Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:02

Dilqəm Əhməd "Bayraq meydanı" (Hekayə)


Dilqəm Əhməd
Dilqəm Əhməd
-

Gecə saat on ikidir. Üç uşaq şəhərin gurultulu gecəsində səndələyə-səndələyə, arada ona-buna söz ataraq, fit çala-çala irəliləyir. Şəhərin gözqamaşdırıcı reklam lövhələri, maşınların susmaq bilməyən zili, uca göydələnlərin heybəti, qarışqa kimi qaynaşan insanların olduğu bir yerdə bu üç uşaq kimsənin diqqətini çəkmirdi. Uşaqlardan biri qəribə şəkildə siqaretin tüstüsünü havaya üfürür, digəri “Redbull” içə-içə aramsız gəyirir, üçüncüsü isə qulaqcıqda meyxanaya qulaq asaraq qəribə əl-ayaq hərəkətləri edirdi. Onlar kimsənin marağında olmadıqları kimi, heç kimə də baxmırdılar.
Şəhərin gecələri həmişə belə olur. Minlərlə insanı iki-üç, bəzən də beş-altı qrupa bölüb küçələrə tökürlər. Uşaqlı-böyüklü hesablansa, bu şəhərdə milyonlarla insan yaşayır. Bir-birindən xəbərsiz minlərlə ailə, uşaq, gənc, evlərə qapanmış qocalar yaşamlarını davam etdirirlər. Hələ bu sıraya çölə çıxmalarına imkanları olmayan əlil insanlar aid deyil. Onlar nəinki şəhərin gecəsinin gözəlliyindən, ümumiyyətlə yaşamın şövqündən, ehtirasından məhrum olublar. Şəhərdəki bu minlərlə insan bəzən hamısının mənafeyinə xidmət edəcək bir hadisəyə qoşulmaq lazım gəlindiyində əsla görsənməzlər. Elə bilərsən ki yerli-dibli bu insanlar olmayıblar. Hər kəs etinasız, hər kəs duyğusuz, hər kəs sayğısız bir biçimdə yaşamlarını sürdürür.
Məhz belə bir şəhərdə, üç uşaq həyatın gərdişini söyə-söyə, talelərinə yazılmış qara yazını pozmağın yollarını düşünərək zavallı, miskin insanlar arasında yaşam mübarizəsi aparmağı qarşılarına məqsəd qoyub irəliləyirdilər.
Şəhərin hələ sökülüb, göydələn tikilməyən kənar səmtində, köhnə bir evin qarşısında dayandılar. Siqaret kötüyünü Redbull qabının içinə atıb, qabı havaya fırladaraq ardınca təpik vurduqdan sonra kimsəsiz evə daxil oldular.
Ev nə qədər köhnə, uçuq-sökük də olsa, ətrafdan iylənmiş cəmdək iyi də gəlsə, hər tərəfini toz basıb divarları qorxunc görsənsə də, onlar üçün müqəddəs idi. Çünki burada tanış olmuşdular. O zamandan iki il keçmişdi. Bu iki ildə hər biri digərinin həyatını nöqtəsinə qədər əzbərləmiş, bir-birilərinin bütün sirlərini öyrənmişdilər. Uzun gecələrdə təkrar-təkrar bir-birilərinin həyat hekayələrini dinləyərək yalnız olmadıqlarına şükür edib təsəlli tapmışdılar.
Evin birinci sakini Rəşad idi. Rəşad doğulanda anası qanitirmədən ölmüş, dörd il sonra isə atası yol qəzasında dünyasını dəyişmişdi. Onu internata verəndə cəmi dörd yaşı var idi.
İki heybətli adamın onu, əllərindən tutaraq, çopur üzlü internat müdirinə təhvil verdiyi günü xəyal kimi xatırlayırdı. Hamının ortaq anası olan tərbiyəçi həmin gün ağladığına görə hələ bərkiməmiş üzünə möhkəm şillə vurmuş, axşam yeməyindən məhrum etmişdi. Axşamları-divara söykənib ağlamaqla, böyüyüb buradan qaçacağı günə ümid edərək keçən on ildən sonra bu ümidi həyata keçmiş, divarların ötəsində, bambaşqa, hər gün yuxularına girən sevinclə dolu, amma əzablı bir həyata qovuşmuşdu.
Gecə saat üçə qalırdı. Rəşad ötən bu on il ərzində ilk dəfə idi ki ağlamamışdı. Sakitcə yerindən qalxıb illərdir ona öz soyuqluğu ilə yoldaşlıq edən divarı öpmüş, ondan “halallıq alaraq” internatın həyətinə çıxmışdı. Əllərini havaya qaldırıb dərin bir nəfəs aldıqdan sonra həyatla onları ayıran sərhədin-divarın qarşısına gəlmişdi. Cəld bir həmlə ilə divarı aşıb, bacardığı qədər, var qüvvəsi ilə qaçmağa başlamışdı. Küçənin sülək bir iti də hürərək arxasınca götürülür. İtin qorxusundan daha sürətlə qaçan Rəşad nəhayət itdən və internatdan uzaq, şəhərin ucqar bir yerində uçuq sökük bir evə çatıb gecəni burda keçirmişdi. Səksəkə içində bir az yatdıqdan sonra taqqıltı səsinə oyanıb, gözünü açdığında, kənarda təxminən onunla eyni yaşda, saçları dağınıq, üzündə maşın yağının ləkəsi olan bir uşaq görmüşdü.
Bu Eldar idi.
Eldarın anası valideynlərinin zorakılığı nəticəsində ailə həyatı qurmağa məcbur edilmiş, Eldar doğulandan iki il sonra isə ailə dağılmışdı. Qadın da ata evinə dönəsi olmamış, köhnə, daxma kimi bir evdə kirayə qalaraq Eldarı böyütməyə başlamışdı. Əsasən tikintidə işləyən fəhlələrin nahar elədikləri kafedə xadimə işləyərək güc-bəla çörək pulunu qazanırdı. Bir gün axşam, iş vaxtı sona çatdıqdan sonra kafenin qırmızı burunlu, piy basmış göbəyi ilə birlikdə, “iki adamı bir-birinin içərisinə yerləşdirmiş” formada olan müdiri tərəfindən zorlanmış, sonra da özünü metroda qatarın altına atmışdı. Anası intihar edəndə Eldar on dörd yaşında olsa da, ancaq məktəbə qoyulmamışdı. Anasını kimin necə dəfn etməsindən də xəbəri olmadı. Ölən qadının övladı olduğu da kimsəni maraqlandırmadı. Bircə ev yiyəsindən başqa. Sonuncu gəlişində, Eldara artıq orada yaşaya bilməyəcəyini deyib, küçəyə atmışdı. Eldar anasının yoxluğuna ağlaya-ağlaya, bir neçə gün küçələrdə veylləndikdən sonra bu uçuq evə gəlmiş, Rəşada müsafir olmuşdu.
İskəndərin həyatı isə daha faciəli idi.
Atası narkotik alveri üstündə tutulduqdan sonra, xəstə anası da tezliklə vəfat etmiş, heç bir qohumu sahib durmamışdı. Məktəbdə “nəşəxorun uşağı” damğası vurulduqdan sonra hamıdan qaçaraq bu uçuq evə sığınmışdı.
Axşamları bu uçuq ev köhnə xatirələrlə təzələnir, küçədən əvvəlki həyatlarını unutmamaları üçün təkrar-təkrar bir-birilərinə danışırdılar. Ona görə yox ki o xatirələr yaxşı idi, ona görə ki küçələrdən başqa bir yaşamın olduğunu bilirdilər və bir gün, yenidən elə bir yaşama qovuşacaqlarının ümidi ilə yaşayırdılar.
“Küçə qanunları” amansız olur. Siqaretə dadanmaq, kirli halda həyat sürmək, aclıq, xəstəlik, küçə leksikonuna yiyələnmək, təhqirlərə məruz qalmaq, polis bölmələrində gecələmək kimi müxtəlif cür problemləri sahiblənirsən. Küçələrdə rəqabət amansız olur. Yüzlərlə kimsəsiz uşaq şəhərin ucalan göydələnləri arasında kiçilib, əzilib yox olurlar.
Rəşad, Eldar və İskəndərin bu uçuq evə birgə sığınması da əzilib yox olmağa qarşı dirəniş idi.
Dekabrın son günləri idi. Bakı yeni ilə hazırlaşırdı. Şəhərdəki hündür binalar kimi, Milli Parkda düzəldilən yolkaların da hündürlüyü artırdı. Kimsə fərqində deyildi ki, bir zamanlar uzaqdan gözəl mənzərə kimi görsənən dəniz, artıq uzaqdan görünmür. Hava aşırı dərəcədə soyuq idi, şəhər sakinləri qış paltarına çoxdan keçmişdilər. Hər kəsin paltoya büründüyü bir vaxtda cırıq, qollarına yağ ləkələri hopmuş sviterlər geyinən üç uşaq maraqla üzəri bəzədilən yolka ağacına baxırdı.
-Eldar, eşitmisən deyirlər İsa peyğəmbər bu ağacın altında doğulub?
- İsa peyğəmbər kimdir?
- Vadim yoxdur? Keçən həftə döyülən uşaq. Onların inandığı peyğəmbər. Hətta deyirdi ki, İsa doğulanda atasız doğulub, yəni atası yox imiş...
-Atasız da uşaq olar?...
-Olanda olur da, guya bizim atamız var...
-Bizimki ayrı o ayrı...
-Yeni bayraq meydanını görmüsüz? Deyir, dünyada ən hündür bayraqdır...
-Hər halda bizim evdən hündürdür...
Üçü də gülümsədi. Ləpədöyənin qarşısında yerə əyləşib birlikdə bayrağa doğru baxmağa başladılar.
-İskəndər, sən məktəbə getmisən bir neçə il, bayraqdakı rənglərin mənasını bilirsən? - Rəşad internatda adı olan, lakin özü olmayan məktəb günlərini xatırlayaraq fikirli-fikirli soruşdu.
-Yadıma gəlmir, amma mən bu bayraq meydanı tikiləndə özüm həqiqi mənasını tapmışam. Baxın, mavi rəng səma rəngindədir, bizim kimi küçələrdə yaşayanların hər gün başı üstündə görsənən səmanı, qırmızı bizim indiyədək bulvarda girə bilmədiyimiz çay evlərindəki qırmızı burunlu, hər dəfə güləndə sifətləri qıpqırmızı olan şəhər adamlarını, yaşıl isə... onu hələ tapmamışam, amma mütləq tapacam...
İskəndər siqaretin kötüyünü dənizə tullayaraq, onun dalğada necə hərəkət edəcəyinə gözlərini zillədi.
-Hava yaman soyuqdur. Gecə donacıq, axşama yemək olacaqmı?-Eldar qayğılı şəkildə soruşdu.
- Müəllim söz verib, axşama yemək gətirəcək.-Rəşad cavab verdi.
-Onda , axşama az qalıb, evə gedək.
Evə çatanda müəllimin evdə onları gözlədiyini gördülər.
“Müəllim” dedikləri gənc oğlanın iyirmi altı yaşı var idi. İlk dəfə İskəndər tanış olmuşdu. “Nərimanov” metrosunun qarşısında tıxac vaxtı bahalı bir maşına yaxınlaşaraq, təkərini qaraltmaq istəyən İskəndəri maşının sürücüsü əli ilə itələmiş, başı yerə dəyərək qanamışdı. Uşağın yerə yıxıldığını görən “müəllim” cəld ona doğru qaçmış, üz-gözünü təmizləyərək harada qaldığını soruşmuşdu. İskəndər “müəllim”i uçuq evə aparmış, Eldar və Rəşadla da tanış edərək xeyli söhbət etmişdilər. “Müəllim”, daha doğrusu, əsl adı Saleh olan bu gənc küçə uşaqlarının müəyyənləşdirilməsi, onlara reabilitasiya xidməti göstərən Qeyri Hökumət Təşkilatlarının birində çalışan sosial işçi idi. Bir layihə çərçivəsində, əsasən “Nərimanov” metrosunun qarşısında olan uşaqların müəyyənləşdirilməsi üçün onları izləyirdi. İskəndərin küçədə yaşadığını bilirdi. Təsadüfən tanışlıq bu cür olmuşdu.
Yeni il ərəfəsi olduğu üçün, Saleh onlara bu dəfə daha zəngin süfrə açmışdı. Ev yeməklərindən ötrü burunlarının ucu göynəyən uşaqlar dərhal yeməyə başladılar. Saleh də onlarla bərabər yeyir, arada rabitəsiz cümlələrlə söhbət edirdilər. Nəhayət, yemək bitdi. Yemək bitdikdən sonra, adətləri üzrə əllərini siqaret qutusuna atmaq istəyirdilər ki, Saleh ənənəvi öyüdlərinə başladı.
-Müəllim, onsuz da bunların bizə bir xeyri olmayacaq. Siz bilmirsiz, siqaret bizə nələri unutdurur...
Birimiz xatırlamadığı valideynini, birimiz özünü qatarın altına atan anasını, digərimiz xəstə ölən anasını yaddan çıxarmaq üçün, elə bu cür yaşamağımızı unutmaq üçün çəkirik. Siqaretin “başını burax”, müəllim... Doğurdan İsanın atası olmayıb?
Müəllim ani gələn sualdan duruxdu.
-Hansı İsanın?
-Peyğəmbərin...
-Həəə, o hardan ağlınıza gəlib?
-Vadim var, o danışmışdı bizə, qoca nənəsi ilə yaşayır, nənəsi hər bazar kilsəyə gedəndə onu da aparır.
-Vadim düz deyir, uşaqlar, İsanın atası olmayıb, onu anasının bətninə Allah öz ruhundan üfürüb.
-Allahın ruhu? Allahın da ruhu var?
-Var... – müəllim düşüncəli şəkildə dedi. Nəysə, belə məsələləri sonra danışarıq. Deyin görüm yeni ildə nə edəcəksiniz?
Müəllimin bu sualı cavabsız qaldı...
Eldarı hələ də İsanın atası düşündürürdü. Axır ki yekun qərarını verdi:
-Mən tapdım, müəllim, İsanın atası Allah olmayıb. İsanın atası da İsa uşaq olanda atıb onları. İsa da bizim kimi kimsəsiz olub...
Müəllim başını aşağı saldı. Ani sükutdan sonra dilləndi:
- Yaxşı, bu mövzunu bağlayaq. Yeni ildə nə edəcəksiniz?-deyə bayaq cavabsız qalmış sualını təkrarladı.
-Keçən il, ondan qabaqkı il nə etmişiksə onu. Başqa nə edəsiyik ki, bütün gecəni avara-avara bulvarda gəzəcəyik.
-Onda gəlin belə edək. Mən də sizə qoşulacam bu il. Yaxşımı?
Uşaqlar sevincək bir-birilərinə baxdılar.
-Biz razı.
Dekabr ayının 31-i, gecə saat 12-nin yarısı idi. Üç uşaq və yanlarındakı müəllim bayraq meydanına baxaraq dərin fikrə getmişdilər. Nəhayət İskəndər sükutu pozdu:
-Tapdım, yaşıl rəng atasız İsanın altında doğulduğu yolkanın rəmzi olsun!
Uşaqlar gözləri ilə yekdilliklə razı olduqlarını bildirdilər. Müəllim isə heç nə anlamamışdı. İskəndər bayrağa verdiyi mənanı izah edəndə xəfif bir şəkildə gülümsədi, sonra ağır-ağır anlatmağa başladı:
-Gördüyünüz mavi rəng mənsubu olduğumuz milləti ifadə edir.
-Bizi də mi? - Rəşad qeyri-ixtiyari soruşdu.
-Əlbəttə, bu ölkədə kim yaşayırsa, hamısını. Qırmızı bizim müasir adamlar, Avropaya meylli adamlar olduğumuzu göstərir.
Uşaqlar bir müəllimin ağzından çıxan müasir və Avropa sözlərinə, bir də üzərlərindən yağan cındır geyimlərə baxdılar. Eldar dilləndi:
-Biz Avropanın deyil, küçələrin adamlarıyıq...
Müəllim köks ötürərək davam etdi:
-Yaşıl isə, müsəlman olduğumuzu göstərir. İslam dininin simvoludur. Sən İsanın yolkası dedin, İsa da elə bizim peyğəmbərlərdən sayılır.
-Müəllim, bu bayrağın yaşılının Vadimə heç dəxli yoxdur, Vadim üçün elə İsanın yolkası kimi qalsa yaxşıdır.
Saleh uzaqdan işıqları bərq vuran bayraq meydanına və yanındakı üç uşağa baxaraq dərin fikrə getdi. Sonra uşaqlara tərəf çevrilərək dedi:
- Uşaqlar, bu gün sizinlə müəllim kimi yox, bir dost kimi danışacam. Bilirsiz, o bayraq meydanı niyə uzaqdadır? Biz bəzi əşyaları cansız hesab etsək də, belə deyil. Əşyaların da ruhu, düşüncəsi olur bəzən, əlbəttə, bizim duyduqlarımız kimi yox. Əşyalar təbiətin bir parçasıdır. Təbiət isə bütün canlılar da daxil olmaqla vahid orqanizmdir. Təbiətdə ahəng hökm sürür. Bəzən insanlar bu ahəngə qarşı çıxdıqlarında təbiətin cansız əşyaları da insanları cəzalandıra bilir. O bayraq ona görə uzaqdadır ki, sizlər kimi küçələrə möhtac qalan uşaqları yaxından görmək istəmir. Bayrağın da utandığı zamanlar olur, ac-səfil yaşayanların, haqsız həbs olunanların olduğu bir ölkədə ən uca bayraq olmaqdan utanır. İnsanların olmasa da, o bayrağın ürəyi var, o bayrağın etiraz edə bilmə hissi var. Necə ki cəmi bir gün sonra etiraz edərək, haqsızlığa dözməyərək özünə zərər yetirdi. O bayraq ölkədə uşaqları xoşbəxt gördüyü zaman şövqlə ucalmaq, dalğalanmaq istəyir. Bir gün gələcək, o bayraq dirəyinin deyil, azad insanlarının ucalığı ilə öyünəcəkdir. Biz onu mütləq görəcəyik...
Saat 12 tamam olmuşdu. Saat qülləsinin altında qurulan səhnədə müğənnilər Bakı-Şuşa istiqaməti üzrə mahnılar oxuyurdular.

06. 2011
XS
SM
MD
LG