Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:50

Müdafiə tərəfi: «Gülər Əhmədovanı həbs etməklə sifarişi yerinə yetiriblər»


Gülər Əhmədova
Gülər Əhmədova
-
Həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın vəkili baş prokurora, Prezident Administrasiyasına, Milli Məclisə, daxili işlər, ədliyyə nazirliklərinə və başqa dövlət qurumlarına müraciət edib.

Müdafiə tərəfi bildirir ki, «Gülər Əhmədova əsassız həbsdə saxlanılır. İstintaq orqanı hər hansı istintaq hərəkəti aparmır».

Gülər Əhmədovanın vəkili Raqif Mustafayev hər 2 ittiham maddəsini qurama sayır:

«178-ci maddədə sübutlar yoxdur. 307-ci maddə ümumiyyətlə absurddur. Deyirlər ki, guya Gülər Əhmədova Sevinc Babayevanı qaçırdıb. Ancaq Sevinc Babayeva buranı sentyabrın 27-də tərk edib. Cinayət işi də başlayıb oktyabrın 5-də. Cinayət işinin başlanmasından, haqqında axtarış elanından onun özünün də xəbəri olmayıb. Gülər xanımı ittiham eləyirlər ki, cinayəti bilə-bilə onu qaçırtmısan. İttiham yoxdursa, Gülər xanım haradan biləydi ki, onun haqqında axtarış var. Cinayət işi, haqqında axtarış olsaydı, onu elə sərhəddə dərhal həbs edərdilər».

«SİFARİŞ GƏLİB Kİ, BUNU HƏBS ELƏYİN»

Vəkil deyir ki, istintaq orqanı məhkəməyə 178-ci maddə ilə bağlı ilkin sübut da təqdim etməyib:

«Elşad Abdullayev dindirilməli, onunla üzləşdirilməlidir. Video yolverilməz sübutdur. Heç olmasa, bu yolverilməz sübutu başqa bir sübutla təsdiqlədib versələr, yenə də bunların qanunsuz əməllərinə bir balaca don geyindirmək olar. Bunlar heç öz hərəkətlərinə don da geyindirməyiblər. Sadəcə, sifariş gəlib ki, bunu həbs eləyin, bunlar da elə sifarişi yerinə yetiriblər. Mən belə güman edirəm. Bu sifarişin də məqsədi nədir? Məqsəd – siyasi qalmaqalı yatırmaq olub. Biz də bunu qanunsuz hesab edirik, bu məsələni qabardır və danışırıq. Buna da əhəmiyyət verən yoxdur. Üç aydır ki, bu xanım orda həbsdədir, amma heç bir istintaq hərəkəti getmir.
Baş Prokurorluq
Baş Prokurorluq
Qanunsuz tutmusunuzsa, cinayət işinə xitam verin, buraxın. Yox, əsas varsa, onda sübutlarınızı ortaya qoyun».

Vəkil deyir ki, qanunsuz saydıqları həbslə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə də müraciət ediblər. İndi ordan cavab gözləyirlər.

PROKURORLUQ: «TAM VƏ OBYEKTİV İSTİNTAQ DAVAM ETDİRİLİR»

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov vəkillərin fikirlərini əsassız sayır:

«Gülər Əhmədovanın vəkilləri tərəfindən səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur. Bakı şəhər Prokurorluğunda aparılmış istintaqla Gülər Əhmədovanın etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və ağır cinayəti gizlətmə cinayətlərini törətməsi tam sübuta yetirilib. Kifayət qədər əsas olduğundan Gülər Əhmədova təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda qeyd edilən cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir».

«GÜLƏR ƏHMƏDOVA İCRAÇIDIR. TƏŞKİLATÇILAR BU DƏQİQƏ HÖKMRANLIQ EDİR»

Hüquqşünas Aslan İsmayılovun fikrincə, Gülər Əhmədovanın həbsi təşkilatçıların həbs olunmaması baxımından ədalətsiz sayıla bilər:
Aslan İsmayılov
Aslan İsmayılov
«Onun orada olması bu gün ədalətsiz sayıla bilər. Ona görə ki, Gülər Əhmədova, sadəcə, icraçıdır. Təşkilatçılar bu dəqiqə hökmranlıq edir, icraçı həbsdə yatır. Ədalətli araşdırma aparmaq istəyirlərsə, adamlar bəlli – hamısı ortadadır. Sadəcə, dindirmək lazımdır – Binəqədinin başçısını, Mərkəzi Seçki Komissiyasının sədrini. Bütün dindirmələr olmalıdır».

Deputat Zahid Oruc müdafiə tərəfinin Milli Məclisə müraciəti ilə bağlı deyir ki, onlar işlərini birbaşa istintaq qurumları ilə qurmalıdırlar:

«Azadlıq şəraitindəki kimi, hər gün efir məkanını tutmaqla, ölkənin vətəndaş yaşantısını sanki özünə tabe etdirməklə... onun vəziyyətində əlahiddə dəyişiklik baş verməyəcək».

Fevralın 13-də Səbail rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədova haqqında 3 aylıq həbs qərarı çıxarıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.
XS
SM
MD
LG