Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:11

Seyran Səxavət: «Mən kişilikdən istefa vermişəm»


Seyran Səxavət
Seyran Səxavət
-

"Milli Məclisdə oturanların doxsan faizinin evində yediyi çörəyə and içə bilmərəm, çünki o çörək halal deyil".


AzadlıqRadiosunun "Pen klub" proqramının qonağı yazıçı Seyran Səxavətdir.


- Seyran müəllim, siz həmişə əsərlərinizdə Qarabağ mövzusuna, qaçqınların yaşamına, müharibəyə toxunmusunuz. Məsələn, “Nekroloq” əsərində. Amma son illər əsərlərinizdə bu görünmür, bu mövzuda yazmaqdan yoruldunuzmu?

- Mən artıq 3-4 ildir həm özümə, həm ərkim keçən dostlarıma Qarabağ haqqında yazmağı qadağan etmişəm. Əvvəla, Qarabağ haqqında çox yazılıb. Mən ərkim keçən 5-6 yaxın dostuma tapşırmışam ki, qurtarın bu haqda yazmağı! Onlar da sizin kimi əvvəlcə təəccüblənib. Bilirsiniz, məncə Qarabağ haqqında ən yaxşı əsəri Ali Baş Komandan yazmalıdır, Müdafiə Naziri yazmalıdır. Yetər boş-boş şeylər yazdıq.
Mən özümü azdan-çoxdan istedadlı, güclü fantaziyası olan yazıçı hesab edirəm. İstəsəm Qarabağ haqqında bir əsər yazaram ki, bir qarabağlı ya da sadəcə, bir azərbaycanlı qıra-qıra gedir, düz Ermənistana qədər. Amma mənə əsər lazım deyil, mənə Qarabağın özü lazımdır ki, əlimlə, gözümlə, üzümlə, ölümümlə ona toxuna bilim.

Mən bir dəfə bunu demişəm, istəyirəm AzadlıqRadiosunun dinləyiciləri üçün yenidən deyim. Nə qədər ki, Qarabağ işğal altındadır, bu ölkədə kim özünü kişi hesab edir etsin, mən özümü kişi hesab etmirəm. Təqribən iki il bundan əvvəl televiziyaların birində bu mənada kişilikdən istefa vermişəm.

- Bəs sizin bu boykot çağırışınıza dostlardan əməl edən var?

- Var. Bax, Musa Yaqub, Ramiz Rövşən mən deyəndən sonra yazmırlar, Seyran Səxavət yazmır, Vaqif Bəhmənli yazmır. Bilirsiniz, bu bir kampaniya deyil, mən istəyirəm közü qoyub külüylə oynamayaq. Biz həmişə odu qoyub küllə oynayan xalq olmuşuq. Amma buna baxmayaraq mən özüm 8-10 ay əvvəl “Qarabağın daşı yaman ağırdır” adlı bir şeir yazmışam, amma heç yerdə çap etdirməmişəm, söz danışmışıq axı.
Əkrəm Əylislinin kitabları Gəncədə yandırılır
Əkrəm Əylislinin kitabları Gəncədə yandırılır

“O ƏSƏRİN DƏ, ƏKRƏM ƏYLİSLİNİN KİTABLARINI YANDIRMAĞIN DA BƏRAƏTİ YOXDUR”

- Amma müharibədən yazanlar hələ də var. Əkrəm Əylisli “Daş yuxular”ı yazdı və xeyli də qalmaqala səbəb oldu, fəxri adından, ordenindən məhrum olundu, cəmiyyətdə çoxluq tərəfindən qınaqla qarşılandı. Siz bu romana necə baxırsınız?

- Mən o romanı oxumuşam. Biz televiziyada deputat Çingiz Qənizadə ilə üzbəüz dayanıb bunu müzakirə də etmişik. Mənim aləmimdə o əsərin bəraəti yoxdur, amma Əkrəm Əylislinin kitablarını yandırmağın də bir o qədər bəraəti yoxdur. Əylisdə, sonra Bakıda o kitabların yandırıldığını görəndə, doğurdan mənə elə gəldi ki, Əkrəmin balalarını yandırırlar. O əsərin ona görə bəraəti yoxdur ki, birtərəfli yazılıb. Əkrəm o əsərə qədər həmişə böyük yazıçı olub.

Çingiz Qənizadə həmin söhbətdə sual verdi: “Axı, bu Əkrəmin nəyi çatışmırdı ki, belə yazdı? O xalq yazıçısı, prezident təqaüdçüsü, “Şöhrət” ordeni sahibiydi...” Nə qədər ibtidai, nə qədər pereferik yanaşmadır bu. Belə çıxır ki, kiminsə adı varsa, ordeni varsa, yaxşı təqaüd alırsa, həqiqətin gözünün içinə düz baxmamalıdır? İndi mənim heç nəyim yoxdur, mən hökumətimin, dövlətimin ayağının altını qazımalıyam? Fikir verirsiz yanaşmaya? Deməli, dövlət sənə hər şeyi veribsə susmalısan, yaxud pis şey yazmamalısan? Məgər vətəni sevmək, dövləti sevmək də alver obyektidir? Burda verən tərəf də, alan tərəf də mənim gözümdən düşdü. Amma görürsünüz Allah Əkrəm Əylisliyə istedad verib, heç vaxt da geri almır.

- Belə fikirlər də var ki, bu əsərdə yazıçı müharibəyə bir az da qarşı tərəfdən baxmağı təklif edir, digər millətin ağrılarına kənardan baxmağı tövsiyə edir. Siz necə baxırsınız buna?

- Belə deyim də, insan evinin içində, ailəsində ölüm ayağında bir insanı qoyub iyirmi kilometr uzaqlıqdakı insanın dərdini çəkməli deyil. Azərbaycan təfəkkürü var, indiki vəziyyətimiz var. Mən Əkrəm Əylislini bir yazıçı kimi müdafiə etdim, amma bir dənə bu əsəri müdafiə edə bilməzdim. Dedim, “Allah sənə insaf versin, bir əl yeri qoyaydın da müdafiə etməyə”. Heç dırnaq yeri də yoxdur. Əgər bu, böyük humanizm sayılırsa, mən elə humanizmi heç vaxt qəbul eləmərəm.

- Bəs siz necə yazardınız bu romanı?

- Mən elə əsər yazmazdım. Mən “Yəhudi Əlifbası” yazmışam, “Nekroloq” yazmışam, “Bəhanə” yazmışam, “Daş evlər”i yazmışam. O mənim mövzum deyil. Amma sizi elə çox maraqlandırırsa, “Qaçaqaç”da Gəncə qatarında tanış olduğum çox gözəl bir erməni qızı haqqında yazmışam. Heç bir qınağa filan da tuş gəlməmişəm.

“HEÇ OLMASA KASIB-KUSUBA DA 5-6 LİTR NEFT VERİLSİN”

- Seyran müəllim, bir az da seçkilərdən danışaq. Qarşıdan seçkilər gəlir. Sizcə, bu ölkəyə necə prezident lazımdır?

Şahnaz Bəylərqızı və Seyran Səxavət
Şahnaz Bəylərqızı və Seyran Səxavət
- Elə prezident lazımdır ki, ilk növbədə təhsilin qayğısına qalsın. Son 20 ildə Azərbaycanda təhsil ölüb, dəfn eləyən yoxdur, qalıb ortalıqda iy verir. Sonra neft gəlirlərini adam balası kimi bölmək lazımdır. Heç olmasa kasıb-kusuba da ordan beş-altı litr neft verilsin. Bu ölkədə cəmisi doqquz milyon adamıq, bu ölkənin yeraltı, yerüstü sərvətləri imkan verir ki, dünyanın bütün xalqlarından yaxşı yaşayaq. Korrupsiya, rüşvətxorluq yığışdırılsın. Bu gün Azərbaycanda hara gedirsən rüşvət var. Rüşvət yeməyən adam yoxdur. Adam iyrənir.

“MİLLİ MƏCLİSDƏ OTURANLARIN 90 FAİZİNİN EVİNDƏ ÇÖRƏYƏ AND İÇƏ BİLMƏRƏM”

- İstəmirəm burda da ərəb ölkələrindəki kimi olsun, həmişə dua edirəm ki, sakitçilik olsun. Onsuz da mənə heç nə lazım deyil, amma elə şeylər var, onu adamın əlindən almaq özü haramçılıqdır. Məsəl üçün bunu bərkdən demək istəyirəm Milli Məclisdə oturanların doxsan faizinin evində yediyi çörəyə and içə bilmərəm, çünki o çörək halal deyil. Bunu hamı bilir, Allah özü bizə kömək etsin.

- Seyran müəllim, ən böyük arzunuz nədir?

- Həmişə balaca arzularla yaşamışam. Əgər bir həftə əvvəl soruşsaydınız deyərdim ki, yaşadığım Mərdəkan qəsəbəsinə qaz verilsin.

- Amma bəlkə də başqası olsaydı, deyərdi ki, ən böyük arzusu Qarabağın qaytarılmasıdır.

- Yox o arzu deyil, elə arzu olar? Şeyx deyir ki, inşallah gələn il Ramazan bayramını Şuşada keçirək, müdafiə naziri də deyir: “Allahın köməyilə torpaqları geri alaq”. Allahın bizim qarşımızda öhdəliyi yoxdur ki. Mən müharibə təzə başlayanda deyirdim ki, Allahın köməkliyi ilə torpaqları geri alaq, indi isə zorla istəyirəm. Bu artıq arzu deyil, istəkdir, hikkədir, mövqedir.
XS
SM
MD
LG