Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 17:59

Rasim Ağayev: “İndiyədək hansı Azərbaycan prezidenti təcrübəli olub?”


Rasim Ağayev (Foto: RİA)
Rasim Ağayev (Foto: RİA)
-
Politoloq AzadlıqRadiosunun suallarını cavablayır

- Rasim bəy, hələ təsdiqlənməsə də, gələn həftə Rusiya prezidentinin Azərbaycana gələcəyi xəbərləri dolaşır. Müşahidəçilər bu səfərin seçkiöncəsi baş tutmasına diqqət çəkirlər. Bu səfərdən gözləntiniz nədir?
- Gözlənilən səfərlərdəndir. Azərbaycan-Rusiya münasibətləri gərək tənzimlənəydi. Son iki ildə bu iki dövlət arasında, o qədər ciddi olmasa da, soyuq küləklər əsirdi. Belə hesab edirlər ki, arada bir şey olmayıb. Nəhayət ki, münasibətlər həqiqi mənada iki müstəqil dövlətin münasibəti formasını alır. Rusiya prezidentinin Azərbaycana gəlməsinin bir xüsusiyyəti var: Putinlə Əliyev maneə yaradan problemləri aradan götürməyə hazırdırlar.
- Sizcə, Putin, bütövlükdə rəsmi Moskva, indiki dövlət başçısı və hakim partiyanın prezidentliyə namizədi İlham Əliyevin başlıca rəqibi sayılan Rüstəm İbrahimbəyovun vətəndaşlıq məsələsinə necə yanaşacaq?
- İbrahimbəyovu Rusiya vətəndaşlığından çıxarmaq məsələsi iki ölkə münasibətlərində o qədər də böyük rol oynamır. Bu məsələ bir il əvvəl qoyulsaydı, bu qədər qabarmazdı. İbrahimbəyovun məsələsi, əvvəl-axır, Putinə çatacaq. Onun da “yox” deməyə əsası yoxdur, axı. Putin bu məsələni spekulyasiyaya çevirə bilməz. İndi onun qarşısında ciddi problemlər var – Qafqaz problemi, Azərbaycanla münasibətləri bərpa etmək problemi. Mənə elə gəlir, Putin bu nöqteyi-nəzərdən çıxış edəcək.
- Yəni İbrahimbəyovun vətəndaşlıq məsələsini müsbət həll edəcək?
- Mənə elə gəlir.
- Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı da olması, istər-istəməz, Milli Şuranın da Rusiyameylli qurum olması barədə fikirlərə yol açır. Sizcə, bu yanaşma nə qədər əsaslıdır?
İlham Əliyev və Rüstəm İbrahimbəyov
İlham Əliyev və Rüstəm İbrahimbəyov
- Bu fikir çox cılız, səfeh, yüngül fikirdir. Onda gəlin birdəfəlik – orada yaşayan iki milyon azərbaycanlının təxminən bir milyonunun Rusiya vətəndaşlığı var – qonşu ölkədə yaşayan Rusiya vətəndaşlarını süzgəcdən keçirək və hamısından soruşaq: “Qardaş, sənin ikili vətəndaşlığın var, bu nə məsələdir?”. Rüstəm İbrahimbəyovla bağlı bu məsələnin qaldırılması Milli Şuranın yaranmasından qaynaqlanır. Milli Şuranın yaranması Azərbaycan siyasi təfəkküründə böyük addım idi. Rüstəm İbrahimbəyov faktoru olmasaydı, bu qurum yaranmazdı. İlk dəfə belə şəxsiyyət tapıldı və onun ətrafında belə təşkilat yarandı. Onun dalınca da çox danışıldı – ay nə bilim, təcrübəsizdir-filan. Guya indiyədək hansı Azərbaycan prezidenti təcrübəli olub? Onun namizəd olmaması üçün ciddi səbəb gətirə bilmədilər. Ortaya da ancaq vətəndaşlıq məsələsi çıxdı və indi ondan istifadə edirlər.
- Milyarderlər İttifaqının Rusiya layihəsi olduğunu, bu qurumun Azərbaycan hakimiyyətinə təsir və təzyiq üçün yaradıldığını söyləyənlər az deyil. Sizcə, azərbaycanlı Rusiya milyarderləri Azərbaycanda prezident seçkisi kampaniyası zamanı necə davranacaq?
Vladimir Putin və İlham Əliyev - Qazaxstan 17 iyun 2006
Vladimir Putin və İlham Əliyev - Qazaxstan 17 iyun 2006
- Birincisi, azərbaycanlılar Azərbaycan hələ müstəqilliyə qovuşmazkən Rusiyada milyarder olublar. Məsələn, Vahid Ələkbərov. Onun Rusiyada böyük nüfuzu var. Söyün Sadıqovun da həmçinin. Onu Heydər Əliyevlə Siyasi Büroda işləyəndə tanış ediblər, özü də Qrişin tanış edib. Orda yaşayan azərbaycanlıların əksəriyyəti sovet adamları olublar və özlərini öz güclərinə təsdiqləyiblər. Qaldı milyarderlər klubunun yaradılmasına, bunun Azərbaycana da xeyri var, oradakı Azərbaycan diasporuna da. Qanuni qurumdur. Bunlar indiyəcən elə bir addım atmayıblar ki, onları anti-Azərbaycan siyasətində ittiham edəsən. İbrahimbəyov da dəfələrlə deyib ki, o klubdakı adamlar çox qorxacaqdılar, ona görə də Azərbaycan-Rusiya probleminə və ya Azərbaycandakı problemlərə ehtiyatla yanaşırlar. Özü də onlar ağıllı adamlardır və bilirlər ki, hansı addımı atsalar da, gərək hər iki ölkənin qanunlarına uyğun olsun. Ona görə bu söhbətlər çiy söhbətdir. Həmin təşkilatın Azərbaycana xeyrindən başqa ziyanı yoxdur.
- Belə sual da səslənir: Putinin səfəri Azərbaycanı hansı sahilə yaxınlaşdıracaq: demokratiyaya, yoxsa, avtoritarizmə?
- Avtoritarizmdən nə Rusiya canını qurtarıb, nə də Azərbaycan. Yaxın gələcəkdə nə Azərbaycan, nə Rusiya, nə başqa postsovet ölkələri avtoritarizmdən canlarını qurtara biləcək. Demokratiya bir prosesdir.
- O zaman, sizcə, Azərbaycan üzünü Qərbə, yoxsa Şərqə – Rusiyaya tutub?
- Rusların ikibaşlı qartal simvolu var ey, bir başı Qərbə, bir başı Şərqə baxır, indi Azərbaycan da o vəziyyətdədir.
XS
SM
MD
LG