Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:54

"Xeyli müxalifətçi Elçibəy haqda bu kitabın çapını istəmirdi"


M.Əliyevin kitabı
M.Əliyevin kitabı

22 avqust Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin ölüm günüdür.

"Əmin-amanlıq yaratmaq, barışıq tədbirləri görmək əvəzinə H.Əliyev S.Hüseynovu qızışdırıb Elçibəyin istefasını tələb etməyi ona təklif etdi.

Gəncədə olduğu vaxt o, S.Hüseynova bir neçə təklif verdi. Bunlardan biri o idi ki, mən Gəncədən çıxan kimi Bakıya yürüş et".



Eks-prezident Əbülfəz Elçibəy haqqında yeni kitab işıq üzü görüb.

Tam şəkildə burda oxuya biləcəyiniz kitabı onun qardaşı Murad Əliyev yazıb.

“Qardaşım Elçibəy haqqında xatirələrim” adlanan kitab cəmi 200 tirajla çap olunub və kütləvi satışda yoxdur. (Aşağıda kitabdan seçmələri oxu)

Murad Əliyev 1929-cu ildə doğulub. İxtisasca geoloq olub. Uzun illər geoloq kimi Kiçik Qafqaz Geoloji kəşfiyyat ekspedisiyasında işləyib. O, 2005-ci ildə dünyasını dəyişib.

Əbülfəz Elçibəyin ölümündən bir il sonra 2001-ci ildə qardaşı haqqında xatirələrini yazmağa başlayıb. Kitab 2005-ci ildə hazır olsa da, xeyli sonra - 2012-ci ildə çap olunub. Kitabı Murad Əliyevin qızı Səadət Məmmədova çapa hazırlayıb. O deyir ki, çapa maneələr yaradılıb:

- Maneələri aradan qaldırmaq xeyli çəkdi və ləngidik. Yaxşı adamların köməyilə çapı yalnız keçən il reallaşdıra bildik.

- Xatirələrdən ibarət kitabın çapına mane olmaq kimə lazım ola bilərdi? Bu maneələr hakimiyyət tərəfindəniydimi?

- Xeyr, belə demək olmaz. Bilirsiniz, əvvəla, nəşriyyatlar kitabı oxumamış, Elçibəy haqqında olduğunu bilən kimi çap etməkdən imtina edirdilər. Bundan əlavə müxalifətdə olan xeyli adam onun çap olunmasını istəmirdi.

- Maraqlıdır nəyə görə?

- Orda indi müxalifətdə olan bir çox adamın əməlləri açıqca yazılıb. Hər şey olduğu kimi.

- Kimlər haqqında?

- Demək istəməzdim.

- Yəni maneələr olsa da, həmin hissələr kitabdan çıxarılmayıb?

- Xeyr, xeyr, heç nə çıxarılmayıb.

- Bəs Murad bəy bu kitabı yazarkən nə dərəcədə səmimi olub. Doğrudanmı hər şeyi qələmə alıb?

- Murad bəy Elçibəyin doğulduğu vaxtdan, ölənə kimi bütün həyatını qeydə almağa çalışıb. Onun uşaqlığı, univerisitet illəri, siyasi fəaliyyəti və nəhayət xəstələndiyi illər aydın dildə qələmə alınıb. Biz də əlyazmasında heç nəyə toxunmadan çap etdirmişik. Amma etiraf edim ki, bəzi şeylər vardı ki, yazmaq olmazdı və atam da onları yazmamışdı.

KİTABDAN SEÇMƏLƏR

Kitab Əbülfəz Elçibəyin doğulduğu illərin təsviri ilə başlayır. Onun uşaqlığı, yeniyetməliyi Ordubadın Kələki kəndində keçir. Müəllif yazır ki, Əbülfəzin ilk millətçilik hissləri 1946-cı ildə hələ 8 yaşındaykən, İrandan azərbaycanlıların öz yurd-yuvalarından Naxçıvana qovulması və bütün bu hadisələrin onun gözü qarşısında cərəyən etməsi ilə doğulur:

“Əbülfəz “Bu millətin axırı nə olacaq?” deyə hey düşünməyə başladı. O gündən hər sözünün başında “Millət, Millət” deyərdi. Həmin ildən sonra onu ailədə Millət deyə çağırmağa başladılar, ta son zamanlara kimi. İnstitutu qurtarana qədər”. (səh 56)

Murad Əliyev
Murad Əliyev


Elçibəyin gizli təşkilatların nəzdində milli-qurtuluş fəaliyyəti 1970-ci illərdən başlayır. DTK onun izinə 1968-1969-cu illərdə düşmüşdü. Hətta ona xəbərdarlıq da edilmişdi. Kitabda Elçibəyin 1975-ci ilin yanvarında DTK tərəfindən həbs olunduğundan danışılır.

Kitabda belə bir məqam var. Elçibəy, onun anası Mehrinisa xanım və istintaq qrupunun rəhbəri polkovnik İ. Səlimzadənin o zamankı DTK sədri general Krasilnikovun kabinetindəki görüş təsvir olunub. Görüş zamanı Elçibəy öz mövqeyini müdafiə edir, tarixi faktlar gətirir, sübut edir, ölkədəki ruslaşma siyasətini ifşa edir. General hirslənib “Məhkəmədə cavab verərsiniz” deyir və qaşqabaqlı halda “Axır sözünüz nədir?” deyə Əbülfəzdən soruşur. Elçibəyin bu suala cavabı belə olur:

“Məni tutacaqsınız, iş verəcəksiniz. Sizdən xahiş edirəm, mənim üstümdə qohumlarıma, qardaşlarıma toxunmayasınız. Bir də məni partiyadan çıxarmayasınız”.

Generalın cavabı isə bu olub ki, qohumlarına, qardaşlarına heç kim toxuna bilməz. Hamısı yoxlanılıb. Bizim səninlə işimiz var. Qaldı ki, partiya məsələsi, gülümsəyərək, sən olan partiyada mən işləyə bilmərəm, əgər sən mən olduğum partiyada olsan, mən o partiyadan çıxaram, işləmərəm orda””. (səh 101).

Bu söhbətlərdən sonra Elçibəy qurama ittihamlar və yalançı şahidlərin köməyi ilə 18 ay müddətinə həbs olunur və bütün bu müddət ərzində Qaradağ Daş Karxanasında ağır işlərə təhkim olunur.

Həbsdən çıxdıqdan sonra o, Əlyazmalar İnstitundan işləyir, 1979-cu ildə evlənir. Sonradan Əbülfəz Elçibəyin məşhurlaşmış Bəy ləqəbinin tarixçəsi məhz bu dövrə gedib çıxır. Belə ki, o, evləndiyi üçün ona artıq Əbülfəz yox sadəcə Bəy deyə müraciət etməyə başlayırlar.

Kitabda daha sonra Elçibəyin siyasi yüksəlişindən və bunun ardınca seriya uğursuzluqlarından bəhs olunur. Müəllifin sözlərinə görə Elçibəy hakimiyyətini laxlatmaq istəyən ruspərəst qüvvələr arasında, Ayaz Mütəllibov, Heydər Əliyevlə bərabər, onun yaxın silahdaşları, bir də ona dönük çıxmış dostları da vardı:

“1993-cü ilin mart ayı girmişdi. Vəziyyət getdikcə gərginləşirdi. Daxili vəziyyəti gərginləşdirmək üçün ölkədə çörək qıtlığı yaradırdılar. Cəbhədən ayrılmış adamlar – Nemət Pənahov, Etibar Məmmədov, Surət Hüseynov, Rəhim Qazıyev və onların əlaltıları ölkədə hərc-mərclik salır, ayrı-ayrı rayonlarda mitinqlər təşkil edir, cəbhə xəttindən ordu hissələrini geri çəkirdilər. Cürbəcür bəhanələrlə eyni zamanda Naxçıvan MR-də vəziyyət daha da ağırlaşırdı. Onların bu işlərinə Rusiya havadarlıq edirdi”. (səh 158)

Başqa bir yerdə müəllif yazır:

“Bəy artıq görürdü ki, təklənməyə başlayıb. Bunu görən Bəy Rusiyada nüfuzu hələ də qalmaqda olan, daxildəki kommunistlərin keçmiş rəhbəri kimi Heydər Əliyevi bir ağsaqqlar kimi Naxçıvandan Bakıya dəvət etdi. H. Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Bir neçə gündən sonra Elçibəy H. Əliyevi bir ağsaqqal kimi Gəncəyə göndərdi.

Əmin-amanlıq yaratmaq, barışıq tədbirləri görmək əvəzinə H. Əliyev S.Hüseynovu qızışdırıb Elçibəyin istefasını tələb etməyi ona təklif etdi. Gəncədə olduğu vaxt o, S.Hüseynova bir neçə təklif verdi. Bunlardan biri o idi ki, mən Gəncədən çıxan kimi Bakıya yürüş et. Sənin qarşına heç bir ordu, əsgər çıxmayacaq. Ona görə o öz postundan uzaqlaşacaq. O, bəzi başqa tapşırıqlar da verib geri döndü”. (səh 160)

Bu minvalla müəllif Elçibəyin necə devrildiyindən və bundan sonra doğma kəndində azadlıqda necə həbsxana həyatı yaşadığından, qohumlarına, dostlarına, tərəfdaşlarına qarşı aparılan silsilə repressiyalardan bəhs edir. Lakin, kitabda bu da deyilir ki, onu sevən, özünə dost bilən insanlar axıra kimi yanında olublar, bəziləri isə yarı yolda qoyublar. Murad Məmmədov Elçibəyi məyus edən köhnə tərəfdaşlarından bəhs edərkən yazır:

“Bəy “Yeni Müsavat” qəzetində Rauf Arifoğlunun məqaləsini oxuyurdu. Oxuyub qurtarandan sonra mənə dönüb incimiş halda nə var, nə yox dedi. Dedim ki, nə olub nə yazıblar ki, incimisən? Qəzeti göstərib dedi ki, al oxu. Oxudum gördüm ki, bizim üçün mənasız böhtanlı sözlərdir. Dedim ki, fikir vermə, cavab yazacaqlar, bir vaxtlar siz Kələkidə olanda o sizi müdafiə edən yazılar yazırdı, indi də belə yazır. Bəy dedi ki, bu axır vaxtlar şitini çıxarıb, Allah cəzasını verəcək. Bəy çətin vaxtlarda bu sözü işlədirdi. Bir ay çəkmədi ki, R. Arifoğlu iqtidar tərəfindən tutulub cəzalandırıldı. Məhkəmə ona iş kəsib cəza evinə yolladı. Mən bir tanınmış müxbir yazısından danışdım. Buna oxşar müxbirlər, jurnalistlər çox olub, hamısı cəzalarını alıblar”. (səh. 184)

Namiq Hüseynli
Oxu zalı

XS
SM
MD
LG