Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:18

Seçkiöncəsi «milli maraq» inhisarı


Əli Həsənov
Əli Həsənov
-
«Müxalifət istənilən ölkəyə, xarici qüvvəyə hakimiyyət ehtiraslarından çıxış edərək yanaşır. Üzərilərinə milli maraqlara zidd öhdəliklər götürürlər, yenə də dəstək qazana bilmirlər».

Bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının iyunun 3-də keçirilən konfransında dilə gətirib.

Müxalifəti milli maraqlara qarşı çıxmaqda ittiham edən Əli Həsənov bildirib ki, iqtidarın Azərbaycan xalqının qarşısında böyük məsuliyyəti və öhdəlikləri var:

«Azərbaycan prezidentinin atdığı hər bir addım, dediyi hər bir söz milli maraqlarımızın, xalqımızın milli dəyərləri üzərində qurulub. Bu gün cənab prezident seçki təbliğatı ilə məşğul olmur. O, ölkəmizin milli maraqlarını qorumaqla məşğuldur. Müxalifət isə fəaliyyətini bu işə mane olmaq üzərində qurub. Əlbəttə, onlar buna nail ola bilməyəcəklər. Buna görə də biz tam haqlı olaraq deyirik ki, müxalifət milli maraqlardan uzaqlaşıb».

«ÖLKƏNİ BÜTÜN DÜNYADA BİABIR EDİRLƏR»

Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı fərqli düşünür. Onun fikrincə, ölkənin ikinci dəfə müstəqillik qazanmasında
Gözəl Bayramlı etiraz aksiyasında, 17 aprel 2011
Gözəl Bayramlı etiraz aksiyasında, 17 aprel 2011
Azərbaycan müxalifətinin böyük xidmətləri olub və hakimiyyət rəsmisinin bu cür çıxışı əks effekt yaradır:

«Hakimiyyət Azərbaycanın milli maraqlarına necə uyğun addım atır ki, öz addımları ilə ölkəni bütün dünyada biabır edirlər... İlham Əliyev korrupsioner lider kimi elan olunur. Sadəcə, hakimiyyəti o narahat edir ki, müxalifət Azərbaycanda avtoritar rejimin mahiyyətini bütün dünyaya çatdırır. Azərbaycan hakimiyyəti balanslı siyasət adı altında milli maraqlara zidd addımlar atır. Müxalifət olaraq biz Azərbaycanın Avroatlantika məkanına inteqrasiyasına, bütün qonşu dövlətlərlə normal münasibətlərinin olmasına tərəfdarıq».

«BƏLKƏ MİLLİ MARAQ ÖLKƏNİN MADDİ SƏRVƏTLƏRİNİN 3-4 NƏFƏRİN ƏLİNDƏ TOPLANMASIDIR?»

Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli Əli Həsənovun söylədiklərini Milli Şuranın elanından sonra hakimiyyətdə yaranmış narahatlığa bağlayır:
Cəmil Həsənli
Cəmil Həsənli
«Görün, kim kimə nə deyir? Milli maraqlar nədən ibarətdir? Bu gün Azərbaycanın milli marağı işğal olunmuş Azərbaycan torpaqlarından keçir. 20 ildə işğal altında olan 20 metr torpaq azad edilibsə, milli marağa bir xidmət budur. Edilməyibsə, hansı milli maraqdan söhbət gedə bilər? Bəlkə milli maraq Azərbaycanın maddi sərvətlərinin 3-4 nəfərin əlində toplanması və milyonlarla vətəndaşın məzlum vəziyyətinə salınmasıdır?».

«SANKİ HAMI SATQINDIR, BIR BUNLARDAN BAŞQA»

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, bu cür ittihamlar hakimiyyətin ideoloji mübarizəsinin tərkib hissəsinə çevrilib:

«Sanki bu ölkədə hamı satqındır, hamı milli maraqlara xəyanət edir, bir bu hökumətdən başqa. Belə çıxır ki, Azərbaycanı indiki korrupsiya və yoxsulluq bataqlığına salan da hər kəs ola bilər, amma hakimiyyət yox. Bu hakimiyyətin elə bir fəaliyyət dövrü yoxdur ki,
Ərəstun Oruclu
Ərəstun Oruclu
Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını məhdudlaşdırmaq istiqamətində iş göstərməsin. Təhsilə investisiyaların qoyulmaması, təhsil sisteminin korrupsiyaya uğraması, elmin, incəsənətin – hər bir sahənin marqinallaşdırılması və hakimiyyətin başında duran bir ailəyə xidmət göstərməsi... – budurmu milli maraqlara xidmət etmək?».

«BAŞA DÜŞMƏK LAZIMDIR»

Politoloq Vəfa Quluzadə iqtidar təmsilçisinin müxalifəti milli maraqlara xəyanətdə suçlamasını seçkiqabağı polemika elementi sayır:

«Seçkiqabağı hakimiyyət müxalifətin əleyhinə, müxalifət də hakimiyyətin əleyhinə ən şiddətli ittihamlar yağdırır. Prezidentlik uğrunda mübarizə apararkən, Bill Klintonu Sovet İttifaqının casusu adlandırırdılar. Klinton seçiləndən sonra bunların hamısı unuduldu.
Vəfa Quluzadə
Vəfa Quluzadə
Bu seçkiqabağı deyimlərin hamısını başa düşmək lazımdır. Hər seçkiöncəsi dönəm hakimiyyət uğrunda mübarizəni qızışdırır. Bu mübarizədə hər bir üsuldan istifadə olunur. Bu da sözlü polemikadır. Söz polemikasından da istifadə olunacaq».

Yeni Azərbaycan Partiyası iyunun 7-də 5-ci qurultayını keçirəcək. Qurultayda 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi təsdiqlənəcək.

YAP bildirir ki, keçirilmiş bütün konfranslarda 2013-cü ilin prezident seçkisində indiki prezident və YAP sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi tövsiyə edilib.
XS
SM
MD
LG