Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:54

İlham Əliyev xalqı korrupsiya bəlasından qurtarmağa söz verdi


Şəxsən siz korrupsiyaya qarşı mübarizədə nə edə bilərsiniz?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Şəxsən siz korrupsiyaya qarşı mübarizədə nə edə bilərsiniz?

-
«Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə cəza tədbirləri daha da ciddi olmalıdır» – Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları qarşısında çıxışında prezident İlham Əliyev belə deyib.

O, korrupsiyaya ilə mübarizə sahəsində uğurları qeyd edib və indən belə də bu işə üstün diqqət yetiriləcəyini vurğulayıb:

«Əminəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək. Bu bəla Azərbaycandan tamamilə silinməlidir, olmamalıdır».

Prezident bu məqsədə çatmaqdan ötrü bütün sistemin şəffaflaşdırılması zərurətini, ölkə vətəndaşlarının uyğun dövlət qurumlarına ərizə və təkliflərinin önəmini də dilə gətirərək deyib:

«Biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaq».

«KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ MÜQAVİMƏT ARTIB»

Korrupsiya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyir ki, son illərdə bu sahədə qanunların qəbulunda inkişaf hiss olunur. QHT rəhbəri çalışdığı təşkilatın 2007-ci ildən bəri korrupsiya səviyyəsi ilə bağlı sorğular keçirdiyini söyləyib. Üç ildən bir gerçəkləşdirilən həmin sorğular 2010-cu ildə 2007-ci ilə nisbətən, 2013-cü ildə isə 2010-cu ilə nisbətən müsbət dəyişiklikləri ortaya çıxarıb:

«Korrupsiyaya qarşı mübarizədə müqavimət artıb. Misal üçün, 2010-cu ildə əhalinin üçdə ikisi (təxminən 67 faizi – red.) öz problemlərini rüşvətlə çözmək istədiyi, ya da çözməyə cəhd etdiyi halda, bu gün həmi göstərici 40-50 faizə enib.
Vasif Mövsümov
Vasif Mövsümov
Vətəndaşların əksəriyyəti dövlət orqanlarına müraciət etməyi daha üstün sayır. Qabaqlar adamların çoxu çəkinirdi, amma indi açıq deyir ki, filan dövlət orqanında işləyən filankəs məndən rüşvət istəyir. Vətəndaşda müqavimət yaranıb. Vətəndaşların müqavimətinin yaranması o demək deyil ki, korrupsiyanın səviyyəsi azalıb. Məmur özbaşınalığı da, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr də, vətəndaşların müraciətlərinə baxılmasındakı problemlər də hələ qalır».

Vasif Mövsümov deyir ki, aşağılarda korrupsiyanın qarşısının alınmasında ASAN Xidmətinin rolu danılmazdır. Onun fikrincə, korrupsiyalaşmış başqa xidmətlər də ASAN xidmətinə daxil edilməlidir.

BU ELƏ BİR BƏLADIR Kİ...

Ölkədəki korrupsiya və onunla mübarizə haqqında sadə vətəndaşlar nə düşünürlər? Bakının bir neçə sakini AzadlıqRadiosunun ani sorğusuna qatılıb və həmin sualı belə cavablayıb:

– Hamı çox yaxşı bilir ki, bu ölkədə hər şey müəyyən bir klana, qrupa aiddir. Mübarizə-filan ki deyirlər, görəsən, özləri buna inanırlar?

– Ən yaxşısı, hələ bizdədir. Korrupsiya, rüşvət hər yerdə var...

– Bu təkcə Azərbaycanın bəlası deyil ki... Bütün MDB ölkələri belədir. Ən yaxşı mübarizə odur ki, gərək, ictimai nəzarət güclü olsun.

– Danışmaqdansa gedib tibb sahəsinə, məhkəmələrə, həbsxanalara baxsınlar... Orta məktəblərə, ali təhsil ocaqlarına baxsınlar... Nələr görərlər, nələr...

– Onu bilirəm ki, yuxarıda oturanlar hər şeyi özləri düzüb-qoşur və rüşvəti də özləri alırlar. İstəyəndə mübarizə də aparırlar.

– Mən təkcə ünvanlı sosial yardımdan danışmaq istəyirəm. Verəndə deyirlər ki, 6 ayın 3 ayını bizə verin... Verməyəndə də biz get-gələ düşürük...

– Gərək insanlar özləri dərk edib mübarizə aparsınlar.

– Cəzalar sərtləşdirilsin.

– Bu elə bir bəladır ki, məncə, heç cür mübarizə aparmaq olmaz...
Zöhrab İsmayıl
Zöhrab İsmayıl

İqtisadçı Zöhrab İsmayıl deyir ki, son vaxtlar korrupsiya və rüşvətlə mübarizə barədə çıxışlar çoxalıb. Media buna diqqət yetirdiyindən əhali də artıq az-çox məlumatlıdır:

«Sözsüz ki, korrupsiyaya qarşı mübarizə var. Ancaq bunun nə dərəcədə effektivliyi başqa mövzudur. Korrupsiyanı Qavrama İndeksi ilə bağlı sorğuda da nəticələrə diqqət yetirsək, ayrı-ayrı bölmələr üzrə ziddiyyət görəcəyik. Tutaq ki, respondentlər hansısa məsələdə korrupsiyaya qarşı mübarizə aparıldığını deyir, amma elə həmin sorğuda başqa bir bölmə üzrə korrupsiyanın daha yüksək olduğunu bildirir».

BAŞ PROKUROR: «KORRUPSİYA İLƏ BAĞLI 21 CİNAYƏT İŞİ AÇILIB»

Oktyabrın 1-də baş prokuror Zakir Qaralov deyib ki, bu ilin 9 ayında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində fəaliyyət göstərən «qaynar xətt» mərkəzinə 3 min 853 müraciət daxil olub. Baş prokurorun bildirdiyinə görə, idarədə araşdırılan 302 müraciətdən 21-i üzrə cinayət işi başlanıb. Bu ilin 9 ayı boyunca rüşvət, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya ilə bağlı digər faktlar üzrə 251 şəxs barəsində 138 cinayət işi üzrə istintaq tamamlanıb. Həmin işlər məhkəmələrə göndərilib.

«Transparency International» Təşkilatının keçən il yaydığı Korrupsiya İndeksində Azərbaycan 176 ölkə arasında 139-cu sırada göstərilib.
XS
SM
MD
LG