Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:25

İ.Ağazadənin seçicilərlə görüşünə maneələr yaradılıb


Ümid Partiyasının sədri İqbal Ağazadə Ağstafada (Foto: Aynur İmranova)
Ümid Partiyasının sədri İqbal Ağazadə Ağstafada (Foto: Aynur İmranova)
-
Prezidentliyə namizəd İqbal Ağazadənin Ağstafada seçicilərlə görüşünə maneələr yaradılıb.

Bunu Ümid partiyasının mətbuat katibi Elman Abbasov AzadlıqRadiosuna bildirib.

Onun sözlərinə görə, mülki geyimli şəxslər görüşün keçiriləcəyi ərazini dövrəyə alıb və görüşə gəlmək istəyənlərə maneə yaradırlar.

Elman Abbasov onu da deyir ki, kəndlərdən rayona gələn yollarda da maneələr yaradılıb:

Seçicilərin görüş yerinə buraxılmadığını görənlər şəhər mərkəzinə yürüş etmək istəyib və İqbal Ağazadə də onlara qoşulub. Amma Ağstafa polis rəhbərliyi İqbal Ağazadədən qarşıdurma yaranmaması üçün yürüşü dayandırmağı istəyib. İqbal Ağazadə stadionun qarşısında çıxış etməli olub. O həm seçicilərin şikayətlərini dinləyib. Prezidentliyə namizədlə görüşə gələnlər rayondakı sosial-iqtisadi vəziyyətdən şikayətləniblər.

XƏSARƏT ALANLARIN OLDUĞU DEYİLİR...

Ümid partiyasının sədr müavini Aynur İmranova isə öz Facebook səhifəsində yazıb ki, İqbal Ağazadənin Ağstafada seçicilərlə görüşündə xəsarət alanlar olub:

“Gələnlər döyülərək geri göndərildi. İndi məlum olur ki, səhərdən tapşırıq alan kənd icra nümayəndələri də qapı-qapı gəzərək insanlara görüşə getməmək üçün təzyiq ediblər. Amma qorxmayan Ağstafa camaatı rayon mərkəzinə gələrək İqbal Ağazadə ilə mitinqdə iştirak etməyə cəhd etdilər. Amma polis tərəfindən döyüldülər. Prosesə şəxsən rayon icra hakimiyyətinin 1-ci müavini, Astafa YAP sədri Ramiz Tatarov başçılıq edirdi”.

Aynur İmranova bildirir ki, görüş zamamı qarşıdurma yaranıb: “Təəsüflə qeyd etmək istəyirəm ki, Ağstafa ümidçilərindən savayı yerli əhalidən mitinqə gələnlərin arasında da qarşıdurmada xeyli insan xəsarət alıb”.

DAXİLİ İŞLƏR NAZİRLİYİ DEYİR Kİ...

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan xəbərlər doğru deyil. Ağstafada seçicilərlə görüşdə heç bir insident baş verməyib.

O bildirib ki, “İqbal Ağazadə ilə seçicilərlə görüş üçün statdionda yer ayrılıb, amma həmin görüşə cəmi 70-80 adam qatılıb. Görüşün istədikləri kimi baş tutmadığını görən ümidçilər rayon mərkəzinə yürüş etməyi qərara alıblar. Lakin polis onların bu cəhdinin qarşısını alıb və qayıdıb ayrılmış yerdə nəzərdə tutulan vaxta qədər seçicilərlə görüş keçirilməsini təklif edib. Bu zaman isə heç bir insident yaşanmayıb”.

İQBAL AĞAZADƏ MSK-ya ŞİKAYƏT EDƏCƏK

Turanın məlumatına görə, prezidentliyə namizəd İqbal Ağazadə Ağstafada baş verən olaylarla bağlı MSK-ya şikayət edəcək: "Əllimizdə materiallar var, MSK-ya şikayət edəcəyik. İcra strukturlarının qanunsuzluğa yol verməsi ilə bağlı sənədlər var. Onları MSK-ya təqdim edəcəyik. ATƏT-in seçkiləri müşahidə missiyası ordaydı, hər şey qeydə alınıb. Onlar da bu faktları gördülər, qeyd etdilər”.
XS
SM
MD
LG