Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:12

Gürcüstandan qopmuş əyalətlər: Təntənədən ürkək nikbinliyə doğru


Tsxinvalidə 2008-ci il müharibəsinə ucaldılmış abidə
Tsxinvalidə 2008-ci il müharibəsinə ucaldılmış abidə
-
Gürcüstandan qopmuş Cənubi Osetiyada elə bir yoxsulluq və kütləvi işsizlik var ki, hətta kiminsə işlədiyi barədə qeybət hay-küyə səbəb ola bilər.

Lakin özünü Madina kimi təqdim edən müəllimin dediyinə görə, bu yaxınlarda əyalətin əsas şəhəri olan Tsxinvalidə söz çıxıb ki, bir yeni zavod iş yerləri açıb.

«Eşitdiyimə görə, onların yeni açdıqları zavod 350 adama iş verəcək. Xeyli adam orada işləmək istəyir», – deyir Madina. «Adamlar bekarçılıqdan, qanunsuzluqdan, tinlərdə veyllənməkdən və az-çox pul qazanan qonşularına paxıllıq etməkdən yorulublar».

2008-ci ildə Rusiyanın Gürcüstan üzərində qələbəsini və Moskvanın bu iki əyalətin müstəqilliyini tanımasını sakinlər böyük ümid və ruh yüksəkliyi ilə salamlamışdılar».

Bu, əyalətlərin müstəqillik uğrunda uzun mübarizələrində həlledici an idi. Lakin ötən 5 ildə yalnız bir ovuc ölkə bu iki əyalətin müstəqilliyini tanıdı. Hər iki region iqtisadi baxımdan təcrid olunub və siyasi baxımdan Moskvadan asılı vəziyyətdədir.

«MOSKVA BİR GÜNƏ TİKİLMƏYİB»

AzadlıqRadiosunun bu bölgədə söhbət etdiyi adamlar ehtiyatlı nikbinlik ifadə edirlər, lakin narahatlıqlarını da gizlədə bilmirlər. Madina doğma şəhərinin az qala tamamilə yerlə-yeksan olduğu 2008-ci ili xatırlayır və gələcəyə inamla baxmağa çalışır.

«Ən əsası odur ki, biz sülhü əldə etmişik, hətta qonşularımızla da», - deyir Madina. «Əlbəttə, hər şey daha yaxşı ola bilərdi. Amma Moskva da bir günə tikilməyib.
Abxaziya - 2013
Abxaziya - 2013
Bəlkə də işlər yavaş-yavaş qaydasına düşdü və problemlərimiz çözüldü».

Abxaziyanın baş şəhəri Suxumidə də özünü Natalya kimi təqdim edən qadın deyir ki, bölgə 1992-1993-cü illər müharibəsinin törətdiyi dağıntı və baxımsızlıqdan çıxır, yavaş-yavaş yenidən qurulur.

«Burada bir sıra köklü dəyişikliklər baş verib», – deyir Natalya. «Adamlar, onların əhval-ruhiyyələri dəyişib. Onlar bilirlər ki, gələcəyə ümid var, bunun üçün təməl var. Belə hisslər bizdə əvvəllər yox idi».

FƏRQLİ MƏQSƏDLƏR

Lakin bu iki region həm də nəzərəçarpacaq dərəcədə fərqlidir.

Abxaziya nisbətən izdihamlı sahilləri və Qara dənizə çıxışı, turizmi olan bir bölgədir. Cənubi Osetiya isə Rusiya ilə Gürcüstanın arasında yerləşən kiçik və yoxsul bir əyalətdir. Onun hətta Rusiya ilə əlaqəsi də sıldırım dağların altından salınmış birtərəfli yola malik köhnə tuneldən keçir. Moskva Dövlət Universitetinin professoru Alexander Karavaev deyir ki, bu bölgənin iqtisadi inkişaf üçün bazası yoxdur.

Bəlkə də iki region arasında əsas fərq budur ki, Cənubi Osetiyada, Moskva tərəfindən dəstəklənən hakim elita da daxil olmaqla, adamların çoxu Rusiya Federasiyası ilə inteqrasiya istəyir. Lakin abxazların hamısı tam müstəqilliyi dəstəkləyir.

Abxaziyada Rusiya hərbçiləri - 2008
Abxaziyada Rusiya hərbçiləri - 2008
«Müstəqillikdən bu yana mənim ölkəm necə dəyişib?» – deyə Suxumi sakini Yuta AzadlıqRadiosu müxbirinin sualını təkrar edir. «İndi mən başımı uca tutub gəzirəm, çünki mən müstəqil Abxaziya Respublikasının vətəndaşıyam və mənim ölkəmi dünyanın ən güclü dövlətlərindən biri olan Rusiya tanıyıb».

«SOVET DÖVRÜNÜN SƏVİYYƏSİNDƏ»

London Universitetində Qafqaz dilləri üzrə professor George Hewitt deyir ki, müharibədən və Moskvanın bölgəni rəsmən tanımasından sonra Abxaziyada çoxları beynəlxalq birliyin dəstəyini gözləyirdi. G.Hewitt Abxaziyanın müstəqilliyinə tərəfdardır. O, «Uyuşmaz qonşular: Gürcüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya münaqişələrinə yeni baxış» kitabının müəllifidir.

«Bəziləri deyə bilərlər ki, bu, özündən müştəbehlikdir və ya aşırı nikbinlikdir. 1992-1993-cü illər müharibəsindəki qələbə zamanı da belə olub», - deyir Hewitt. «Abxazlar düşünürdülər ki, Qərb onların müstəqilliyinə daha rəğbətli olacaq. Lakin biz bilirik ki, belə olmadı. Çox az ölkə 2008-ci ilin 26 avqustunda Rusiyadan nümunə götürdü».

AzadlıqRadiosuna Suxumidən danışan Hewitt deyir ki, Birləşmiş Krallıq və başqa Qərb ölkələri öz vətəndaşlarına Abxaziyaya səfər etməməyi tövsiyə edirlər. Nəticədə buradakı sərfəli turizm sənayesi Sovet dövrünün səviyyəsində qalıb. Hewitt deyir ki, abxazlar Rusiyanın dəstəyinə görə minnətdardırlar, lakin narahatdırlar ki, Gürcüstanın bölgəni təcrid etmək cəhdləri onların Moskvadan asılılığını daha da artıra bilər.
Tsxinvalidə müstəqilliyin ildönümünü qeyd edirlər, 2010
Tsxinvalidə müstəqilliyin ildönümünü qeyd edirlər, 2010

«QIZINMADIQ İSTİSİNƏ…»

Hər iki region səriştəsizlikdən və korrupsiyadan əzab çəkir. Moskvanın iri yardımları da köməyə çatmır. Hamı bilir ki, işsizliyin miqyası ağlasığmazdır.

«Burda adi insan üçün gələcək yoxdur», - Tsxinvali musiqiçilərindən Inna Guchmazova deyir. «Burda imkanlı olmaq üçün ya gərək məmur, ya da hökumət adamı olasan. Düşünürəm ki, heç o adamların da gələcəyi yoxdur. Hələlik imkanlıdırlar, çünki vəzifələri var. Burda inkişaf yoxdur, yeni nə isə etmək mümkün deyil. Qızınmadıq istisinə, kor olduq tüstüsünə…».

Hər iki regionun sakinləri bilirlər ki, onlar özlərindən çox az asılı olan prosesin içindədirlər. Tsxinvalili müəllimə Madina-nın qızı 8 yaşlı Fatima gələcəkdən nə istədiyini daha yaxşı anlayır:

«Müharibədən sonra şəhər dəyişib», - deyir Fatima. «Onlar bir neçə bina, qəsəbə tikiblər, park salıblar, məktəblər, zavodlar, hərbi bazalar yaradılıb. Amma mən istərdim ki, şəhər daha da böyük olsun. Daha çox evləri, parkları və karuselləri olsun».

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG