Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:38

«2003-cü ildə təməli qoyulan münasibətin nəticəsi» [Video]


Aslan İsmayılov başına gələnlərdən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Aslan İsmayılov başına gələnlərdən danışdı

-
Daxili İşlər Nazirliyi vəkil Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) döyülməsini doğru saymır.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin dediyinə görə, vəkil hüququnu qoruduğu Rəşad Ramazanova BMCMİ-də guya işgəncə verilməsi barədə böhtan xarakterli məlumatlar yayıb, polisin cəmiyyətdəki nüfuzuna kölgə salmağa cəhd göstərib. İstintaq şöbəsi rəisinin müavini Canpolad Daanovun onu Baş İdarəyə dəvət etməsi də bununla bağlı olub:

«Söhbət zamanı Rəşad Ramazanovla bağlı yalan və böhtan xarakterli məlumatlar yaymasının yolverilməzliyi, adıçəkilən şəxsin öz izahatında idarədə hər hansı fiziki təzyiqə məruz qalmadığını qeyd etməsi vəkilin nəzərinə çatdırılıb».

Orxan Mansurzadənin dediyinə görə, vəkil polis əməkdaşlarını təxribata çəkməyə cəhd göstərsə də, əks tərəf özünü təmkinli aparıb.
Orxan Mansurzadə
Orxan Mansurzadə
DİN rəsmisinin fikrincə, Aslan İsmayılov ucuz sensasiya dalınca qaçmağa və bu yolla gündəmdə qalmağa çalışır.

ASLAN İSMAYILOV: «MƏN ÖLÜMDƏN QORXMURAM»

Vəkil Aslan İsmayılov nazirliyin mövqeyinə belə cavab verib:

«Daxili İşlər Nazirliyi deyir ki, Aslan İsmayılov böhtan atır, guya işçiləri təxribata çəkmək istəyib. Bunlar mübarizəni də kişi kimi apara bilmirlər. Mənə qarşı hörmətsizlik edənlər cəzalandırılanadək mübarizəmi davam etdirəcəyəm. Məni öldürə bilərlər. Mən onlar kimi ölümdən qorxmuram. Məni tutduğum yoldan döndərə bilməzlər».

ADİL İSMAYILOV: «ASLANIN YALAN DANIŞMADIĞINA İNANIRAM»

Vəkil Adil İsmayılov həmkarının yalan danışmadığına inanır. Üstəlik, istər vəkilə, istərsə də başqa vətəndaşa polis idarəsində əl qaldırılmasını, fiziki zor tətbiqini yolverilməz sayır:

«Aslan İsmayılov tanınan hüquqşünasdır. Hüquqlarını bilən adamdır. Neyləmək lazım olduğunu da, yəqin, gözəl bilir. Mən də xəbəri oxudum və belə bir hadisənin baş verməsinə təəssüflənirəm. Aslanın yalan danışmadığına inanıram. Aslan, yəqin, prokurorluğa müraciət edib. Onların da borcu dərhal tədbir görməkdir».

İqbal Ağazadə
İqbal Ağazadə
Aslan İsmayılov baş verənlərlə bağlı Bakı şəhər prokuroru Əziz Seyidovla görüşdüyünü, Nərimanov rayon Prokurorluğuna müraciət etdiyini və onlardan cavab gözlədiyini deyir.

İQBAL AĞAZADƏ: «BU MÜNASİBƏTİ ... QINAQLA QARŞILAMALIDIRLAR»

Vəkilin döyülməsi haqda deyilənlərə mayın 31-də parlament iclasında da toxunulub. Deputat İqbal Ağazadə hüquq-mühafizə orqanlarından vəkili döyənlərin cəzalandırılmasını tələb edib:

«Dünən Aslan İsmayılov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq döyülüb. Ona konkret tələblər irəli sürülüb. Müstəntiq heç adını da gizlətmir. Hüquqi dövlət deyiriksə, burada heyvanlara insani münasibət umuruqsa, nəhayət, Azərbaycan insanına bu insani münasibəti göstərəcək qurumlar olmalıdır. Bu qurumların özlərinə yaraşmaz münasibəti, nəhayətdə, parlament, eləcə də başqa dövlət qurumları tərəfindən qınaqla qarşılanmalıdır. Həmin adamlar məsuliyyətə cəlb olunmalıdır. Belə məsuliyyətsizlik cəmiyyətdə qarşıdurma və başıpozuqluq yaradır».

SİYAVUŞ NOVRUZOV: «ŞOU GÖSTƏRMƏKDƏN ÖTRÜ DÖYÜLMƏK FAKTORUNU ORTAYA ATIBLAR»
Siyavuş Novruzov
Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov vəkilin döyülməsi haqda məlumatı yalan adlandırıb. Onun fikrincə, məqsəd seçki ilində diqqət çəkməkdir:

«Sadəcə, bu adamlar şou göstərməkdən ötrü döyülmə faktorunu ortaya atıblar. Ola bilsin, kimisə hüquq-mühafizə orqanına dəvət ediblər. Burda hüququn pozuntusu nədən ibarətdir? Biri deyir, yasda məni döydülər, o biri deyir, toyda döydülər. Araşdıranda, görürsən əsası yoxdur. Məqsəd bu cür təxribatlar nəticəsində xarici qurumlara dəstək verməkdir».

ERKİN QƏDİRLİ: «BİABIRÇILIQDIR, SADƏCƏ»

Hüquqşünas Erkin Qədirli baş verənlərin ağlabatan açıqlamasının olmadığını söyləyir:

«Biabırçılıqdır, sadəcə. Bunun ağlabatan izahı yoxdur. Vəkilin fəaliyyəti qanunla ona verilən səlahiyyətlərdən və imtiyazlardan ibarətdir. Bunda heç bir hüquq orqanı vəkili əngəlləyə bilməz. Vəkillik statusu ona hörmətlə yanaşmağı tələb edir. Hüquq-mühafizə orqanları belə işə əl atırlarsa, bu, kobud qanun pozuntusudur. Bunun içində cinayət də ola bilər».

Erkin Qədirli
Erkin Qədirli
Erkin Qədirli deyir ki, belə kobud pozuntuya yol verən hüquq-mühafizə orqanı əməkdaşı cəzalandırılmalı və vəkildən üzr istənməlidir. Onun fikrincə, bu addımın atılmasını qanun və siyasi mədəniyyət tələb edir, ancaq təəssüf ki, bu mümkün deyil:

«2003-cü ildə – seçkinin ertəsi günü, müxalifət kobudcasına və amansızcasına meydanlarda döyüləndə gözlənti vardı ki, bəlkə yeni prezident polisi cəzalandıracaq. Əvəzində biz nə eşitdik? Prezident dedi ki, heç bir polis işçisi cəzalandırılmayacaq. Bu, əslində 2003-cü ildə təməli qoyulan münasibətin nəticəsidir».

Azərbaycanda tanınmış vəkil və ictimai fəal Aslan İsmayılov mayın 30-da Bakıda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyüldüyünü iddia edir.
XS
SM
MD
LG