Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:56

Jurnalistlərin mənzil qalmaqalı


Əflatun Amaşov Mətbuat Şurasında qəzetlərin baş redaktorları ilə görüş zamanı
Əflatun Amaşov Mətbuat Şurasında qəzetlərin baş redaktorları ilə görüş zamanı
-
«Mətbuatda mənzil alacaq jurnalistlərin adları ilə bağlı açıqlanan siyahı həqiqəti əks etdirmir. Məsələn, Bəxtiyar Sadiqovun adı bu siyahıda yoxdur»- bunu AzadlıqRadiosuna açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunmuş yaşayış binasındakı mənzillərin açarları iyulun 22-də - milli mətbuat günündə sahiblərinə veriləcək.

Mətbuatda isə artıq mənzil sahiblərinin adları hallanır. Həmin siyahılarda bir neçə baş redaktorun da adları var, məsələn, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, «525-ci qəzet»inin baş redaktoru Rəşad Məcid və s. İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə xüsusən, baş redaktorlara mənzillərin verilməsi birmənalı qarşılanmır.
«SƏRƏNCAMDA «EVSİZ»SÖZÜ YAZILMAYIB»
Əflatun Amaşov deyir ki, siyahı elə binanın açılış mərasimində açıqlanacaq. Qurum rəhbəri adlarını açıqlama da, siyahıda baş redaktorların adlarının da olmasını təsdiqləyir:
«Baş redaktorların da adları var. Əsasən, redaksiyalardan mətbuat şurasına daxil olan siyahılar əsas götürülüb. Sərəncama baxsanız, orada «evsiz» sözü yazılmayıb, söhbət jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılmasından gedir. Elə jurnalistlər də var ki, 40-50 ildir Azərbaycan jurnalistikasına xidmət edirlər, amma mənzil şəraitləri yaxşı deyil. Onlar da müraciət ediblər, aralarında baş redaktorlar da var. Bundan başqa siyahıya vəfat etmiş jurnalistlərin ailələri də salınıb».
«MƏNİM DƏ MƏNZİLƏ EHTİYACIM VAR»
Rəşad Məcid
Rəşad Məcid
Təsdiqlənməmiş siyahıda adı keçən «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid də baş redaktorların dövlətdən mənzil almasında qəbahət görmədiyini deyir.

AzadlıqRadiosuna müsahibəsində baş redaktor özünün mənzil alıb-almayacağından xəbərsiz olduğunu bildirib:
«Baş redaktorlar da jurnalistdir, onlar da uzun illərdir ki, Azərbaycan mediasında əziyyət çəkirlər. 15 ilə yaxındır ki, mən öz çıxışlarımda bu məsələni qaldırıram. Hətta 2001-ci ildə Heydər Əliyevin yanında jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsini mən qaldırmışam. Əgər siyahıda 20 baş redaktorun adı varsa, bunun nəyi pisdir ki? Bu ancaq xeyirxahlıq nümunəsidir. Siyahı haqqında artıq-əskik danışanlar ədalətsizdirlər».
- Rəşad müəllim, yəni bu gün ölkədə baş redaktor da öz hesabına mənzil ala bilmir? Sizin mənzilə ehtiyacınız var, adınız siyahıda olsa, qəbul edərsiz mənzili?
- Əlbəttə, edərəm. Niyə götürməyim ki? 15 ildir bu məsələni qaldırmışam. Mənə də ev lazımdır. Oğlum 7 ildir jurnalistikada çalışır.
«XARİCDƏN GƏLƏNLƏR DEYİRLƏR Kİ, KAŞ BİZƏ DƏ EV VERƏYDİLƏR»
Rəşad Məcid xüsusən seçki ilində hökumətin jurnalistə ev verməsinin birmənalı qarşılanmamasına, bunun jurnalisti ələ almaq kimi dəyərləndirilməsinə də münasibət bildirib:
«Bu artıq başqa söhbətin mövzusudur. Biz Azərbaycan reallığında yaşayırıq. Jurnalistin bu gün öz əmək haqqı ilə Bakıda ev alması xülyadır. Təbii ki, yaxşı olardı ki, qəzetlərin hər birinin maliyyəsi olsun, özü bina tiksin. Amma bizdə mətbuat iqtisadi cəhətdən zəifdir, biznes strukturuna çevrilə bilməyib. Hökumətin jurnalistə ev verməsi isə bir jestdir, ümumiyyətlə, dünya mətbuat tarixində görülməmiş bir hadisədir. Mətbuat Şurasına, KİV-ə Dəstək Fonduna Almaniyadan, Türkiyədən və başqa ölkələrdən gələn jurnalistlər deyirlər ki, «kaş bizdə Azərbaycanda yaşayardıq, bizə də əvəzsiz ev verərdilər».
İlham Əliyev Mətbuat Şurasının üzvləriylə görüş zamanl (22 iyul 2010)
İlham Əliyev Mətbuat Şurasının üzvləriylə görüş zamanl (22 iyul 2010)
JURNALİSTLƏR ÜÇÜN DAHA BİR BİNANIN TƏMƏLİ QOYULACAQ
Jurnalistlər üçün tikilmiş binanın açılışı iyulun 22-də olacaq. Ölkə başçısının açılış mərasiminə qatılacağı gözlənilir. Əflatun Amaşovun sözlərinə görə, iyulun 22-də jurnalistlər öncə Mətbuat Evinin qarşısından hər il olduğu kimi Fəxri Xiyabana yola düşəcək. Burada Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət etdikdən sonra binanın açılış mərasiminə qatılacaqlar.
Jurnalistlərin mənzil probleminin həlli üçün prezident İlham Əliyev 2010-cu ildə iyulun22-də sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə 156 mənzilli binanın tikintisi üçün dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb
Əflatun Amaşovun dediyinə görə, sabah – iyulun 22-də həmin binanın yaxınlığında - Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün ikinci binanın təməli qoyulacaq.
XS
SM
MD
LG