Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:53

Azərbaycanda kimlər Hacı olur?


Saudi Arabia, Makkah-seat Hajj all Muslims of the world
Saudi Arabia, Makkah-seat Hajj all Muslims of the world

Bu günlərdə Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların səfəri başlayır. Onlar 80 qrupa bölünüb. Ümumilikdə, bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Həcc ziyarəti zamanı ümumi ziyarət xərci 3250 manata başa gələn zəvvarlar 8 nəfərlik otaqda yerləşəcəklər. VİP həcc etmək istəyənlərin ümumi xərci 4100 manata başa gələcək və onlar 2 və 4 nəfərlik otaqda yerləşəcəklər.

“İslam və demorkatiya” verilişi (buradan dinlə) məhz bu müqəddəs ziyarətin təşkili, şərtləri, qiyməti və s. ilə bağlı bəzi suallara aydınlıq gətirib.



Oruc tutmayan da Həccə gedə bilər

Dini yazar, araşdırmaçı Kənan Rövşənoğlu deyir ki, namaz qılmayan, oruc tutmayan şəxsin ziyarətə getməsi mümkündür. Çünki Həcc özü bir ibadətdir:

“Bu, bir dini ayindir və onun da şərtlərini yerinə yetirməlisən. Bu, insan tərəfindən göstərilən xoş məramdır. Onsuz da, Həccə getdinsə, orada namaz qılmalısan, digər şərtləri yerinə yetirməlisən. Əks halda, o, Həcc olmaz, turist səfəri kimi qəbul olunar”.


Ekspert deyir ki, digər müsəlman ölkələri ilə müqayisədə Azərbaycandan Həccə gedənlərin sayı azdır. Çünki vaxtilə Səudiyyə Ərəbistanı ölkələr üçün 1 milyon nəfərə 1000 nəfər kvotasını elan edib. Bu baxımdan, Azərbaycana verilən yerlərin sayı azdır.

Halal yolla çox az adama ziyarətə gedə bilər

Ziyarət xərclərinə gəlincə, K.Rövşənoğlu digər ölkələrlə müqayisədə bu qiyməti baha hesab edir. Həm də qiymət göstərilən məbləğdən baha çıxır, çünki orada qurban kəsirsən, digər xərclər də ortaya çıxır:

“Azərbaycanda mövcud şərtlər daxilində harama bulaşmadan, halal yolla çox az adama Həccə getmək qismət olar. Əvvəllər bu işə özəl şirkətlərin buraxılması Həccə gedənlərin sayına və ziyarətin qiymətinə təsir etmişdi. İndi isə ziyarətin təşkili ilə yalnız QMİ məşğuldur”.

Qeyd edək ki, QMİ qiymətin bahalığını nəqliyyat xərcləri, yanacaq qiymətinin ilbəil artması ilə əlaqələndirir. Kənan Rövşənoğlu deyir ki, hazırda bu işlə məşğul olan özəl şirkət olmadığından, müqayisə aparmaq mümkün deyil.

Kənan Rövşənoğlu deyir ki, əslində VİP ziyarət qiyməti yalnız otellərin şəraiti və yemək keyfiyyəti ilə bağlı olmamalıdır. Bu, otellərin Hərəmə daha yaxın olması ilə əlaqədardır.

Yazarın sözlərinə görə, dini mətnlərdə Həcc ziyarətinin əziyyətli keçməsinə dair bir tələb yoxdur.

“İnsan səfalətdə olması, ac qalması kimi şərtlər yoxdur. Şəraitin yaxşı olması daha da bəyəniləndir”.

Kəbənin başına az fırlanırsa, biz neyləyək?

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyir ki, zəvvarlar əvvəlcədən Həccdə həyata keçirilməli olan ibadətlərə hazırlanırlar. Ona görə dini ayinlərin yerinə yetirilməsində problem yaranmır.

“İbadətlər kütləvi olur. Bütün hökmləri onlara anladırıq. Daşları gecədən yığdırırıq, hər şeyi başa salırıq. İnsan Kəbə evinin başına neçə dəfə fırlandığını öz sayır. Əgər bilərəkdən 7 dəfə yox, az fırlanırsa, yaxud lazım anda niyyət etmirsə, onda daha neyləyək?”

Zəvvarlar həddən artıq çox yük gətirir

Hacı Fuad deyir ki, Ciddəyə milyonlarla insan uçduğu üçün bəzən texniki baxımdan problemlər yaşana bilir. Məsələn, yüklərin çəkisi normadan artıq olur.

“Ümumi norma 30 kq-dır. Lakin azərbaycanlı zəvvarlar 30 kq baqaja verir, əlində də xeyli yük götürür. Belədə məcbur olub baqajdan yükü boşaldılar, təyyarə çəkisini nizamlayırlar. Yükəlr sonradan göndərilir, bunda da narazılıq yaranır”.

Özəl şirkətlərin ziyarət təşkilinə buraxılmamasına gəlincə, Hacı Fuad bunu təhlükəsizliklə əlaqələndirir. Belə ki, hazırda Həccə gedən avtobus yolu silahlı münaqişələrin mövcud olduğu ölkələrdən keçir:

“Çünki İraq, Suriya Həccə gedənlərin təhlükəsizliyinə təminat vermir, ona görə avtobus gedişləri yoxdur. Yalnız təyyarə uçuşları qalıb”.

Problem səfər təşkilatçılığındadır

Kənan Rövşənoğlu hesab edir ki, bizim zəvvarlarda müqəddəs yerlərdən hədiyyə gətirmək ənənəsi geniş yayılıb və buna görə yüklər artıq olur:

“həm də əksəriyyəti Zəmzəm suyu gətirir, bu da yükə təsir edir. Lakin problem səfər təşkilatçılığındadır ki, sonradan yüklərin gəlib mənzilə çatması çox yubanır”.

Qurban bayramında heyvan kəsmək ənənəsinə gəlincə, ekspert bildirir ki, bu, daha çox insanlara yardım etmək, paylaşmaq simvoludur.

“Amma qurban kəsilərkən gigiyena qaydalarına riayətlə bağlı yalnız bayramda yox, adi hallarda da problem yaşanır. Əslində, bu, dinə ziddir. Heyvanı da heyvanın gözünün qarşısında kəsmək, qorxutmaq olmaz. Yaxşı olardı ki, Allaha yaxın olmaq məqsədilə qurban kəsiləndə digər insanları narahat etməməyi nəzərə alınsın”.
XS
SM
MD
LG