Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:20

Məhbus fəal İlkin Rüstəmzadə sanitar şöbədən kameraya qaytarıldı


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə
-

Bakı İstintaq Təcridxanasında saxlanan «Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadə sanitar şöbədən kameraya qaytarılıb.

Bu haqda Azadlıq Radiosuna İlkin Rüstəmzadənin vəkili Nemət Kərimli məlumat verib. Vəkil deyib ki, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin cərrahı onu müayinə edəndən sonra əməliyyata ehtiyac olmadığını bildirib:

«Onu da deyib ki, əgər bir həftə ərzində yara sağalmasa, məsələyə yenidən baxıla bilər. Ümid edək ki, cərrahi müdaxiləyə ehtiyac olmayacaq».

İyulun 10-da İlkin Rüstəmzadə ilə telefonla danışan bacısı Nərgiz Rüstəmzadə də AzadlıqRadiosuna qardaşının vəziyyətinin yaxşı olduğunu deyib:

«KAMERASININ DƏYİŞMƏSİ ÜÇÜN MÜRACİƏT EDƏCƏYİK»

«Cərrah İlkinin onurğa sütunundakı şişə müalicə yazıb. Müalicə müddətində şiş çəkilməsə, əməliyyat etmək lazım gələcək. Ümumilikdə yaxşı olduğunu dedi. Ancaq olduğu kameranın çox isti olduğunu bildirdi. Hazırda 3-cü mərtəbədədir. Deyir, bura günəş çox düşür. Yəqin ki, kamerasının dəyişməsi üçün müraciət edəcəyik».

Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, İlkin Rüstəmzadənin saxlanıldığı Bakı İstintaq Təcridxanası beynəlxalq standartlara cavab verən müəssisədir: «Məhkumların saxlanma şəraiti hamısında eynidir. Bütün kameralarda sərinkeş var».

İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə tutulub. Xuliqanlıqda ittiham olunan gənc fəal haqqında 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.
XS
SM
MD
LG