Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:18

İsmayıllıda təşviqat yerlərindən yerli müxalifət narazıdır


İsmayıllıda mitinq üçün ayrılan meydan
İsmayıllıda mitinq üçün ayrılan meydan
-
Prezident seçkiləri ilə əlaqədar İsmayıllıda ayrılan təşviqat yerlərindən yerli müxalifət narazıdır.

Yerlərdən biri statistika idarəsinin qapalı zalı, digəri isə açıq hava şəraitində rayon qaz istismarı idarəsinin yanındakı meydandır.

«TOZ-TORPAĞIN İÇİNDƏ MİTİNQ OLUR?»

Müsavat Partiyası İsmayıllı şöbəsinin sədri Vidadi Həmidli ayrılan bu yerlərlə bağlı hakimiyyət mənsublarını məsuliyyətsizlikdə günahlandırdı:

«Nə məsuliyyətsiz qərardır! Burada toz torpağın içində mitinq keçirmək olar? Orada yaşayış yoxdur, rayondan kənar bir ərazidir. Hakimiyyət növbəti dəfə qərəzli olduğunu büruzə verdi. Mən hakimiyyətdə olanlara səslənirəm, unutmayın bu günün müxalifəti sabahın iqtidarıdır. Ataların bir sözü var, nə tökərsən aşına o, da çıxar qaşığına. Gərək onlar belə etməyəydi. İstənilən halda biz tədbirimizi daha uğurlu şəkildə həyata keçirəcəyik».

«BU YERİN TƏQDİM OLUNMASI BİZİ ALÇALTMAQ MƏQSƏDİ GÜDÜR»

AXCP İsmayıllı şöbəsinin sədri Sadiq Umudlu isə qeyd etdi ki, bu yerlərin təqdim olunması sadəcə onları alçaltmaq məqsədi güdür:

«Aydın məsələdir ki, YAP orada heç bir tədbir keçirməyəcək. Bunu o, məqsədlə ediblər ki, əhali ora getməsin. Bununla yanaşı, yenə öz düşmənçilik hisslərini boğa bilmirlər. Elə hey çalışırlar ki, müxalifəti gözdən salmaq üçün fəaliyyətdə olsunlar. Şəxsən özüm icra hakimiyyətində olub bu məsələyə öz etirazımı bildirmişəm. Təklif elədikləri qapalı yer rayon statistika idarəsinin zalıdır. Cəmi yüz (100) nəfər adamı zorla tutar, bunu ələ salmaq kimi qiymətləndirirəm. Mitinq üçün ayrılan yer natəmiz yerdir, orda yer ayırmaq özü biabırçılıqdır. İndidən belə başlayıblarsa, seçkini necə keçirəcəklər? Birinci YAP gedib orada mitinq keçirsin, ondan sonra biz gedirik».

«ƏRAZİ KİFAYƏT QƏDƏR GENİŞ VƏ YAXŞI ƏRAZİDİR»

İsmayıllı rayon İcra Hakimiyyətinin ictimai, siyasi humanitar şöbəsinin müdiri Sevil Əhmədova isə deyir ki, narahat olmağa dəyməz və ittihamlar yersizdir:

«Ərazinin mitinq və digər kütləvi tədbirlər üçün ayrılması 2008 ci ildə müvafiq sərəncamda öz əksini tapıb. Hesab edirəm ki, ərazi kifayət qədər geniş və yaxşı ərazidir. Hətta rayon rəhbərliyi olaraq oranın işıq problemi belə həll olunub. Başda YAP olmaqla hamı üçün orada nəzərdə tutulub. Hansı qərəzdən söhbət gedə bilər, başa düşə bilmirəm...».
XS
SM
MD
LG