakıma gəlincə, yalnız bir halda buna razılaşa bilərəm ki, ölkənin əsas demokratik qüvvələri qurumda kifayət qədər geniş təmsil edilsin və cəmiyyətin etibarını və hörmətini qazanmış şəxslər şuraya daxil olsun” deyə Rüstəm İbrahimbəyov bildirir.

Rüstəm İbrahimbəytov hesab edir ki, cəmiyyətdə qarşıdurmalar üçün ciddi əsaslar var və bütün demokratik qüvvələrin birləşdiyi Milli Şura mümkün qarşıdurmalardan yayınmağa imkan verərdi.

Əsas müxalifət partiyalarının əksəriyyəti belə şuranın yaradılmasına qarşı çıxmasa da hələlik proses başlamayıb. Yerli təhlilçilər daha çox müxalifət liderləri arasında ziddiyyətlərə görə bu Şuranın yaradılmasına başlamağın mümkün olmadığını deyirlər.

Hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri isə bildirirlər ki, belə Şuranın yaradılıb-yaradılmamasının Azərbaycanda siyasi proseslərə heç bir təsiri olmayacaq, çünki indiki hakimiyyətin cəmiyyətdə dayanqları çox güclüdür.
XS
SM
MD
LG