Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

Zamin Hacı: "Kaş azərbaycanlıların hamısı Azərbaycanı İlham Əliyev qədər sevəydi"


Zamin Hacı
Zamin Hacı

-

"OxuZalı"nda ən çox oxunan



Rey Kərimoğlu:

- Yox, Zamin, müqayisə uğursuzdur. Görürəm məsələyə qeyri-ciddi yanaşırsan...


Zamin Hacı:

- Mən nəyə qeyri-ciddi yanaşıram? Son 7 ildə Azərbaycan ordusu 800-ə yaxın əsgər itirib. Bir kənd də geri alınmayıb. Sən bunu görə-görə, özün də Qarabağ qazisi olaraq etirazını bildirmirsənsə, hələ bu dövləti dəstəkləyirsənsə, mən sənə nə deyim?



Jurnalistdən vətənpərvər olmağı istəmək düzgündürmü, yoxsa onların belə bir öhdəliyi yoxdur?

AzadlıqRadiosunun “Pen klub” proqramındakı debatda bu suala cavab axtardılar: köşə yazarı Zamin Hacı, “lent.az” saytının əməkdaşı Rey Kərimoğlu, “Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı, Vüsal Məmmədov.


Şahnaz Bəylərqızı:

- Prezidentin jurnalistlərə ev paylanan zaman etdiyi çıxışından bir sitat: “Xüsusən gənc dövlətlərdə vətənpərvərlik hissi güclü olmalıdır. Bu, sadəcə, şüar deyil. Gənclərimiz vətənpərvər ruhda böyüməli, tərbiyə almalıdır və jurnalistikamızın bu sahədə böyük rolu var. Müstəqillik bizim xoşbəxtliyimiz, böyük dəyərimizdir. Ona görə də jurnalistlərin vətənpərvərliyi çox vacibdir. Dövlət maraqları müdafiə edilməli, dövlətə zərər verən addımlara yol verilməməlidir”. Zamin bəy, jurnalistdən, yaxud yazıçıdan vətənpərvər olmağı istəmək, tələb etmək olarmı dövlət başçısı səviyyəsində?

ZAMİN HACI: “KAŞ AZƏRBAYCANLILARIN HAMISI AZƏRBAYCANI İLHAM ƏLİYEV QƏDƏR SEVƏYDİ”

Zamin Hacı:

- Dünyanın heç yerində jurnalistin əsaslandığı prinsiplər arasında vətənpərvərlik deyə prinsip yoxdur. Jurnalist həqiqəti, faktı deməlidir, tənqid etməlidir, hökumətin qüsurlarını üzə çıxarmalıdır, bu mənada xalqa xidmət etməlidir. Samuel Cekson, səhv etmirəmsə, XIX əsrdə deyib ki, vətənpərvərlik yaramazların axırıncı sığınacağıdır. Sonradan, yenə yanılmıramsa, yazıçı Ambroz Birs həmin ifadəni dəyişib: “Vətənpərvərlik yaramazların sonuncu yox, birinci sığınacağıdır”. Tolstoyun bir essesi də var, vətənpərvərliyin şovinizmə aparması haqda. O, patriotizmin nə qədər murdar bir şey olduğunu yazıb. Vətənpərvərlik populizmdir və prezident də çıxışında vətən yox, dövlət məsələsini vurğulayır. Onun dediyi dövlət vətənpərvərliyi, dövləti sevməkdir. Müasir dünyada, sərhədlərin açıldığı, qloballaşma dövründə vətənpərvərlik kimi anlayışdan danışmaq xüsusilə gülməli və primitiv görünür. Bu cür düşünən adamın bizim dövlətə rəhbərlik etməsi doğrudan da karikaturadır. İndiki dövrdə kim deyir ki, vətəni sevək? İndi deyirlər ki, ədaləti sevmək lazımdır, həqiqəti sevmək lazımdır və insan olmaq lazımdır.

Ş.Bəylərqızı:

- Amma prezident qeyd edir ki, xüsusən gənc dövlətlərdə vətənpərvərlik hissi güclü olmalıdır. Bəlkə bu, yeni formalaşan ölkələr üçün hələ aktuallığını itirməmiş məsələdir?

Z.Hacı:

- Bizdə kimsə oğurluq etmək istəyəndə də onu Azərbaycanın gənc olması ilə bağlayır. Bu fırıldaqçılıqdır... Əslində, prezident vətənsevərlikdə səmimidir. Kaş azərbaycanlıların hamısı Azərbaycanı İlham Əliyev qədər sevəydi. Bu insan Azərbaycanın, demək olar, bütün yeraltı və yerüstü sərvətlərinə yiyələnib. Kaş azərbaycanlılar da Azərbaycanın yerüstü və yeraltı sərvətlərini əliyevlər ailəsi qədər sevəydilər, yiyə duraydılar, əliyevlər hər şeyi qapazlayır, sümürürlər. Amma biz Azərbaycanı sevmirik, ona görə də qaçırıq, gedirik.

Rey Kərimoğlu
Rey Kərimoğlu





Ş.Bəylərqızı:

- Sevmək üçün də vətənpərvər olmaq lazımdır?

Z.Hacı:

- Qısqanc olmaq lazımdır, Otello kimi. Onlar Azərbaycanı əllərindən almaq istəyənləri boğmağa, öldürməyə hazırdılar. Vətənpərvərlikdən danışan adam nə üçün övladlarının adına olan şirkətlərdən birini də Azərbaycanda qeydiyyatdan keçirməyib? Qızlarının adına olan şirkətin biri Panamadan çıxır, biri Vircin adalarından. Nə üçün Dubayda oğluna villa alır? Vətənpərvərlikdən danışan hakimiyyətdəkilərin nə üçün bir qohumu Qarabağda döyüşməyib? Vətənpərvərlik kasıbların başını qatmaq üçün qabaqlarına atılan yemdir.

REY KƏRİMOĞLU: “MƏN NƏ TOLSTOYAM, NƏ DƏ...”

Rey Kərimoğlu:

- “Vətənpərvərlik yaramazların sığınacaq yeridir” fikri tez-tez səslənir. Mən nə Tolstoy deyiləm, nə başqası. Mənim öz fikrim var. Ədəbiyyatda o qədər yaramazlar gizlənib ki. Jurnalistikada o qədər şərəfsizlər, dələduzlar gizlənib ki. Hüquq sistemində... Hər sahədə. Bəzən həmkarlarımız yazırlar ki, şirlər də öz ərazilərini tanımaq üçün onu murdarlayırlar. Onlar əks-arqument kimi bunu deyirlər və onlara görə, bu, heyvani hissdir. Yaxşı, bunun əksi də var axı, heyvan öz ərazisini bəlli etməyi bilirsə, insan niyə bilməsin?

Z.Hacı:

- Murdarlayıb bəlli edirlər? Maraqlı simvoldur.

R.Kərimoğlu:

- Aqşin yazmışdı bunu. Arılar murdarlamırlar, amma hava əraziləri bəllidir onların. Allahın yaratdığı həşaratın özünün bir bəlli ərazisi varsa, bizim dövlət ərazimiz varsa bunu qorumaq, bunu müdafiə etmək lazım deyil? Bizim torpaq işğal altındadır və azad etməliyik. Bunu deməməliyəm?

Ş.Bəylərqızı:

- Amma bunu bir yazardan tələb etmək nə qədər doğrudur?

R.Kərimoğlu:

- Bir vicdanlı, ədalətli müəllim, rüşvət almayan, korrupsiyaya bulaşmayan həkim mənim aləmimdə ən böyük vətənpərvərdir. İkincisi, bu gün Amerikada, Avropada, Fransanın özündə o dövləti təhdid edən, o dövlətin əleyhinə çıxan, sərhədlərini tanımayan, qınayan, asi olan vətəndaşa necə münasibət bəsləyirlər?

Z.Hacı:

- Fransada dövləti tənqid etmək olar.

R.Kərimoğlu:

- Dövləti tənqid etmək anti-vətənpərvərlik deyil ha, Zamin. Söhbət dövlətin təməl prinsiplərindən, onun əleyhinə getməkdən, onu dağıtmaqdan gedir. Amerika kəşfiyyatçısını tutublar, sirləri açdığına görə ittiham edirlər.

Z.Hacı:

- Söhbət jurnalistikadan gedirsə, jurnalistin istənilən məsələni açmaq və yazmaq hüququ var, ona heç kim qadağa qoya bilməz.

R.Kərimoğlu:

- Bizim qanunlarda dövlət sirrini qorumaq...

Z.Hacı:

- Dövlət sirrini qorumaq dövlətin borcudur, jurnalistin borcu deyil. O sirr açılıbsa, ortalıqdadırsa, jurnalist onu yazmaqla dövlətə daha çox xidmət edir, yoxsa ört-basdır etməklə? Azərbaycan Tarixi Muzeyinin direktoru 1990-cı illərdə Püstəxanım Əzizbəyli idi. Mən ordan yazmağa getmişdim. O mənə dedi ki, xahiş edirəm, bu faktı yazma, bizim muzeyin siqnalizasiyası işləmir. Absurddur axı...

R.Kərimoğlu:

- Söhbət bir nazirlikdən, muzeydən getmir. Sabah biri mənim yaşadığım evi zəbt etsə neyləməliyəm?

Bibiheybətdə dövlət büdcəsi hesabına jurnalistlər üçün tikilmiş ev
Bibiheybətdə dövlət büdcəsi hesabına jurnalistlər üçün tikilmiş ev


Z.Hacı:

- Mənim yaşadığım evi elə bu dövlət zəbt edir, hörmətli Rey bəy. Özünüz də bilirsiz ki, Azərbaycanda mülkiyyət hüquqlarından çox tapdanan hüquq yoxdur. Heç bir xarici qüvvənin gəlməsinə də ehtiyac yoxdur. Xarici düşməndən çox bu dövlət ekskavatorla insanları evindən qovur, kefi istədiyi qədər kompensasiya verir.

R.Kərimoğlu:

- Razıyam. Amma orda məsələ nədədir, yaxşı-pis, bəlli qanunvericilik bazası var. Bu işləyir, amma bu biri işğal faktıdır.

Z.Hacı:

- Yəni ermənilər gələndə ümumiyyətlə kompensasiya vermirdilər də? Onu demək istəyirsən?

R.Kərimoğlu:

- İşğal edir, insanları qırırdılar. Yox, Zamin, müqayisə uğursuzdur. Görürəm məsələyə qeyri-ciddi yanaşırsan...

Z.Hacı:

- Mən nəyə qeyri-ciddi yanaşıram? Son 7 ildə Azərbaycan ordusu 800-ə yaxın əsgər itirib. Bir kənd də geri alınmayıb. Sən bunu görə-görə, özün də Qarabağ qazisi olaraq etirazını bildirmirsənsə, hələ bu dövləti dəstəkləyirsənsə, mən sənə nə deyim?

R.Kərimoğlu:

- Niyə etirazımızı bildirmirik ki? Nə vaxt etirazımızı bildirməmişik ki? Sabah İlham Əliyev hakimiyyətdə olmayacaq, Əli, Vəli, başqa biri olacaq, söhbət dövlətdən gedir, mən dövlətimi sevirəm, bunu mənə heç kim qadağan edə bilməz. Sən sevmirsənsə öz işindir.

Z.Hacı:

- Dövləti sevməyi sən hansı şəkildə biruzə verirsən? İlham Əliyevi tərifləməklə? Bu gün dövlətin adından kim danışır, kim onu təmsil edir?

R.Kərimoğlu:

- İki anlayış var. Bir var doğulduğun, böyüdüyün vətəni sevmək, müdafiə etmək, budur vətənpərvərlik. Bir də var başqa cür vətənpərvərlik, insanın obyektiv, vicdanlı olması, mərdiməzarlıq etməməsi, rüşvətə-korrupsiyaya bulaşmaması. Mənim aləmimdə vətənpərvərlik budur.

Z.Hacı:

- Sən platonik eşqlə məşğulsan, belə deyək, hökumətsə real eşqlə.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı



VÜSAL MƏMMƏDOV: “ELƏ BİL EVİN UŞAĞINI BAŞA SALIRSAN Kİ, GEDİB QONŞUDA AİLƏMİZ HAQDA PİS-PİS DANIŞMA”

Vüsal Məmmədov:

- Niyə axı nədən danışırıqsa danışaq axırda iş hakimiyyəti söyməyə çıxmalıdır? Patriotizm və hakimiyyət bir-birinə qarışdırılmamalı məsələdir. Patriotizm sosial hissdir, yeri gələndə öz marağını ölkənin maraqlarına qurban verməkdir. Patriotizmi daxili siyasətlə, daxili mövqelərlə qarışdırmaq düzgün deyil. İkincisi, Zaminin məntiqi belədir ki, insan hakimiyyəti sevmirsə, dövlətini də sevməməlidir, çünki dövləti təmsil edən bu hakimiyyətdir. Bu, düzgün yanaşma deyil. Doğrudanmı, Zamin bəy bir erməniylə, rusla, gürcüylə bir yerdə olsa və onlar Azərbaycanı tənqid etsələr, bu qədər sakit yanaşa bilər? Sadəcə ona görə ki, Azərbaycan hakimiyyətini sevmir. Məncə, mümkün deyil. Vətənpərvərlik təbii hissdir. Məsələn, biz Azərbaycan yığmasına azarkeşlik edə bilərik. Qələbə çalanda ağlaya da bilərik, gözümüz də yaşarar. Amma nə qədər xoşlasaq da Braziliya, Fransa yığması qalib gələndə bunu edə bilmərik. O ki qaldı jurnalistlərdən vətənpərvərlik ummaq düzgündürmü sualına, jurnalistlər beynəlxalq aləmdə Azərbaycanın imicini formalaşdırırlar. Əksər erməni, Rusiya, lap Amerika saytlarında azərbaycanlı jurnalistlərin yazdıqlarına əsaslanaraq Azərbaycan dövləti haqda imic formalaşdırırlar. Bu imic mənfi olursa, bu bir azərbaycanlı kimi məni incidir. Jurnalistdən vətənpərvərliyi bu mənada ummaq lazımdır. Elə bil ki, evin uşağını başa salırsan ki, gedib qonşuda, orda-burda ailəmiz haqda pis-pis danışma, mən buna belə baxıram.

Z.Hacı:

- İdmanda patriotizm ola bilsin rol oynayır, başqa ölkənin idmançısı ilə yarışırsan. Amma mən jurnalist kimi tutalım, hansısa məmurun yaramazlığını və quldurluğunu aşkar etmişəmsə, onu yazmalıyam. Mən yazanda da prezident qəzəblənir ki, axı sən nə üçün bu dövləti ifşa edirsən? İfadə azadlığında heç bir məhdudiyyət olmamalıdır. Vətənpərvərlik anlayışı amorf anlayışdır. Bizdə dolma vətənpərvərliyi var, “Sarı gəlin” vətənpərvərliyi var. Ruslar ona “kvas vətənpərvərliyi” deyə ad qoyublar. Yaxud üçrəngli bayraq vətənpərvərliyi: “Ən uca bayraq dirəyi bizdə olsun...” Halbuki o bayraq dirəyinin 160 metr olmasının azərbaycanlılara 160 qramlıq xeyri yoxdur.

REY KƏRİMOĞLUNUN TƏŞƏKKÜRÜ, VÜSAL MƏMMƏDOVUN ZAMİN HACI İLƏ RAZILAŞMASI

V.Məmmədov:

- Mən bu fikirlərlə razıyam hardasa. Yəni vətənpərvərliyi bayrağın dirəyində, dolmada, “Sarı gəlin”də axtarmaq düz deyil. Məsələnin qoyuluşu önəmlidir. Məsəl üçün, meydana çıxan tankı, raketi və ya əsgəri görəndə biz nə fikirləşirik? Fəxr hissimi keçiririk ki, bəli, bu mənim tankımdır, bu mənim əsgərimdir, yoxsa onumu fikirləşirik ki, bu tank hansı pulla alınıb? Vətənpərvərlik odur ki, parada çıxan tankı, əsgəri görəndə qürur hissi keçirəsən, ondan sonra qalan şeyləri düşünəsən.

R.Kərimoğlu:

- Allah Şahnaz xanıma da, Zamin bəyə də insaf versin, ilk dəfə “Lider” TV-nin əməkdaşı ilə razı olmağa məcbur etdilər.

Z.Hacı:

- Jurnalisti başqalarından fərqləndirən odur ki, o elə tankı görən kimi onun hansı pulla alındığını düşünməlidir. O, qürur hissi keçirib özündən getməməlidir, fikirləşməlidir ki, bu tank neçəyə alınıb, bunu Ukraynadan, Belorusdan rəngləyib gətirib Səfər Əbiyev, yoxsa doğrudan da bunun haqqı dəqiq verilib. Jurnalist budur axı. Amerikalıların məşhur ifadəsi var, jurnalist cəmiyyətin “gözətçi köpəyi” rolunu oynamalıdır. Hökumətin ev tulası rolunu oynamamalıdır, yalmanmamalıdır, hökumətin ayaqqabısını yalamamalıdır. Əksinə jurnalist gözətçi köpəyi olaraq daim hürməlidir, hökuməti daim oğurluqdan çəkindirməlidir, xalqın keşiyində durmalıdır.

R.Kərimoğlu:

- Razıyam. Əsl jurnalistika tənqidçi olmalıdır. Amma elə məqam var, orda tənqidə yer yoxdur.

V.Məmmədov:

- Bəli, mən də Zamin bəylə razıyam. Doğrudan da, jurnalistika cəmiyyətin gözətçi köpəyi olmalıdır, onun dediyi kimi hürməlidir. Jurnalistika cəmiyyətin ağrıyan yerlərindən siqnal ötürən sinir sistemidir. Belə olmasa, jurnalistikanın bir anlamı qalmazdı. Bu işin bir tərəfi. Amma məsələ vətənpərvərlik nöqteyi-nəzərindən necə olmalıdır. Jurnalist düşünməlidir ki, bəli, ola bilsin bu iş səhvdir, ola bilsin Azərbaycan hakimiyyəti nəyisə düz etmir, amma səhv etsə də mənim vətənimdi, düz etsə də... Mən onu hər kəsin qarşısında qorumağa hazır olmalıyam və yeri gəlsə öz marağımı qurban verməliyəm.

Ş.Bəylərqızı:

- Vüsal bəy, öz marağını qurban vermək nə deməkdir? Gördüyü əyrini yazmamalıdır?

V.Məmmədov:

Prezident İlham Əliyev dövlət büdcəsi hesabına tikilmiş binadan ev almış jurnalistlər arasında, 23 iyul 2013
Prezident İlham Əliyev dövlət büdcəsi hesabına tikilmiş binadan ev almış jurnalistlər arasında, 23 iyul 2013


- Bu, mürəkkəb məsələdir. İnsanın marağı ilə dövlətin marağı toqquşanda hansı önəmlidir? Bu suala birmənalı cavab yoxdur. Məncə, jurnalist ilk növbədə müəyyən etməlidir ki, cəmiyyətin marağı ilə dövlətin, ölkənin marağı nə qədər üst-üstə düşür. Bütün hallarda dövlətin maraqları öndə olmalıdır.

Ş.Bəylərqızı:

- Bir məqam, eyni vaxtda vətənpərvər və peşəkar olmaq mümkündürmü? Jurnalist korrupsiyadan yazırsa, bu onun vətənpərvər olmadığınımı göstərir?

R.Kərimoğu:

- Azərbaycanın ən böyük vətənpərvərlərindən biri budur – Zamin. Hökuməti tənqid etməyinə, vətənpərvərlik nə bilim kimlərin sığınacağıdır deməsinə baxmayın. Yenə deyirəm, bir ləyaqətli müəllim ən böyük vətənpərvərdir. Rüşvət almır, vətən uşağına da bunu öyrədir.

V.Məmmədov:

- Razıyam.

Z.Hacı:

- Allah atana rəhmət etsin, Rey. Söhbət də elə bundan – peşəkarlıqdan gedir. Sual da odur ki, bəs yazmayaqmı onda?

R.Kərimoğlu:

- Yazaq.

Ş.Bəylərqızı:

- Vüsal bəy dedi ki, yazanda düşünək: “Ölkənin, dövlətin marağı önəmlidir, yoxsa cəmiyyətin?” Sonda ona gəldi ki, ölkənin maraqları önəmlidir. Amma ölkədə korrupsiya varsa, insan haqları pozulursa cəmiyyətin maraqları önə çıxmalıdır, yoxsa dövlətin?

V.Məmmədov:

- Korrupsiya ilə bağlı peşəkar araşdırma ayrı məsələdir, ölkədə korrupsiya var deyə bütün hakimiyyətə qara yaxmaq, onun mənfi obrazını yaratmaq ayrı. Bizdə jurnalistika ikinci yolla gedir. Bu cür yazılara istinadən Azərbaycan haqda xarici mediada mənfi obraz yaradılır, korrupsiya problemi həll olunmur, üstəgəl ölkənin imici də korlanır.

Ş.Bəylərqızı:

- Jurnalist bu ölkənin imicinin qeydinə qalırsa, ölkəyə cavabdeh rəsmilər hara baxmalıdır? Bəlkə məmurdan da o vətənpərvərliyi tələb etmək lazımdır?

V.Məmmədov:

- Jurnalistlər bir olmadığı kimi məmurlar da bir deyil. Rüşvət alan məmur da qınanmalıdır. Hakimiyyət xaricdə bacardığı kimi öz imicini formalaşdırır. Bu işə jurnalistika da bir çimdik duzunu tökməlidir.

ZAMİN HACI: “BELƏ ÇIXIR Kİ, AZƏRBAYCAN YIĞMASI YAXŞI OYNAMIRSA, BİZ JURNALİSTLƏR HƏM DƏ ONLARIN YERİNƏ OYNAMALIYIQ”

Z.Hacı:

- İki vur ikinin dörd etdiyini sübut etməklə məşğuluq. Belə çıxır ki, Azərbaycan yığması yaxşı futbol oynamırsa, biz jurnalistlər həm də onların yerinə oynamalıyıq, bir qol da vurmalıyıq. Amma soruşmayaq ki, Berti Foqsta neçə ildir milyonları nə üçün verirsiz? O ki qaldı imic məsələsinə, məmurlar özləri bu işlə məşğuldurlar, xarici mətbuata məqalə yazırlar. Bunun xeyri varmı, imic düzəlirmi? Yox. Bu bəzək, uydurma hasarlar, bir dənə bulvar düzəltməklə dünyanı aldada bilməzsən axı. Axı dünya görür ki, ölkə it günündədir.

V.Məmmədov:

- Bir var biz yazaydıq ki, Berti Foqsta verilən pul azdı-çoxdur, buna dəyərdimi? Bu oyunda hansı strateji səhvlər var və s. Bir var də var yazaq ki, Foqst zaydır, axmaqdır, bir qəpiklik məşqçi deyil... Jurnalistlər birinci yolla getsələr bu həm jurnalistika baxımından düzdür, həm də vətənpərvərlik baxımından.

Elçin Şıxlı
Elçin Şıxlı



ELÇİN ŞIXLI: “BİZ XƏBƏRİ DOĞRU, HEÇ KİMƏ YAN BASMADAN VERİRİKSƏ, BU, ƏSL VƏTƏNPƏRVƏRLİKDİR”

Elçin Şıxlı:

- Məncə, hər bir sıravi jurnalist hər bir sıravi vətəndaş qədər vətənpərvər olmalıdır. Hər kəs bir peşə sahibidir və hər peşə sahibi gördüyü işi vicdanla yerinə yetirməlidir. O bu işin öhdəsindən vicdanla gəlirsə, deməli, o vətənpərvərdir. Eyni sözü jurnalist üçün də deyə bilərəm. Jurnalistlərin peşə etikası var, jurnalistikanın öz qayda-qanunları var. Biz xəbəri doğru-düzgün, peşəkarcasına, heç kimə yan basmadan veririksə, bu əsl vətənpərvərlikdir. Yox əgər biz ağa qara, qaraya ağ deyiriksə, bu, qeyri-peşəkar hərəkətdir, eyni zamanda, vətəndaşlıqdan uzaqdır. Heç kim deyə bilməz ki, vətəni məndən çox istəyir. Hərə özünə görə istəyir vətəni. Amma bir şey var, mən vətənpərvər olaraq sadəcə vətəndaşam. Vətəndaş kimi bu ölkəni sabah övladlarıma abırlı şəkildə qoyub getməliyəm. Yox əgər bu ölkəni dağıdıramsa, vətənpərvərliyimə qara qəpik də qiymət vermək olmaz. İdeoloji düşüncələrimizdə, dövlət ideologiyasında xeyli naqislik var. Yeni şey fikirləşmək əvəzinə gəncləri yığıb deyirlər ki, yazıçı, jurnalist niyə gənclər haqda yazmasın. Sifarişlə ədəbiyyat yaranmaz. Hərə öz yerində öz mənliyini, sifətini qoruyaraq öz işini görməlidir. O, kasıbın tikəsini əlindən almamalıdır, zəifin başından basıb məhv etməməlidir. Mənim vətənpərvər olmağım üçün sənin “belə olmalısan” deməyinə ehtiyac yoxdur. Qanımda, canımda varsa var, yoxsa quyunun dibinə su tökməklə heç nə olmaz...

Proqramı tam izlə

XS
SM
MD
LG