Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:21

Dilqəm Əhməd "İmtina" (Romandan parça)


Dilqəm Əhməd
Dilqəm Əhməd
-

“İmtina” romanından bir hissə

Bir gün “Azadlar” parkından ötərkən Bəkiri gördüm. Əvvəlcə “odurmu?” sualı ilə bir qədər diqqətlə baxdım. Axşam vaxtı hər kəsin dostları ilə, ailəsi ilə istirahət etdiyi bir vaxtda yalnız başına oturub düşünən Bəkir Əhməddən başqası olmayacaqdı ki?
Yaxınlaşaraq çiynindən tutdum:
- Bəkir?
Başını yavaşca qaldırdı, yorğun gözlərini sifət cizgilərimdə qarışqa kimi gəzdirərək ürpənməyimə səbəb oldu. Nəhayət, dilləndi:
- Sən, Sərdarsan, tanıdım səni, dost. Gözlərindən tanıdım.
Qalxaraq qucaqladı məni, ardınca ağlamağa başladı. Ağlamağının səbəbi yəqin ki, mən deyildim, mən olmasaydım da, görünür ağlayacaqdı. Mənim gəlməyim zamanın sürətlənməsinə səbəb oldu.
- Necəsən, Bəkir? Gəldiyimdən şəhəri, insanları izləyirəm. Bakı da dəyişilib, insanlar da. Bir tək sən dəyişilməyibsən. Yadındadır, sonuncu dəfə mən qaçanda zəng etmişdin. Tənha əyləşdiyindən, əminəm ki, yenə də kədər içindəsən.
- Elədir dost, haqlısan, şəhər dəyişildi, artıq şəhər tikilib başa çatıb. İnsanlar daha qara paltar geyinmir. Amma düşünürəm, bunlar gerçəkdirmi, yoxsa imitasiya. Hər şeyin bir anda yenidən yox olacağı qorxusu içindəyəm. Bu isə mənim ictimai kədərimi artırır.
- İctimai kədərin hələ də qalır?
- Əlbəttə qalır, xətrimə dəydin ki, rejim dəyişilib, kədər dəyişməyib ki.
- Bəkir, xatırlayıram, o zamanlar nə qədər soruşsaq da, ictimai kədərin nə olduğunu bizə demədin, bəlkə indi danışasan?
Uzun müddət cavab vermədi. Parkın axırına çatanda gözlərimin içinə baxaraq dedi:
- Sən bir pişik necə ölür görmüsən?
- Yox.
- Bir at?
- Yox.
- Bir it?
- Maşın vuranda leşini görmüşəm, amma ölüm anını yox.
- O, sayılmır. Yaxşı siçan öləndə görmüsən?
- Yox.
- İnsan öləndə necə?
- Çox görmüşəm.
- Hansında çox üzülmüsən?
- Təbii ki, insan öləndə.
- Digərini görsəydin, ürəyin bulanmasın deyə, üzünü geri çevirib gedəcəkdin eləmi?
- Yəqin ki.
- Yəni, tutaq ki, gördün ki, bir maşın iti vurub, itin bağırsaqları çölə tökülüb, yolun ortasındadır. Onu yolun ortasından götürüb, yarım metr torpağı qazıb, basdırmaq heç ağlına gəlməz deyilmi?
- Etiraf edim ki, gəlməz, gəlsə də, eləmərəm.
- Elə isə, gedək sənə bir yer göstərəcəm.
Bəkirlə indi Ağ şəhər adlanan, amma hələ də xalqın dilində Qara şəhər kimi düşən qaralıqdan çıxmayan yerə çatdıq. Neft qoxusunun hələ də çəkilmədiyini görüb gülümsədim. Neft başımıza çox bəlalar açdı. Nəhayət, uçuq bir evin içinə girdik. İçəridə balaca uşaq məzarına oxşayan bir yer diqqətimi çəkdi. Ürpəndim.
- Bəkir, bu nədir?
- Səncə, nəyə oxşayır?
- Uşaq məzarına.
- Məzar olmağına məzardır, amma uşaq məzarı deyil.
- Başqa nə məzarı olacaq ki, Bəkir?
- Təkcə insanlar ölmür ki, bu bir itin məzarıdır.
- İtin, yəni bildiyimiz itin?
- Bilmədiyimiz it də var, Sərdar?
- Ağlım qarışdı. Tamam, bunun sənin ictimai kədərinə nə dəxli var?
Uçuq evin bir küncünə çökərək, mənə də oturmasını söylədi.
- Qulaq as, dostum. 2011-ci ilin aprel ayı idi. Yadındadırsa, bizi aksiyada polislər döydükdən sonra bir neçə gənclə birlikdə tutdular. Bu dəfə Qobustana aparmadılar, gətirib Luna parkın yanına qoydular ki, “uşaqsınız, gedin yelləncəkdə yellənin”. Öz aləmlərində bizi təhqir etdilər guya. Nə isə, uşaqların bəziləri avtobusa minib evlərinə qayıtdılar. Mən yolun qarşısındakı keçidin yanında dayanıb nə edəcəyimi düşünürdüm. Qəfil həmin vaxt gözüm yolu keçməyə çalışan bir itə sataşdı. Elə o an, sürətlə gələn bir maşın itə dəyərək onu on metr kənara atdı. İt qan içində yolun ortasında qaldı, hər kəs burnunu tutaraq kənarından keçirdi. Bir an bütün dünyadakı pisliklərin həmin itdə toplaşdığını təsəvvür etdim. Yolla üzbəüz olan marketə girdim. İri bir paket aldım, taxta ilə itin cəsədini içinə qoydum. Sonra bu uçuq evə gəldim. Köhnə bir dəmir vedrə vardı, onun kənarı ilə torpağı qazaraq iti basdırdım. Çox yorulmuşdum. Elə oradaca istidən, halsızlıqdan yuxuya getmişdim. Özümə gələndə ətrafımda üç itin dayandığını gördüm. Əvvəl çox qorxdum, sonra sülək itlər olduğunu görüb rahatlandım.
Çölə çıxdım, aşağıya doğru getmək istəyirdim ki, itlər şalvarımdan çəkişdirməyə başladılar. Nə qədər itələdim getmədilər. Nəhayət, təsadüfən bir tərəfə dönəndə əl çəkdilər. Həmin tərəfə doğru getməyə başladım, onlar da yanımda yürüdülər. İti dəfn etdiyim uçuq evdən xeyli kənarda olan tənha bir evə çatdıq. Evə yaxınlaşanda içəridən müharibə vaxtı yanan evdə qalan uşağın çığırtısı kimi səs gəlirdi. Maraq və qorxu içində açıq qapıdan içəri girdim. Çox pis iy gəlirdi içəridən.
Sərdar, gördüyüm mənzərəni xatırlayanda hələ də ürpənirəm. Sən demə, ana üç gündür ölübmüş, üç yaşlı uşaq da aclıqdan ölmək üzrə imiş. Heç kimin də xəbəri yox. Uşaq qız idi. 102-yə zəng vurdum. Vəziyyəti izah elədim. Polis təcili yardımla birlikdə gəldi. Cəsədi başqa maşına, uşağı isə təcili yardım maşınına mindirdilər. Ananı haradasa dəfn etdilər, uşağı isə internat evinə verdilər. Polis qonşularla maraqlandı, qadının Dağıstan vətəndaşı olduğunu, bir neçə gün olar ki, bu daxmaya gəldiyini, heç adını da bilmədiklərini dedilər. Uşağı internata verəndə mən də getdim. Qızın adını internata Aysel kimi yazdırdım. İnternat direktoruna hər həftə gələcəyimi bildirdim. Hər həftə getdim. Aysel indi on yaşındadır. Yeganə sevdiyi insan mənəm. Özümə şərait yaradandan sonra Ayseli internatdan alacağam. Deyim ki, yenə tək yaşayıram. Bax, bir itin cəsədini yoldan xilas etdiyimə görə, həmin itin dostları deyək, bir uşağın həyatını xilas etməyimə səbəb oldular.
İlk dəfə ictimai kədərə həmin gün qərq oldum. İnsanların deyil, bir itin körpənin həyatını xilas etməsi mənim təkcə daşıyacağım bir kədər yox, hər kəsi qəhərə boğan ictimai kədərdir.
O vaxtdan düşündüm, Sərdar. Biz nə qədər ki, kədərimizi fərdi yaşayacağıq, bunun ictimai kədər olduğunu anlamayacağıq, heç bir xilas olmayacaq. Xilas toplum olaraq ictimai kədəri daşıya bilməyimizdədir. Xatırlayırsan, o vaxtları. Hər gün intihar edən əsgərlər, bir-birini baltalayan insanlar, intiharlar, aclıq... Bizə toxunmadığı təqdirdə bunların sadəcə qəzet xəbəri olduğunu düşündük. Bir toplumu nə yazıq ki, ortaq mədəni dəyərlər deyil, ortaq dərdlər, acılar birləşdirə bilər.
Həyatın işinə bax ki, ikinci dəfə yenə dəhşətli bir maşın qəzası gördüm. Bu dəfə maşın altında qalan Lalə idi. Ağ paltarı qanın içində yolun ortasında qalmışdı, ətrafdakı qızlar, qadınlar vay-şivən qoparırdı. Polisin zəngindən beş dəqiqə sonra təcili yardım maşını gəldi. Ambulansın arxasınca baxa-baxa qaldım.
Sərdar, bir itlə bir insan eyni halda ölə bilərmi? Bu dəhşəti anlayırsanmı? Bu artıq təkcə mənim deyil, bütün insanlığın kədəridir.
Həmin gündən bütün sevinclərin üzünə tüpürdüm. Ətrafıma baxdım. İt və pişiklərlə dolaşan, dəli olan Əli, Türkana görə gəncliyini məhv edən Sərdar və Ayselə görə bitmiş öz həyatım. Sonra tanıdığım bütün yoldaşları da düşündüm. Təsəvvür elə, bircə nəfər də xoşbəxt insan tapmadım. Bir şəhərin yarısından çoxu bədbəxtdirsə, bunun adı nə idi, Sərdar?
Oran şəhəri tauna yoluxduğu kimi, Bakı da ictimai kədərə yoluxmuşdu. Amma süni gülüşlər, imitasiyalar bunu ört-basdır edirdi. Alov qüllələri insanın içindəki alovları söndürmürdü, Sərdar. Lənət olsun, hər şeyə.
Bəkir danışdıqca, gözlərimin önündə Türkanla yaşadıqlarımız gəlir, sanki bədbəxt olduğumu indi anlayırdım. Anidən çevrilərək sual etdim:
- Ayselə nə oldu ki?
- İmtina etdim.
- Necə?
-Balaca Aysel unutdurdu, mənə. Etinasızlığını, anlamsızlığını görüb, həyatı ictimai kədər və ba-laca Aysel üzərində qurdum. Əslində belə görünməyimə baxma. Çox xoşbəxtəm. Çünki artıq həyatı anlamışam.
- Anladığın nə oldu ki?
- Famil yadındadır?
- Əlbəttə ki.
- Gələndən görmüsən onu?
- Yox, düşündüm ki, yəqin Vatikana gedib.
Bəkir gülümsədi.
- Nə Vatikanı, o artıq Hacı Famildir.
- Nə? Necə yəni? Müsəlman oldu?
- Aha, müsəlman oldu. Sənin heç nədən xəbərin yoxdur ki.
Maraq içində onun danışmasını gözlədim.
- Bilirsən, Famil bizdən fərqli olaraq dinə aşırı düşkün idi. Allahı sevdiyindənmi, qorxduğundanmı, həmişə inanclı olardı. Lalə öləndən, Əli dəli olandan, sən isə qaçandan sonra mən də onunla görüşmədim. Uzun müddət sərgərdan dolaşdı. Bir gün içkili halda kilsəyə gedərək İsanın heykəlinin qarşısında dayanıb monoloq söyləyib. Danışdılar mənə, heykələ təxminən bunları deyib: “İnsan öz müqəddəsini özü yaradırmış. Halbuki müqəddəs olanlar insandan üstün varlıqlar olmalıdır. Dostlarım, öz sevdiklərini sənin anan qədər ucaltdılar, amma axırı nə oldu? Bir heç. Gərək heç kimi ucaltmayasan. Elə sənin özünü də. Bizim kimi insan olduğun halda, çarmıxa çəkildiyin halda səni Allah oğlu hesab etdik. Allahın oğlu da çarmıxa çəkilərmi? Allahın oğlu da öldürülərmi? Allahın oğlu da Barabbaya yenilərmi? Sənə özündən artıq dəyəri verib bu insanlar. Onların hansından artıqsan? Heç birindən. Sən də bizim kimi insan idin. Sən də bizim kimi quldarlığı aradan qaldırmaq istəyirdin. Sənin bəxtin onda gətirdi ki, tez ölə bildin. Amma biz ölə bilmirik. Ona görə də daha səni Allah oğlu sayanların deyil, adi insan və peyğəmbər sayanların yanına gedəcəyəm. Mən müsəlman olacağam“.
Oldu da. Amma niyə olduğunu hələ də nə özü, nə də biz başa düşürük.
Bəkir danışdıqca, Familin mənə bir zamanlar dediyi sözü xatırladım:
“Bu kilsəyə Məryəm Ana üçün gələnlər, əslində onun üçün yox, onun qədər ucaltdıqları qadına görə gəlirlər”.
XS
SM
MD
LG