Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:56

Rafiq Tağı ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır [Video]


Rafiq Tağı vəfatından bir saat əvvəl
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Rafiq Tağı vəfatından bir saat əvvəl AzadlıqRadiosuna bıçaqlanması haqda danışır

-

Avqustun 5-də yazıçı, publisist Rafiq Tağının doğum günüdür. Yaşasaydı 63 yaşı tamam olacaqdı.

Azərbaycan ədəbiyyatında hekayə janrının parlaq nümayəndələrindən olmuş R.Tağı əsərlərində kəskin siyasi, ictimai mövzulara toxunmaqdan çəkinməyib, eləcə də gerizəkalığı, cəhaləti hədəfə alıb. Eyni sözü onun cəsarətli və bəzən də qalmaqallı publisistik yazıları haqda demək olar.

Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində doğulub.

İXTİSASI

İxtisasca həkim olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.

1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında oxuyub.

1983-cü ildən 1990-cı ilə qədər Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.
1990-cı ilin yanvar hadisələrindən sonra Azərbaycana qayıdıb. Burda Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.

HƏBSİ

2006-cı ilin noyabrında «Sənət qəzeti»ndə çap etdirdiyi «Avropa və biz» məqaləsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinib. 2007-ci il dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Bu hadisədən bir neçə gün sonra - noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında qəfildən vəfat edib.

YAZDIQLARI VƏ ÖLÜMÜ

Rafiq Tağı hekayələr müəllifi kimi tanınmaqla yanaşı publisistika ilə də məşğul olub. Onun məqalələri müzakirələrə, qalmaqala səbəb olub. Məsələn, 2004-cü ildə «Qafqazın qartalı Şaumyan belə...» (Səməd Vurğun) adlı essesinə görə Yazıçılar Birliyindən çıxarılıb. Və ya 2006-cı ilin noyabrında «Sənət qəzeti»ndə dərc etdirdiyi «Avropa və biz» essesinə görə həbs olunub.

Rafiq Tağı bıçaqlanmasını da yazıları ilə - İran siyasi hakimiyyətini tənqid etməsi ilə bağlamışdı.

2011-ci il noyabrın 10-da Rafiq Tağının «İran və qloballaşmanın qaçılmazlığı» adlı məqaləsi çap olunub. Noyabrın 19-da isə bıçaqlanıb. Rafiq Tağının qətli iranlı ayətullah Fazil Lənkəraninin oğlu tərəfindən alqışlanıb.

Onun qətli ilə bağlı istintaq hələlik davam edir. Ailəsi bir neçə dəfə prezidentə müraciət edərək, istintaqı nəzarətə götürməsini istəyib. Amma ailəsinin AzadlıqRadiosuna verdiyi məlumata görə, bu günədək dövlət başçısı onların müraciətinə cavab verməyib.

Rafiq Tağı «Yanaşı ulduzlar»(1987), «Düşmənimin xatirinə»(1991), «Pozitiv. Neqativ»(1996), «Şahzadə Dipendranın məhəbbəti» (2005), «Ucaboy liliput» (2005), «Gənc qraf Kenterberiyski» (2006) kitablarının müəllifidir.

«RAFİQ TAĞININ QƏTLİNİN İSTİNTAQI FAKTİKİ OLARAQ DAYANIB»

Media Hüququ İnstitutunun bəyanatında belə deyilir. Qurum Rafiq Tağının qətlə yetirilməsindən 2 ilə yaxın vaxt ötsə də, cinayətin üstünün açılmamasını pisləyir, cinayəti araşdıran hüquq mühafizə qurumlarının fəaliyyətini, habelə onların istintaqla bağlı ictimaiyyəti bilgiləndirməməsini qınayır.

Zərərçəkənin yaxınlarının hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri müdafiə edir. Bəyanatda deyilir ki, səmərəli araşdırma aparılmadığından iş üzrə cinayət təqibini həyata keçirən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən məhkəmə nəzarəti qaydasında Nəsimi Məhkəməsinə şikayət verilib.

Vəkillər məhkəmədən xahiş ediblər ki, R. Tağının hərəkət trayektoriyasındakı müşahidə və təhlükəsizlik kameralarının lent yazılarının müvafiq təşkilat və idarələrdən alınması, sui-qəsd olayı baş verən ərazidəki mobil telefon lokalizasiyalarının və onların hərəkət trayektoryalarının mobil rabitə operatorlarından alınması, sürətlərinin müdafiə tərəfinə təqdim edilməsi haqqında qərar qəbul etsin. Vəkillər həmçinin, cinayət işinin başlanılması, tibbi ekspertiza təyin edilməsi haqqında qərarların sürətlərinin, mərhum yazarın xəstəlik tarixinin sürətinin onlara təqdim olunmasını təmin etməyi məhkəmədən xahiş ediblər.

Nəsimi Məhkəməsi, ardınca Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd edib.

Bəyanatda deyilir ki, qətl olayının istintaqının faktiki dayanması ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır.
XS
SM
MD
LG