Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:18

Bakı, 1956-cı ilin 28 Mayı…


Əli Şamil
Əli Şamil
-
«Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan adamların adlarının əbədiləşdirilməsi bir yana, heç onlar xatırlanmır da…»

SOVET HÖKUMƏTİNDƏN FƏRQİMİZ NƏDİR?

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına alim və araşdırmaçı jurnalist Əli Şamil söylədi. Onun dediyinə görə, bu gerçək adamı nəinki narahat edir, hətta yandırır:

«Yaxşı, Sovet hökumətindən bugünkü günümüzün fərqi nədir?».

TƏSADÜF MƏNİ CAHİD HİLALOĞLUNUN İZİNƏ SALDI

Əli müəllimin hələ ötən əsrin 70-ci illərində tələbə həyatı yaşayarkən bu hadisə barədə məlumatı olub:

«O dövrdə adını çəkməsələr də, Azərbaycan Cümhuriyyətinin bayrağını Qız Qalasına sancan bir azərbaycanlı gəncdən xısın-xısın danışardılar. Bir də, onun haqqında 1991, ya 92-ci ildə «Azadlıq» qəzetində bir xəbər oxudum. Ağdamda avtomobil qəzasında öldüyü deyilirdi. Düzü, bunun da təsadüf olduğuna inanmadım. Qarışıq dövr olduğu üçün onun haqqında araşdırma da aparmadım. Aradan bir neçə il keçəndən sonra təsadüf məni Cahid Hilaloğlunun izinə saldı…».

1956-1988-Cİ İL ARASINDAKI DİSSİDENTLƏR SİYAHIYA ALINMALIYDI

1998-ci ildə Polşadakı KARTA cəmiyyəti dissidentlər barədə ensiklopediya hazırlayanda, Azərbaycan dissidentlərindən yazmağı Əli Şamildən xahiş edirlər:

«Bu işə Əzizə xanım da qoşuldu, Nəsib Nəsibli də, Cəmil Həsənli də. Həm mətbuatdan, həm xatirələrdən Azərbaycanda Sovet hakimiyyətinə qarşı çıxanların siyahısını tutmağa başladıq. 1920-ci il işğalından sonra başlayan etirazlardan xəbərdardım. İlk dəfə işğaldan bir ay sonra Gəncə üsyanı başlamışdı. «İttihad» partiyasının üzvlərinin tutulduğunu da bilirdim. Ondan sonra baş verənlərdən də xəbərim vardı. Amma KARTA təşkilatı şərt qoyurdu ki, 1956-cı ildən 1988-ci ilə kimi əhatə edək».

ŞƏXSİ HƏYATLARI DA PUÇ OLUB…

Verilişin digər qonağı Əzizə Şamil dissidentlərin həyatını araşdırarkən ürəksıxan məqamlarla üzləşdiklərini dedi:

«Tanış olduqca, gözlənilməz faktlarla qarşılaşdıq. Xalqın azadlığı, ölkənin müstəqilliyi, insan haqları uğrunda mübarizə aparan bu adamların şəxsi həyatları da puç olub. Onlar ailə-uşaq sahibi də ola bilməyiblər. O həbsxanadan-bu həbsxanaya düşdükcə, sağlamlıqlarını da itiriblər. Ancaq sınmayıb, ayaqda dura biliblər».

BAYRAQ ƏFSANƏSİ NECƏ BAŞLADI?

Bayraq əhvalatı barədə film çəkən jurnalist Asəf Quliyev həmin günün tarixçəsini belə danışdı:

«Cahid Hilaloğlu (1928-Ağdam doğumlu) ilə Çingiz Abdullayev (1929-Laçın doğumlu) 1947-ci ildə Teatr İnstitutuna daxil olublar. Sözləri, fikirləri uyğun gəlib. Müəllimləri Məhəmməd Biriyanın da onların dünyagörüşünün formalaşmasında rolu olub. 1948-ci ildə «İldırım» qrupu tutulanda, bu iki gənc də həbs olunur. Antisovet vərəqlər yayırmışlar. Çingiz 3 il iş alır, institutdan qovulur, Cahidə təhsilini davam etdirməyə icazə verirlər. Ağdamda doğulsa da, Cahidin əsli İran Azərbaycanındanmış. Hətta o, 1943-cü ildə Sovet qoşunlarına qoşulub İrana da gedibmiş…».

GƏNCLƏR NƏ İSTƏYİRDİ?

Əli Şamil də, Asəf Quliyev də gənclərin BMT-yə can atdıqlarını dedi:

«Onlar düşünürdülər ki, Azərbaycanın müstəqilliyinin bərpası üçün Birləşmiş Millətlər Təşkilatına müraciət etmək lazımdır. Ona görə də, 1956-cı ilin əvvəllərində İrana, Türkiyəyə, ordan Amerikaya getmək fikrinə düşürlər. Türkiyədə Çingiz Abdullayevin mühacirətdə olan yaxın qohumu vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin fəallarına qoşulmaq istəkləri də vardı. Bu vaxt qəzetdə Lerikdə--sərhəd xəttində mədəniyyət evinə müdir axtarıldığı barədə xəbər çıxır. Onlar ora işləməyə getmək fikrində olduqlarını ərizə ilə nazirliyə bildirirlər. Mədəniyyət Nazirliyi onların Lerikə işləməyə getmələrinə razı olur. Amma Çingiz Moskvada qeydiyyatda olduğundan bu iş ləngiyir. O, Moskvaya pasport qeydiyyatından çıxmağa gedir. Orada Arxangelskdən xarici ölkələrə işləyən yük gəmilərinə işçi axtarıldığını görüb Cahidə zəng vurur. Onu Moskvaya çağırır ki, birlikdə Arxangelskə gedib yük gəmilərində işə düzəlsinlər. Gəmi xarici ölkələrin birində olanda isə sahilə çıxıb bir daha geri dönməsinlər…».

ABŞ SƏFİRLİYİNDƏ GÖRÜŞ

Qonaqların fikrincə, Lerikə işləməyə getmək məsələsi baş tutmayanda, gənclər fərqli yollarla eyni məqsədə çatmaq uğrunda mübarizəyə başlayırlar:

«Cahid sənədlərini hazırlayıb Moskvaya yola düşənədək Çingiz orada amerikalı skripkaçı İsaak Sternin konsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır. Konsertdə İsaak Sternə gül təqdim edir və Amerika səfirliyinin telefonlarını öyrənir. Mayın 3-də Moskvadakı ABŞ səfirliyinin birinci katibi ilə görüşür. İkinci görüş mayın 8-də səfirliyin hərbi attaşesi ilə baş tutur. Ətraflı sorğu-sualdan sonra üçüncü görüş üçün vaxt və yer müəyyənləşdirilir. Lakin mayın 9-na təyin olunmuş görüş baş tutmur.
Asəf Quliyev, Əli Şamil və Əzizə Şamil
Asəf Quliyev, Əli Şamil və Əzizə Şamil
1956-cı ilin mayın 9-da xüsusi xidmət orqanlarının əməkdaşları Çingizi yaxalayır…».

XARİCƏ GETMƏK CƏHDİ HƏBSXANAYLA BİTİR

Qonaqların dediyinə görə, elə həmin gün onu DTK generalı Serov dindirir:

«Səhərisi gün Moskva şəhər məhkəməsi Çingiz Abdullayev RSFSR CM 19-58 maddənin I hissəsinin «a» bəndi ilə tüfeylilikdə--yəni işsiz gəzməkdə ittiham edilib həbsxanaya atılır. Çingiz ona verilən yalançı ittihamla razılaşmır. 1956-cı ilin oktyabrın 10-da ona təkrar hökm oxunur. Bu dəfə vətənə xəyanətdə suçlayıb RSFSR CM 58-10 maddəsinin I hissəsiylə şəxsi əmlakı müsadirə edilməklə 10 il azadlıqdan məhrumetmə və azadlığa çıxdıqdan sonra da 3 il siyasi fəaliyyətlə məşğul olmamaqla cəzalandırırlar. Beləliklə onların xaricə getmək cəhdi də baş tutmur».

Bakıda qalan Cahid Hilaloğlu bütün bunlardan xəbərsiz Çingizin artıq xaricə getdiyini düşünür:

«İstintaq materiallarında özü bunu etiraf edir. Ən maraqlısı budur ki, mayın 28-də onun Cümhuriyyət bayrağı ilə Qız Qalasının üstünə çıxması barədə istintaqda heç nə yoxdur. O, tək qaldığını etiraf edir və sonra nə qərar qəbul etdiyi barədə qeyd istintaq materiallarına salınmayıb!».

İNANILMAZ OLAY NECƏ BAŞ VERİB?

Qonaqlarımız bu inanılmaz olaya qədər gənclərin səssiz durmadığını, hadisələri diqqətlə izlədiklərini bildirir:

«1956-cı il martın 6-7-də C.Hilaloğlu və dostları Sovet ordusunun Tbilisi şəhərində onlarla qocanı, qadını, uşağı öldürməsini və həbsxanaya atmasını pisləyir. 7-8 ay sonra Sovet ordusu Macarıstanın müstəqilliyi uğrunda mübarizə aparanları qan içində boğur. Cahidgil bu qanlı qırğını da pisləyirlər. Nəhayət, 1956-cı ilin mayın 28-də Cahidgil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 38-ci ildönümü münasibəti ilə Cümhuriyyətin üçrəngli bayrağını Qız Qalasının üzərinə sancmağı qərarlaşdırırlar».

CAHİD CİHADA TƏK ÇIXIB?

Qonaqların fikrincə, bu qərarın icrası ilə bağlı xatirələrdə bir dolaşıqlıq, qeyri dəqiqlik var:

«Yekdil fikir odur ki, bayrağı Qız qalasının üzərinə qaldıran Cahid Hilaloğlu olub. Bəs bu plan harada, kimlərin iştirakı ilə hazırlanıb, necə həyata keçirilib? - sualına xatirələr tam aydınlıq gətirmir…».

BAYRAĞI TƏK QALDIRACAM!

Əli Şamilin fikrincə, Cahid bütün dostlarını qorumaq üçün onları özündən uzaqlaşdırıb:

«Deyir, sizin tutulmağınızı istəmirəm. Mən bayrağı qaldıracam, siz kənardan müşahidə edərsiniz. Qoy, mən tək tutulum. Siz qalıb bu işi davam etdirin. Bəxti də gətirir ki, vurub ordan salmırlar, tutub aparırlar. Qrupu tapmaq üçün DTK-da istintaq aparılır. Amma o heç kimi ələ vermir».

BAYRAQ ORADA AZ QALDI, YADDAŞLARDA ÇOX QALDI…

Asəf Quliyev filmi çəkərkən Cahidin həyat yoldaşı ilə söhbət etdiyini deyir:

«Cahid ona 40-a qədər cavanla Qız Qalasına qalxdığını söyləyib».

Əli Şamil bu fikirdədir ki, belə hadisələrdə tutulanların sayı hələ heç nə demir:

«Adətən silahdaşlar kənarda qala bilir. O dəstənin sayı bəlkə də 40 nəfərə çatıb. Ancaq tutulan bir nəfər olub. Adamlar sağ olmadığına görə, sayı dəqiqləşdirmək də mümkün olmur. Bayraq Qız Qalasının üstündə çox qalmayıb. Elə Cahidin özüylə bərabər bayrağı da aparıblar. Bayraq orada çox qalmadı, amma yaddaşlarda çox qaldı, yaddaşlarda…».

Asəf Quliyev
Asəf Quliyev
PALTO OĞRUSU…

Asəf Quliyev nə qədər gülməli olsa da, Cahidin oğurluqda ittiham olunaraq tutulduğunu bildirdi:

«1956-cı ilin məlum 28 mayından sonra Cahidi təqib etməyə başlayırlar. Elə həmin il Oktyabr inqilabının növbəti ildönümündə o, Opera Teatrında təşkil edilən bayram tədbirində içir (o dövrdə burada işləyirmiş) və başlayır antisovet təbliğatına— «özünü nalayiq aparmağa». Bu əhvalatdan sonra düşünürlər ki, Cahidi mütləq təcrid etmək lazımdır. «Palto oğrusu» planı işə düşür. Onu tuturlar və iki gündən sonra işi verirlər DTK-ya. İstintaq materiallarında Hilaloğlunun belə bir ifadəsinə rast gəldim. Cahid deyir ki, bəli, mən Sovet rejiminə nifrət edirəm. Bu quruluşda yaşamaq istəmirəm. Ona görə də, rejimə qarşı mübarizə aparıram».
Əli və Əzizə Şamilin araşdırmasından qısa xatırlatma:

«Cahid Hilaloğlu oğurluqda təqsirləndirilərək həbs edilir. Onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğatı və təşviqatında ittiham edirlər. İşinə Azərbaycan SSR Ali Məhkəməsi baxır və 10 il azadlıqdan məhrumetmə, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırır.

C. Hilaloğlu cəza müddətini Mordva MSSR-in Dubrovski islah-əmək düşərgəsində çəkir. Bura islah-əmək düşərgəsi adlandırılsa da əslində siyasi məhbuslar üçün nəzərdə tutulmuş qapalı həbsxana idi. Həbsxana şəraitinin ağırlığına, ona xüsusi nəzarətin olmasına baxmayaraq, ruhdan düşmür, ingilis, alman, fransız, ərəb, fars dillərini öyrənir…

10 il iş alan Çingiz Abdullayev həbsxanadan SSRİ Ali Məhkəməsinə, ədliyyə nazirliyinə ərizələr yollayır. RSFSR Ədliyyə naziri Boldırevə yazdığı məktubdan sonra qapalı şəraitdə Mordva MSSR Ali Məhkəməsi 1957-ci il 13 iyulunda yenidən onun işinə baxır və cəza müddəti 13.06.1957-ci ildən hesablanmaqla 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən məhrumetmə ilə cəzalandırılır. Cəza müddəti bir il də artırılır və Vladimir şəhərindəki xüsusi rejimli həbsxanaya, təkadamlıq kameraya göndərilir.

1963-cü ildə onu Mordva MSSR-dəki xüsusi-ciddi rejimli islah əmək düşərgəsinə qaytarırlar. Əqidəsindən dönməyəcəyini görüb 1964-cü ildə Serbiski adına Ümumittifaq Məhkəmə Tibbi Psixiatrik Ekspertiza İnstitutuna «müayinəyə» göndərirlər. Bu instituta Sovet cəza maşınının əsasını qoyan, DTK-nın ilk rəhbərlərindən F. E.Dzerjinskinin qızı M.F.Talse rəhbərlik edirdi. Onun başçılıq etdiyi komissiya 1956-cı ildə Çingiz Abdullayevə «anlaqlı» diaqnozu qoymuşdusa, bu dəfə «anlaqsız» hesab edir və SSRİ Daxili İşlər Nazirliyinin Yaroslavl vilayətinin Rıbinski şəhərindəki xüsusi tibbi psixi xəstəxanaya məcburi müalicəyə göndərir. Orada da Çingizin sakit oturmadığını görüb Sçov şəhərindəki xəstəxanaya yollayırlar. İki il yarımlıq «müalicə»dən sonra 1968-ci ilin iyulun 25-də Smolenski vilayətinin Sçov şəhər Xalq Məhkəməsinin qərarıyla Bakıya 1 nömrəli Maştağa Psixi Xəstəxanasına yollayırlar».


--1956-cı ilin iki səssiz qəhrəmanının sonu necə bitdi?

«İz»i buradan dinləyin.


XS
SM
MD
LG