Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:37

İsmayıllı qaçqını: «İcra başçısı bizə deyir ki, gedin torpağı Ermənistandan istəyin»


Ermənistan qaçqını Fərman Tarayev
Ermənistan qaçqını Fərman Tarayev
-
İsmayıllı rayonunun Kökəltmə adlanan ərazisində məskunlaşan Ermənistan qaçqını Fərman Tarayev deyir ki, yenidən köçmək təhlükəsi ilə üzləşiblər. Onun sözlərinə görə, həmin ərazidə 45 qaçqın və məcburi köçkün ailəsi yaşayır. 2011-ci ilin yanvar ayından başlayaraq problemlərlə üzləşiblər:
«QAÇQINLARIN PULU YOXDUR DEYƏ...»
«Yaşadığımız həmin ərazinin torpaqları əlimizdən alınaraq İsmayıllı rayon Aşağıbaş kənd sakini Fazil İsayev adlı şəxsə 99 illik icarəyə verilib. Hal hazırda bizlərin nə əkmək, nə də örüş kimi istifadə etməyə torpağımız var . Fazil İsayev çox imkanlı adamdır, fermer təsərrüfatı ilə məşğuldur. O, rayon icra orqanlarında çalışan şəxslərə külli miqdarda rüşvət verərək bu istəyinə nail olub. Dəfələrlə müraciət etmişik, məhkəməyə vermişik, hər dəfə də Fazil İsayev pul gücünə öz xeyrinə qərar çıxartdırıb.Həmin ərazidə kəndin girəcəyində və çıxacağında 300 hektardan çox zəbt olunmuş yer var, hamısı da tikanlı məftillərlə əhatəyə alınıb».
Fərman Tarayev qeyd edir ki, 2013-cü ilin, avqustun 16-da Baş prokuror Zakir Qaralovun Ağsuda keçirdiyi qəbulda olub və məsələ barədə onu xəbərdar edib. Baş prokuror həmin görüşdə İsmayıllı prokurorluğuna tapşırıb ki, bu məsələni araşdırsın və təcili tədbir görün:
«DEYİR Kİ, GEDİN TORPAQLARINIZI ERMƏNİSTANDAN İSTƏYİN...»
«Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və rayon icra hakimiyyətinə məktub gəlib. Ancaq məsələni nəinki həll etmək istəmirlər, hətta icra başçısı Mirdamət Sadıqov məni «həyasız» deyə təhqir də edib. Prezidentin təyin etdiyi icra başçısı bu gün qəbulda məni həyasız deyə təhqir edir. Sonra deyir ki, gedin torpaqlarınızı Ermənilərdən alın, yaşayın, burada sizə veriləcək torpaq yoxdur. Mən cənab prezidentə müraciət edirəm, bizim torpaqlarımızı alın, verin, gedib yaşayaq. Sizin təyin etdiyiniz məmur biz qaçqınlara bax belə sitəm edir. Cənab baş prokurora müraciət edərək deyirəm ki, cənab Zakir Qaralov, sizin verdiyiniz tapşırığı, burada saya salan olmadı. Mən Qaçqınlar Komutəsinin İsmayıllı şöbəsinin müdiri Tahir Əliyevə müraciət etmişəm ki, başçı tərəfindən təhqir olunmağım barədə yuxarı instansiyalara məlumat versin».
«MƏNƏ DEYILIB, ANCAQ YUXARILARA MƏLUMAT VERMƏMİŞƏM»
İsmayıllının mərkəzi küçələrindən biri
İsmayıllının mərkəzi küçələrindən biri
Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin rayon şöbəsinin müdiri Tahir Əliyev isə deyir ki, həmin gün qəbulda olmayıb. O, da həmin məsələni oradan-burdan və Fərman Tarayevin öz dilindən eşidib:
«Yuxarı məlumat vermədim. Bilirsiniz rayon rəhbəridir, hər xırda şeyi şişirtmək olmaz. Qaçqınların Kökəltmə ərazisində hüquqlarının pozulması həqiqətdir. Köhnə bələdiyyə sədrinin dövründə rayon məhkəməsinin əli ilə bu qanunsuz qərarı əldə ediblər. Hər yeri, qaçqının qapısının ağzını belə örüş yeri kimi aktlaşdırıb, qanuna oxşar şəkildə sənəd düzəldiblər. Biz də çalışırıq, ancaq bacara bilmirik. Çünki, maraqlı qüvvələr var və başında yüksək imkan durur».
«BU MƏSƏLƏNİN ÜMUMİYYƏTLƏ MƏNƏ AİDİYYATI YOXDUR»
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı şöbəsinin sədri Rövşən Behbutov isə bu məsələnin təmsil olunduğu quruma yox bələdiyyə orqanına aid olduğunu bildir:
«Bundan artıq bir şey deyə bilmərəm, gedin bələdiyyədən soruşun».
«HƏLƏ BİR DƏFƏ DƏ OLSUN BİZƏ RƏSMİ MÜRACİƏT ETMƏYİB»
İsmayıllı şəhər bələdiyyəsinin sədri Fəqan Məmmədov isə deyir ki, əvvəllər sözü gedən bələdiyyə ayrı olub. Bir neçə ay bundan qabaq rayona bitişik kənd bələdiyyələri şəhər bələdiyyəsinə birləşdirilib:
«Yəni bu qanuni ya qanunsuz əməli köhnə bələdiyyə sədri həyata keçirib. Qaldı ki, Fərman Tarayevə hələ bir dəfə də olsa bizim quruma rəsmən müraciət etməyib. Müraciət etsin qanuna uyğun baxaq».
«MƏKTUB GƏLİB O, MƏSƏLƏ DİQQƏT MƏRKƏZİNDƏDİR...»
Rayon icra hakimiyyətinin aqrar məsələlər üzrə baş məsləhətçisi Paşa Məmmədov isə deyir ki, bu məsələ ilə bağlı yuxarı instansiyalardan onlara məktub daxil olub:
«Bu məsələ rəhbərliyin diqqət mərkəzindədir və araşdırılıb tədbir görüləcək.Vətəndaşın tələsməsi ilə deyil ki, qanun, qayda, prosedur var, hər hal qanuni həllini tapacaq»
«VƏTƏNDAŞ YALAN DANIŞIR»
Sözü gedən ərazini 99 illiyə icarəyə götürən Fazil İsayevin oğlu, Afət İsayev isə Fərman Tarayevi yalan danışmaqda və onlara böhtan atmaqda günahlandırır:
«İyirmi ildir ki, biz həmin ərazini istifadə edirik. Burada maldarlıqla məşğul oluruq. Özümüzün fermer təsərrüfatımız var. Torpaqları uzunmüddətli icarəyə götürmək üçün bütün qanuni normaları yerinə yetirirmişik, vergi və digər zəruri tələblərə əməl etmişik. Dəfələrlə o bu işi məhkəməyə verib, axırıncı dəfə də ali məhkəmə onun iddiasını rədd etdi. Köhnə icra başçısının dövründə bu əraziyə komissiya gəldi, yoxladılar və Fərmangilin altmış (60) hektar bu ərazidə, yüz (100) hektar isə Quşencə ərazisində örüş yeri üzə çıxdı. Bu adam sadəcə mənasız yerə həm özünü yorur, həm də bizlərə böhtan atır. Biz nə heç kəsə rüşvət vermişik».
İCRA HAKİMİYYƏTİ DEYİR Kİ…
İcra hakimiyyətinin baş məsləhətçisi Valeh Salehov da Fərman Tarayevin başçının onu təhqir etməsi kimi iddialarını yalanlayır:
«Ola bilər Fərman Tarayev səhv başa düşüb. Ancaq Mirdamət müəllim vicdanlı və çox məsuliyyətli adamdır, həyatıboyu bu cür ifadə işlətməz. Əksinə həmişə tədbirlərdə Mirdamət müəllim qeyd edir ki, hamımız bir millətin övladlarıyıq. Dərdimiz də, sevincimiz də birdir. Araşdırsanız görərsiniz ki, vəzifədə az müddətdə olmasına baxmayaraq nə qədər qaçqın və köçkünlərin problemlərin həll edib. Hər kəsdən özünə sərf edəcək şəkildə deyil, real olanı danışmağı xahiş edirəm. Belə məsələlərdə ədalət hissini itirmək olmaz».
XS
SM
MD
LG