Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:03

"Babəki, Cavanşiri türkün qəhrəmanı saymağı Sovetlər uydurub" (Debat)


Hacı Həsənov (sağda) və Şahin Fazil
Hacı Həsənov (sağda) və Şahin Fazil
-

"Biz belə qəhrəmanları tarix səhnəsindən silsək, Azərbaycan xalqı qəhrəmansız qalar... Qaçaq Nəbini götürək, mənşəcə kürd olsa da, bizim qəhrəmandır.

Süleyman Rəhimov, Əli Vəliyev Azərbaycan yazıçısı deyillər? Onlar da millətcə kürddürlər".



Azərbaycana sırınmış qəhrəmanlar, tarixi şəxsiyyətlər varmı?

"Pen klub" proqramındakı debatda tarixçi Nəsib Nəsibli, Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov, tarixçi Şahin Fazil və Finlandiyada yaşayan araşdırmaçı yazar Güntay Gəncalp bu haqda fikirlərini bölüşdülər.


“Biz belə qəhrəmanları tarix səhnəsindən silsək, Azərbaycan xalqı qəhrəmansız qalar”

Şahnaz Bəylərqızı:

- Şahin bəy, sizcə, Azərbaycan tarixinə sırınanlar varmı? Bu haqda ilk dəfə söhbət açan tarixçi Nəsib Nəsiblinin söylədiyi kimi sovet dövründə Azərbaycan tarixinə sırınan Cavanşir, Fətəli xan kimi şəxsiyyətlərdən imtina zamanı çatıbmı? Yoxsa Azərbaycan tarixinin bir parçası kimi qalmalıdırlar?

Şahin Fazil:

- Bizim tarixi şəxsiyyətlərdən biri də Cavanşirdir. O, Sasanilərin son nümayəndəsi olub. Azərbaycan xalqının çoxlu qəhrəmanları var. Onlara o qədər alışmışıq, biz deyə bilmərik ki, filan qəhrəman azərbaycanlı deyil.

Ş.Bəylərqızı:

- O zaman sualı konkretləşdirək. Sizcə, Cavanşirin Azərbaycan tarixində rolu nədən ibarətdir?

Ş.Fazil:

- Biz onu qəhrəman saya bilərik. Onun yaşadığı mühit, yaşadığı məkan Azərbaycanla bağlıdır. Biz belə qəhrəmanları tarix səhnəsindən silsək, Azərbaycan xalqı qəhrəmansız qalar. Elə Babək özü uzun illər ərəblərə qarşı döyüşüb. Qaçaq Nəbini götürək, mənşəcə kürd olsa da, bizim qəhrəmandır. Süleyman Rəhimov, Əli Vəliyev Azərbaycan yazıçısı deyillər? Onlar da millətcə kürddürlər. (ardı aşağıda)

Şahin Fazil
Şahin Fazil


“Gəlin Cavanşirin köklərində sasanilik, mehranilik axtarmayaq”

Hacı Həsənov:

- Tariximizdə elə şəxslər var ki, onları bugünkü dəyərlər baxımından qiymətləndirmək, onların fəaliyyətini təftiş etmək və ya “onlar bizim qəhrəman deyil” deyib imtina etmək tələskənlik olardı. Cavanşirin yaşadığı dövr mürəkkəb dövrdür, Azərbaycan Albaniyasının bir neçə cəbhədən mübarizə aparmaq məcburiyyətində qaldığı dövrdür. Belə qarışıq dövrdə yaşamış Cavanşiri hansısa xətasına, meylinə görə indi təqsirləndirmək, ondan imtina etmək məncə, düz deyil. Bu baxımdan, mənim çox sevdiyim və hörmət etdiyim Nəsib bəyin fikriylə razı deyiləm. Cavanşir nə qədər səhvlərə yol versə də, tutaq ki, Bizansla yaxınlaşması, Dəməşqə gedib Müaviyənin qəbulunda olması, Xəzər Xaqanının qızı ilə evlənməsi səhv ola bilərdi. Amma məqsədi öz dövlətini qorumaq olubsa və buna cəhdlər edibsə, bu adam qəhrəmandır. Gəlin Cavanşirin köklərində sasanilik, mehranilik axtarıb harasa bağlamayaq. Bütün xalqlar, dövlətlər onun tarixində, bütövlüyünün qorunmasında az və ya çox rol oynamış adamı etnik və ya milli mənsubiyyətindən asılı olmadan özününkü sayır. Cavanşir Azərbaycan oğludur, Azərbaycan qəhrəmanı olaraq da qalmalıdır.

Nəsib Nəsibli: “Biz bu gün Nəriman Nərimanovun yolunu gedə bilərikmi?”

Nəsib Nəsibli:

- Bu məsələdə mən bir az fərqli düşünürəm. Baxın, bizim tarix konsepsiyası yad dövlətlər şəraitində formalaşıb. XX əsrin əvvəlində - milli intibah dövründə Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Rəsulzadə və digər fikir böyüklərimizin tarixi keçmişimiz haqqında hələ formalaşmamış konsepsiyası cızıldı. Təəssüflər olsun ki, Quzey Azərbaycan yenidən kommunist Rusiyasının müstəmləkəsi oldu və müstəmləkə şərtləri rəsmi tarix konsepsiyasının formalaşmasına birbaşa təsir etdi. Bu qəhrəmanlar bizə sırındı. Yəni həmin konsepsiya Rusiyanın burdakı siyasətinə uyğun gəlməliydi. Bu gün Azərbaycandakı rəsmi tarix konsepsiyasında da sual doğuracaq qəhrəmanlar var. Bugünkü vətəndaş soruşur: “Cavanşir, Fətəli xan ya da Mirzə Fətəli Axundov nəyə gərə qəhrəmandır?” Mən bir dəfə Milli Məclisdə çıxış edəndə dedim ki, sovet dövründə Fətəli xanı bizə sırıyırdılar, bunu başa düşürdük, bu gün niyə ikiəlli ondan yapışmısız?.. Uzun müddət biz cırmaqlaşa-cırmaqlaşa Nəriman Nərimanovu müdafiə edirdik. Nəriman Nərimanovun bədii yaradıcılığı, ictimai xadim kimi gördükləri bir yana qalsın. Onun yolunu bu gün biz qəbul edə, o yolla gedə bilərikmi? Deyəcəklər o, başqa dövr idi, indi başqa dövr. O dövrdə də alternativ var idi. Müstəqil Azərbaycan Cümhuriyyəti var idi. Bu gün artıq Nəriman Nərimanovun müdafiəçiləri azalıb. Bu gün Cavanşirlə bağlı sual qoymağa həvəssiz yanaşırıq. Amma meyarlar dəyişməlidir. Qərbdə bu gün tarixi şəxsiyyətlərə münasibət dəyişib, həmin adamı ilahiləşdirmədən konkret işinə qiymət verirlər, konkret filan işi müsbət idi deyə dəyərləndirirlər. 100 il öncə Əhməd bəy Ağaoğlu yazırdı: “Biz keçmişimizlə fəxr etməliyik, yoxsa suallar qoymalıyıq?..” Bu gün bizim müstəqil dövlətimizdə keçmiş xanların, padşahların mən demirəm şişirdilməsi, hətta ilahiləşdirilməsi gedir. Bu anormaldır.

“Onda Qarabağda dövlət qurmuş erməniləri, o məlikləri belə qəhrəmanlar siyahısına sala bilərik”

Ş.Bəylərqızı:

- Studiyamızın qonaqları Cavanşirdən danışarkən söylədilər ki, o, milli kimliyindən asılı olmadan Azərbaycanda dövlət qurub, onun uğrunda mübarizə aparıb və buna görə də tarixdə qalmalıdır.
Nəsib Nəsibli
Nəsib Nəsibli

N.Nəsibli:

- Şahin müəllim dedi ki, etnik kimliyin əhəmiyyəti yoxdur. Amma mən də soruşmaq istəyirəm, Sasani ailəsinin bir nümayəndəsinin bizim milli tarixə nə dəxli var? Bu gün biz onu milli qəhrəmanlar siyahısına salırıqsa və bu zaman yalnız coğrafi amili əsas götürürüksə, onda bağışlayın, Qarabağda dövlət qurmuş erməniləri, o məlikləri belə qəhrəmanlar siyahısına sala bilərik. Hacı bəy deyir ki, Cavanşir dövlət qurmuşdu və onu müdafiə etdi. Ola bilsin. Bir knyaz knyazlıq yaratmışdı, torpaqlarını genişləndirirdi. Başqa xidmətləri olmayıb axı. Mən bir dəfə demişdim, Şeyxəli xan dura-dura Rusiya işğalçılarını bura dəvət etmiş Fətəli xanı öyməyin heç yeri yoxdur. Biz deyirik ki, Atabəylər dövlətçiliyimizin rüşeymidir-filan. Böyük Səlcuqlu imperiyasını qoyub, onun dövlət adamlarını qoyub yerli hakimləri öyməyin anlamı yoxdur. Yəni azərbaycanlı yox, türklük mövqeyindən yanaşmaq gərəkdir.

“İş o yerə gəlib ki, Şah İsmayıl kimi əjdahanı süpürüb tarixin küllüyünə atmaq istəyirik”

Hacı Həsənov:

- Mən Nəsib bəyin fikirlərini qətiyyən qəbul etmirəm. Amma bircə şeylə razıyam, sovet dövründə bizə ideologiya baxımından yad tarix sırınıb. Nəsib bəyin Qarabağ məliklərini erməni məlikləri etməsi də doğru deyil. Bizim erməni dediyimiz məliklər Pyotra yazdıqları məktubda özlərini ağvan məlikləri adlandırırlar. Onların ermənilərə dəxli yoxdur. Səlcuqları öymək məsələsinə gələndə, təbii, türklük baxımından onlarla fəxr etmək olar. Biz Cavanşiri Sasani nümayəndəsi sayıb imtina etməyi düşünürüksə, Səlcuqlar Azərbaycana hardan gəlmişdilər? Məncə, bu yanaşma düz deyil. Fətəli xan haqda. O 1775-ci ildə rusları Dərbəndə dəvət etdi, Fətəli xan çıxılmaz vəziyyətdə idi. İş elə gətirdi ki, onun düşmənləri ilə Rusiyanın düşməni eyniydi. Mən demirəm, onun oğlu Şeyxəli xanı öyməyək, xeyr! Azərbaycan xanları içində işğalçılara qarşı ən çox mübarizə aparan Şeyxəli xan olub.

Ş.Bəylərqızı:

- Amma sıravi vətəndaş Şeyxəli xanı nə dərəcədə tanıyır?

H.Həsənov:

- Tədricən bu yöndə iş gedir. Şeyxəli xan üsyanı artıq dərsliklərə salınıb. Amma Fətəli xanın üstündən xətt çəkmək, tarixdən silmək olmaz. O heç zaman ilahiləşdirilməyib. sadəcə, deyilib ki, Azərbaycanın şimali-şərq torpaqlarını birləşdirmək baxımından xeyli iş görüb. Tariximizdə hamını qaralamağa çalışsaq onda bir nəfər də qalmayacaq. İş o yerə gəlib ki, Şah İsmayıl kimi əjdahanı süpürüb tarixin küllüyünə atmaq istəyirik.

Şahin Fazil:

- Əlimizdə olan qəhrəmanları tarixdən çıxarmaqla nə uduruq, nə uduzuruq? Fətəli xana gəlincə, Azərbaycanda o zaman nə qədər xanlıqlar vardı. Fətəli xan da şimali-şərq torpaqlarını birləşdirmək istəyirdi. Yəni bir yandan İran, Türkiyə, o yandan da Rusiya. Fətəli xan neyləməliydi? Kiçik xanlıq tam müstəqil siyasət yürüdə bilməzdi. Rusiya daha yaxın idi, irticaçı da olsa, o dövrdə ona yaxınlaşmaq sərf edirdi. Şeyxəli xan 30 ildən çox ruslara qarşı vuruşub, qorxu bilməz qəhrəman idi. O, atasından tam fərqliydi, atası kimi Azərbaycanın xilasını Rusiyada görmədi. Amma Fətəli xan xilası Rusiyada gördü, Nərimanov da eləcə. O deyirdi: “Azərbaycan xalqının əbədi xoşbəxtliyi Rusiyadadır”. Bizim Rusiya ilə münasibətlərimiz korlanmasaydı, bəlkə də Qarabağ əldən getməzdi. (ardı aşağıda)

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


TARİXÇİLƏRİN RUSİYA İLƏ BAĞLI MÜBAHİSƏSİ

Nəsib Nəsibli:

- Hacı bəy dedi ki, biz Fətəli xanı qabartmamışıq, şişirtməmişik. Amma...

H.Həsənov:

- Nəsib bəy, mən dedim ki, bütləşdirməmişik, ilahiləşdirməmişik.

N.Nəsibli:

- Bütləşdirmək nəyə deyirsiz, əzizim? Onun haqqında film çəkildi. Son illərdə qərar verildi ki, heykəli qoyulsun. Bu, bütləşdirmək deyilmi? Yalan-palan şeylər uydurdular ki, guya Azərbaycan Şurası yaratmışdı, Azərbaycanı birləşdirmək istəyirdi. Elə şey yox idi. Bu, sıradan bir hakim idi. Ona bu cür də yanaşmaq lazımdır, yalan-palan keyfiyyətlər əlavə etmək tarixi saxtalaşdırmaqdır. Şahin bəy, mənim müəllimim deyir ki, Rusiyaya o dövrdə yaxınlaşmaq daha doğru idi. Şahin bəy, məncə, bu əski konsepsiya dəyişməlidir. Yəni Azərbaycan xanlarının ya Osmanlıya, ya Qacarlara, ya da Rusiyaya yaxınlaşmaq məcburiyyəti haqda konsepsiya kökündən səhvdir. Əvvələn, Osmanlı bura heç bir həvəs göstərmirdi. Dəfələrlə bu xanlar onlara məktub yazıblar ki, sizin təbəəniz olmağa hazırıq. Osmanlı sədr-əzəmi cavab verir ki, Osmanlı artıq dişi çəkilmiş aslandır, heç nə gözləməyin.

H.Həsənov:

- Mən sizin dediyiniz sovet ideologiyası ştamplarından qaçmağın tərəfdarıyam. Nərimanovun “Azərbaycanın gələcəyi Rusiyadadır” tezisinin tamam səhv olması fikriylə razıyam. Nə onda, nə indi Rusiya Azərbaycana dost ola bilməzdi, onun istiqlalının düşməni idi.

Ş.Fazil:

- Hacı müəllim, Rusiya kimi qüdrətli dövlətin müqabilində Azərbaycan nə idi? Dəryada böyük balıqlar kiçik balıqları yeyir. Başqa cür ola bilməzdi. Kiçik dövlət harasa əyilməliydi.

H.Həsənov:

- Amma kiçik balıqlar bundan xoşbəxt deyildilər.

Güntay Gəncalp
Güntay Gəncalp


“O zaman söyləməlisiz ki, 1918-ci ildə gələn Nuru Paşa da işğalçı idi”

Güntay Gəncalp:

- Burda bir neçə dəfə dedilər ki, Osmanlı Azərbaycanı işğal edib. Nəyə görə, Səfəvi Azərbaycanı işğal etməmiş, Səlcuqlu işğal etməmiş, Eldəgizlər işğal etməmiş, Nadir şah işğal etməmiş, amma Osmanlını işğalçı sayırsız? Osmanlı bir türk dövlətidir, Azərbaycan da bir türk yurdudur. Rusiya da Azərbaycanı işğal edir, Osmanlı da? O zaman söyləməlisiz ki, 1918-ci ildə gələn Nuru Paşa da işğalçı idi... Hacı müəllim deyir ki, Səlcuqlar türk olub, bəs o zaman azərbaycanlılar kimdir? Azərbaycan bayrağındakı birinci rəng tarixi kimliyimizi və tarixə baxışımızı bəlli edir. Bizim tarixə yeni baxış gətirən Rəsulzadə olub. Rəsulzadə deyir ki, Babəki türkün qəhrəmanı saymağı sovet uydurub, eləcə də Cavanşiri. Tarixi sorğulamaq lazımdır, əks halda gerçəklər ortaya çıxmaz. Milli ideologiya yox, milli fəlsəfəmiz olmalıdır.

H.Həsənov:

- Güntay bəy, Səfəviləri işğalçı adlandırdı. Bilmirəm hansı meyardan çıxış etdi. Səfəvilər də, Nadir şah da azərbaycanlıydılar, burda öz torpaqlarında dövlətlərini qurdular. Nuru Paşaya qalanda, görün müstəqillik illərində onu haralara qaldırmışıq. Azərbaycan tarixinin bostanına o boyda qayanı diyirləmək lazım deyil. Bəli, nöqsanlar var, hələ əlimiz çatmayan məqamlar, qaynaqlar da var. Amma son illər Azərbaycan tarixinin ideoloji, yazılma səviyyəsi də yüksəlib. Nöqsan ola bilər. Demirəm ki, hansısa qəhrəmanı qaldırmayaq. Ancaq bu zaman Azərbaycan tarixində müsbət rolu olmuş adamı quyulamaq, torpağa gömmək lazım deyil... Bəzən nədənsə tarixçilərimiz Osmanlı saray tarixşünalığı mövqeyində durur, Azərbaycan mövqeyindən kənara çəkilirlər. Çox təəssüflər.

“Azərbaycan tarixinin ən böyük qüsuru odur ki, coğrafiyaya bağlanıb”

N.Nəsibli:

- Hacı müəllim son illər çap olunan kitablardan danışdı. Biz coğrafi məkanın tarixi ilə bağlı tədqiqatdan danışmırıq. Bizcə, konseptual yanaşma dəyişməlidir. Hər şeyi coğrafiyaya bağlayaraq izah etmək olmaz. Biz hardan gəlib hara getdiyimizi ortaya qoyacaq tarixçilik yaratmalıyıq. Bir də biz orta əsrlərdə baş verənləri süni şəkildə müasirləşdirmək təcrübəsini yaşadıq. Bu da sovetin sifarişidir. Güntay bəyin toxunduğu məqama gəlirəm. İstanbulu tutmaq Uzun Həsənin planında varıydı. Onda bugünkü Türk Cümhuriyyəti vətəndaşı desin ki, azərbaycanlı bir hökmdar buranı işğal etmək istəyirdi?.. Azərbaycan tarixinin ən böyük qüsuru odur ki, coğrafiyaya bağlanıb. Ancaq ümumtürk tarixinin bir bölməsi olsa, o zaman biz kim olduğumuzu anlayacağıq.

Ş.Fazil:

- Yeni konsepsiya hazırlanmalıdır, razıyam.

H.Həsənov:

- Yeni konsepsiya hazırdır. 3 cilddə çap olunmalıdır. Bu konsepsiyaya görə, Azərbaycan türk dövlətidir, burda yaşayanlar türklərdir, amma müxtəlif xalqların da yaşadığı yerdir. Azərbaycan dövlətininsə 5 min illik tarixi var...

DEBATI TAM İZLƏ
XS
SM
MD
LG