Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:38

Fərid Hüseyn. Yatağa ithaf


Fərid Hüseyn
Fərid Hüseyn
-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçən yazarları "Oxu zalı"nda daha geniş təqdim edirik.


Fərid Hüseyn


Anlayıram

Babullaoğlunun və Sipehrinin bizə sevdirdiyi
Məsiağa Məhəmmədinin doğuluşuna

Siz insanları dəqiq görməkçün yox,
böyük görməkçün – böyütməkçün eynək taxırsız,
mən sizin gözlərinizi anlayıram.
Şərq əyninə Bağdad libası geyinib,
bombalar ölür, qəlpə-qəlpə olur uşaq cəsədlərində.
Mən sizin Şərqinizi anlayıram.
Bilirsiz, Sizin ömrünüzün yarısını yaşamamış,
əllərim əsir,
görünür, mənim əllərimi anlayan olmadı.
İndi bu titrək əllərlə, divi buraxıb,
nəfsimi salmışam şüşəyə.
Qanım gülaba dönür canımda
Bilrisiz, buynuzlu qoçun heyfi
qalmadı buynuzsuz qoçda.
Sonda tale oldu hər şey
Yazılanlar, soyutdu ürəkləri,
ona görə kağızda susdu sözlər,
Mənsə saitlərlə samitləri ayrı salmamaq üçün yazdım.
Yaş artıqca insan dünyaya qaytarır aldıqlarını,
Bal yeyəndə unuduruq arı vızıltısını.
“İnsan nankordu”, deyir KİTAB.
Siz ömrü süzüb bir əlli vurduz,
Vicdan şüşəniz əskilmədi amma,
mən bu doğruluğu anlayıram.


Yatağa ithaf

Hər dəfə mələfə qırışları
alın qırışları qədər dərinləşir.
Hər sevişmədən sonra qocalır sevgilər,
lazımsızlaşır.
Fahişələr qocalmış sevgilərinin
təqaüdünü alır bizdən.

Dünyada mənasız bir şey varmı
yataqda bütün bədənini sənə vermiş birinin
geyinərkən “baxma utanıram” deməsindən,
ya da sonda cinssizliyini hiss edəcək qədər süstlükdən?

Yatağacan biz sevgidən heykəl yapırıq,
yataqdasa Səddamın heykəli kimi aşırırıq,
sevginin yerinə, ehtiras gəlir “hakimiyyətə”.

Yataqlar heç nə öyrətmir,
ətir adı əzbərlədir sadəcə,
sevgi bəndəni dəyişdirmir,
özünə alışdırır hələlik.

Fani olanın “əbədi sevgi”
xülyasının qəbridir yataq,
ona görə ən böyük intiqamlar orda alınır.
XS
SM
MD
LG