Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:43

Zakir Qaralov Şəkidə şikayətçiləri dinləyib


Zakir Qaralov Şəkidə
Zakir Qaralov Şəkidə
-
Saat 11-ə təyin olunsa da, şikayətçilərin çoxluğundan qəbul erkən başlayıb. Şəki şəhər Prokurorluğuna şikayətçi axını yollarda avtomobillərin hərəkətini də məhdudlaşdırıb. Buna görə, müxtəlif yerlərdə yol-patrul postları qurulub.

Öncə siyahıya yazılan 26 nəfərin şikayət və tələbləri dinlənib. İlk başda icazə verilsə də, narazı vətəndaşlarla polis arasında tez-tez mübahisə törəndiyindən media mənsubları qəbul otağından çıxarılıb. Şikayətlər, əsasən, məhkəmələrdəki ədalətsizlikdən, polis əməkdaşlarının zorakılığından və mülkiyyət çəkişmələrindən olub.

Polislər saat 12-dək prokurorluq binasının girişində xüsusi mühafizə qurublar. Şikayətə gələnlərin mobil telefonları və üzərilərindəki metal əşyalar müvəqqəti götürülüb. Çanta və bağlamalar daxil, vətəndaşlar detektorla yoxlanıblar.

ÖZÜNÜ YANDIRMAQ İSTƏDİ

Qəbulu gözləyən vətəndaşlarla polis və prokurorluğun əməkdaşları arasında dəfələrcə mübahisə yaranıb.
AzadlıqRadiosuna şikayətini bildirmək istəyən vətəndaş polis işçiləri və mülkigeyimlilər tərəfindən ərazidən uzaqlaşdırılıb və çəkilişə müdaxilələr olunub. Şikayətçi bir xanım prokurorluq binasında özünü yandırmağa cəhd göstərib. Polislər bu cəhdin qarşısını ala biliblər.

Qəbuldan gec xəbər tutduqlarını söyləyən xeyli sayda vətəndaş da baş prokurorla görüşmək istəyiblər.
Onların arasında nəzərdə tutulan 6 bölgədən başqa Ağdaş və Kürdəmir rayonlarından gələnlər də olub. Belə şikayətçilər qəbula buraxılmasalar da, onların məktub və ərizələri prokurorluq işçilərinə təqdim edilib.

Qəbul otağında vəziyyəti pisləşən bir qadına təcili yardım göstərilib.

Gündüz saat 1-də qəbul dayandırılıb. Baş prokurorla görüşə bilməyən vətəndaşlar prokurorluq binasının önündə onu xeyli gözləsələr də, sonradan polis tərəfindən uzaqlaşdırılıblar. Zakir Qaralov saat 13.30 radələrində Şəkinin icra başçısı ilə birgə ordan ayrılıb.
XS
SM
MD
LG