Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:19

Rəsul Rza gənc Ələkbər Salahzadə və İsa İsmayılzadəni müdafiə edir


Rəsul Rza
Rəsul Rza
-

"Ələkbər Salahzadənin “Boy” şeiri də “Qayğı və tələbkarlıq” məqaləsində kəskin tənqid olunur. Lakin bu tənqid kəskin olduğu qədər asaslandırılsaydı, məqalənin sərlövhəsinə daha uyğun olardı".

"Məgər şair şeirdə namərdlərin siyahısını verməli, ünvanını yazmalı imiş?"


Rəsul Rza bu məqaləsində dövrünün digər tanınmış şairləri Süleyman Rüstəm və Nəbi Xəzrinin tənqidlərinə cavab verir, həmçinin bəzi başqa yazılara münasibət bildirir. S.Rüstəm və N.Xəzri iddia edirdilər ki, R.Rzanı "İzvestiya" qəzetinin 6 oktyabr 1964-cü il sayında çap edilmiş "Müxtəliflər və yaxşılar" məqaləsində bəzi gənc yazarları layiq olmadıqları halda tərifləyir. S.Rüstəmlə N.Xəzri bu haqda "Ədəbiyyat və incəsənət" qəzetində çap edilən "Qayğı və tələbkarlıq" məqaləsində yazıblar, Əli Kərim, Fikrət Qoca, İsa İsmayılzadə və Ələkbər Salahzadənin şeirlərini tənqid ediblər..


SOVET DÖVRÜNÜN ƏDƏBİ QOVĞALARI


Rəsul Rza


QAYĞI SÖZÜ VƏ QAYĞI ÖZÜ

(ixtisarla)


...Məqalələrdən birində İsa İsmayılzadənin “Yağış gölməçəsi” şeiri “bulanıq gölməçələrə “fəlsəfi” münasibət” adlandırılır. Bu şeirin təhlilində də eyni priyom işlənmiş və tənqidçi, mülahizələrini şeirin ikinci bəndindən gətirilmiş misallarla əsaslandırmağa çalışmışdır.

Əslində, bu şeir bir lövhədir. Şeir belə başlanır:

Damcılar göylərdən əlini üzdü,
Buludlar özünü seyr etmək üçün
Bulanıq güzgütək gölməçələri
Torpağa düzdü.


Sonra şair yağış gölməçələrinin tala-tala yerə düzüldüyünü, bu gölməçələrdə buludun, günəşin, payız mənzərələrinin əks olunduğunu təsvir edir. Bu poetik mənzərə şeir sözünü dırnaq arasına almaq üçün nə əsas verir? Şeirdə belə bir bənd də var:

“Atını” göylərdə sürdü çoxusu
Ayağı çırmalı uşaqların da
Çubuq köhlənlərin dırnaqlarında
Çilik-çilik oldu göyün yuxusu.


Yerdə əmələ gəlmiş gölməçələrdə göylər əks olunmuşdur. Uşaqlar atını bu gölməçələrdə “əks olunmuş göylərdə” çapırlar. Hər uşaq üçün onun mindiyi çubuq bir köhləndir. Çubuğun yerlə sürünən başı sanki bu köhlənin dırnağıdır. Uşaqların çubuq köhlənləri keçdikcə gölməçənin sükutu – yuxusu şüşə kimi (gölməçənin üzü doğrudan da şüşəyə bənzəmirmi?) sınır, çilik-çilik olur.

Əgər bu, poeziya deyilsə, bəs poeziya nədir?

Yaxşı olmazmı sadəliklə primitivliyi bir-birinə qarışdırmayaq, hissə qapılmadan, təmkinlə oxuyaq, başa düşməməyə yox, başa düşməyə çalışaq. Onda bu şeirlərdə heç bir düyün, duman, pərdə və sair olmadığını görərik.
İsa İsmayılzadə moldovalı şairə ilə
İsa İsmayılzadə moldovalı şairə ilə

Məqalə müəllifləri həmin şeirdən başqa bir misra gətirərək “torpağa bir damcı gələnə qədər” sözlərinin sonuna qara bir sual işarəsu qoyur. Yəqin bu sualın da mənası budur ki, burada fikir aydın deyil. İstər ədəbiyyatımızda, istərsə də danışıq dilimizdə “qar gəlir”, “yağış gəlir” ifadələrini istədiyimiz qədər işlətmişik və işlədirik. Burada qara və ya başqa rəngli sual qoymağa heç bir ehtiyac yoxdur.

Sual işarəsi tək burada deyil, başqa bir neçə sətrin də sonunda məqalə müəllifləri tərəfindən qoyulmuşdur.

Bu suallar yəqin təəccüb ifadə etməlidir. Doğrudan da adam təəccüb qalır. Amma gətirilən misralara yox, müəlliflərin diqqətsizliyinə. Əgər bir əsəri tənqid edir, onun haqqında tez-tez düyümlü, əcaib-qərayib, dumanlı və bu qəbildən sözlər işlədiriksə, gətirdiyimiz sitatlar əslinə uyğun olmalıdır.

Məqalə müəllifləri İsa İsmayılzadənin şeirindən gətirdiyi misalda “özünə” sözünü “özümə” sözü ilə əvəz edib mənanı təhrif edir və bu əsasda şairə irad tutur.

Tənqid olunan gənc şairlər arasında Ələkbər Salahzadə də vardır. Məqalə müəllifi sözə bilavasitə Salahzadənin şeirlərinin məzmunsuz və mücərrəd olduğunu söyləməklə başlayır. Bu mücərrədlik və məzmunsuzluq nə imiş:

Qurtarmaq olmur hələ
Namərdlərin torundan.


Məqalə müəllifi soruşur: burada hansı namərdlərin torundan söhbət gedir?

Bu sualın özü mücərrəd deyilmi? Məgər şair şeirdə namərdlərin siyahısını verməli, ünvanını yazmalı imiş?
Süleyman Rüstəm
Süleyman Rüstəm

Əgər məqalə müəllifi bu fikirdədir ki, bizdə artıq yaramaz adamlar, namərdlər, cəmiyyətimizin inkişafına mane olanlar yoxdur, bütün adamlar mərd, müsbət, fədakar insanlardır, keçmişin bütün qəbahətləri silinib və s., təəssüflə deməliyik ki, bu hələ həqiqətə çevrilməmiş arzumuzdur. Milyon-milyon namuslu, mərd vətəndaşlar arasında tək-tək, cüt-cüt namərdlər də vardır. Yəqin ki, şair belə namərdlərin torundan şikayətlənir.

“Qayğı və tələbkarlıq” məqaləsinin müəllifləri də Salahzadənin şeirinə bir sıra irad tutur, “düyümlü ifadələr”, “mücərrəd”, “anlaşılmaz”, “həyat nəfəsi ilə isinməmiş”, “axıcılıqdan məhrum”, “mücərrədlik dumanında itib-batan” və bu kimi söz birləşmələrini işlədir, dırnaqları bollu-bollu səpələyir, misraların qabağına sayıq qarovulçu kimi dayanmış sual işarələri qoyurlar.

Məqalə müəlliflərinin istehza və narazılığına səbəb olan bir neçə sətir haqqında fikrimi demək istəyirəm.

Dirsəklənib əsrimə
Mən baxıram dənizə.


Belə demək olarmı? Əsrə dirsəklənmək olarmı? Əlbəttə, bu sözü hərfi mənada anlasaq, bu mümkün deyil. Necə ki “yar gəlməsə, dünyanı yandırmaq” olmaz; necə ki “bahar gülməz”, necə ki “cığırın mənasına dalmaq” olmaz, “dağlar ah çəkməz” və s. və s.

(Burada gənc şairi belə ifadə işlətdiyi üçün deyil, bəlkə ifadəni asılı qoyduğu, şeirin ümumi ideya-bədii mənası ilə orqanik bağlaya bilmədiyi üçün tənqid etmək olardı).

Belə ifadələr isə istər klassik, istər müasir ədəbiyyatmızda çoxdur. Fərqi burasındadır ki, şair “gəlməsən, yandıraram bütün dünyanı” deyəndə biz, onun məhəbbətinin hərarətini duyuruq. Lakin “cığırın mənasına dalanda” biz, bu sözlərin sadəlövh, dərin varlığına biganə qalırıq. Ədəbiyyatda məcaz deyilən bir məfhum da var. Əgər şair məcazdan istifadə edərək təşbeh, obraz yaradırsa, bizim bu obrazları “başa düşülmür” deyə qapıdan qaytarmağa haqqımız yoxdur. Ancaq “səadətin al günəşi güləndə” və bu qəbildən olan misralar bizdə heç bir konkret təsəvvür yaratmır.

Ələkbər Salahzadənin “Boy” şeiri də “Qayğı və tələbkarlıq” məqaləsində kəskin tənqid olunur. Lakin bu tənqid kəskin olduğu qədər asaslandırılsaydı, məqalənin sərlövhəsinə daha uyğun olardı.

“Boy” şeirini oxuyanlar belə nəticə çıxarırlar ki, müharibə insanlıq üçün, xalqlar üçün, dünyamız üçün bir fəlakətdir. Müharibə cəmiyyətin inkişafını ləngidir, onun boy atmasına mane olur. Məqalə müəllifləri soruşurlar: müharibənin boya nə dəxli var?

Müharibənin boya belə dəxli var ki, o, anaların övlad bəsləməsinə mane olur, fizioloji mənada belə götürsək, böyüməli olan körpələrin boyunu xeyli ləngidir. Müharibə yüz minlərlə körpələri doyunca çörəkdən, isti ocaqdan, ata məhəbbətindən, ana qayğısından məhrum edir. Onun qanlı girdabına düşən uşaqlardan qırdığını qırır, qalanlarını isə təbii boy atmağa qoymur.

Şair öz nəslini – müharibə vaxtı doğulanları qayğıya möhtac bir fidana bənzədir, müharibənin başqa fəlakətləri ilə yanaşı bu nəslə vurduğu ağır zərbəni xatırlayır:

Kimlər kəsdi suyumuzu?!
...Kimdən alaq boyumuzu? -


Bu sual bizdə müharibəyə qarşı dərin bir nifrət oyatmırmı? Bir şeir üçün bu azdırmı?..

Rəsul Rzanın "Mənim fikrimcə..." məqalələr toplusundan,
Bakı, 1967
XS
SM
MD
LG