Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:55

Nərmin Kamal. Prezident ailəsinin təmir etdirdiyi bağçalardan danışanlar...


Nərmin Kamal
Nərmin Kamal

-

"OxuZalı"nda ən çox oxunan



"Biz bilmək istəyirik ki, Azərbaycanın bugünkü xarici və daxili vəziyyətini tərifləyən bu şəxs qanunla evdə televizorun pultu kimdə olmalıdır, bu barədə nə fikirləşir..."


Nərmin Kamal


RƏY SORĞULARI HAQQINDA RƏY


Bir aydır İnternetdə seçkiqabağı rəy sorğuları yayılır. Hər videoda 40-50 nəfər küçədən keçən Azərbaycan vətəndaşı danışır. Bir-birini tanımayan, şəhərin, ölkənin fərqli yerlərində yaşayan, biri ağ, biri qara geyinən adamlar Azərbaycan haqqında, siyasət haqqında danışanda tamam eyni fikirləri deyir, eyni sözlərdən istifadə edirlər. Hamısı Azərbaycandakı vəziyyəti tərifləyir.

Miflər necə yaranır

Böyük bir ailə bir şənbə günü yığışıb domino oynayan yerdə birdən ata təklif edir ki, Şamaxıya gəzməyə gedək. Arvadı deyir, yaxşı fikirdir. Qız da razılaşır, kürəkən də, oğlan da, gəlin də. Gedəndə onlara baxırsan, məmnun görünürlər. Axşam qayıdanda o deyir, mən istəmirdim gedim, sizə görə getdim, bu deyir, mən də istəmirdim. Hamısı deyir, gördüm siz istəyirsiz, getdim. “Mən də elə-belə dedim ki, gedək, görüm istəyirsiz”, - ata cavab verir.

Belə qrup qərarlarını araşdıran bir sosioloqun “Abilene paradoksu: Razılıq menecmenti” məqaləsini oxudum dostumun məsləhətilə. Orda məsələ bu cür izah olunur. Kürəkən həqiqətən getmək istəməmişdi, dərhal fikirləşmişdi ki, hava bürküdü, isti maşına minmək, o boyda yol. Ancaq bunu deməmişdi. Fikirləşmişdi ki, onun istəyi ümumi konsensusa zidd ola bilər: “Məncə, yaxşı fikirdi. Amma görək ana nə fikirləşir bu barədə”. Ana cavab vermişdi: “Əlbəttə, Şamaxıda heç olmamışam”.

Səfər pis keçir. Hava isti, yollar toz-duman, kafedə yemək dadsız. Neçə saatdan sonra yorğun-arğın evə çatırlar. Həmin səmimi fikirlər dilə gəlməyə başlayır. Biri hətta deyir, “Siz istəyirdiz! Yoxsa mən dəli olmuşdum durum burdan bu havada Şamaxıya gedim?!” Sən demə, onlar heç birinin istəmədiyi səfərə ümumi razılıq əsasında çıxıblar. Bizim rəy sorğularına baxanda da cəmiyyətdə bu əhval-ruhiyyə görünür. Ayrı-ayrılıqda heç kəs istəmir, amma ümumi qərar anı gələndə hamı istəyir. Maraqlı olacaq, səfər bitəndə (kimsə söz atır: neft bitəndə) onları görmək.


Sorğu videolarına baxanda çox qabarıq görünən ikinci cəhət insanlarımızın özləri üçün müəyyən elədikləri həyat standartının çox aşağı olmasıdır.
“Həyatınızdan, şəraitinizdən, işinizdən razısınızmı, nəyi dəyişdirmək istəyərdiniz?” Onlar cavab verirlər: “Lap əladır, əlində dəyənək başımızın üstündə duran yoxdu ki. Hara istəyirik gedirik. Başımızı salmağa bir parça dam var. Aclıq deyil, bir şey deyil.”

Əlində dəyənək başınızın üstündə duran olmalı idimi ki?! Bu 50 yaşlarında adamlar pis yaşadıqlarından xəbərsizdirlər. Öz güzəranlarını daha yaxşı yaşayışla müqayisə etmək imkanları olmayıb. Sovet İttifaqını, keçid illərini görüblər, müharibənin gətirdiyi xaosu, dükanlardakı qıtlığı görüblər və budur, standartları aşağıdır. Dükanda çörək görəndə xoşbəxt olurlar. Komendant saatı yoxdur, şəhərin, rayonun ortasında hərbçi postu görməyəndə xoşbəxt olurlar. Bir Azərbaycan vətəndaşı deyir: Bax, sən ən çox neçə növ makaron təsəvvür edə bilərsən? Gir bu supermarketə, orda makaronun ayrıca şöbəsi var! Yüz cürə makaron, min cürə vermişel. Niyə razı olmayım ki ölkədəki vəziyyətdən?! Hər nə istəsən, get dükana satırlar. Bir dənə pul olsun.

Onlar öz gəlirlərini ölkənin gəlirlərilə, yaxud başqa ölkələrdəki həyat səviyyəsilə ölçmürlər. Müqayisəni keçmişlərilə, pis günlərlə aparırlar. Norma olan şeyləri böyük pay kimi sevinclə qarşılayırlar. Elə adamlar var ki, süd almaq üçün supermarketə girir, çoxlu çeşid görüb karıxırlar, çıxıb gedirlər. Heç birindən almırlar.


Milyonçu A. Ağalarov “Forbes”a bir müsahibəsində bu sözü işlədir. Kasıblığı həmin insanların doyumluq həddinin aşağı olmasıyla izah edir: “Kiminsə doyumluq həddi - mənzil, bir şüşə araq və bir qutu siqaretdir. Kimin üçünsə bu - maşın, benzin pulu və acından ölməməkdir.”

Seçicilərdən biri bir misal çəkir. Prezident ailəsinin təmir etdirdiyi uşaq evlərindən, bağçalardan şövqlə danışırlar; “Vosmoyda bir bağça var, bacım orda işləyir, oranı bu il super təmir elədilər, açılışına gəlmişdilər, yəni onların belə xeyirxah işləri var”.

Bu söhbətin kökündə bu fikir dayanır: Təmirsiz olmaq bağçanın, uşaq evinin öz xüsusiyyətidir, öz təqsiridir. Prezident ailəsi isə Vosmoydakı o bağçanı təmir etdirməklə ona yaxşılıq edib, axı onların (dövlətin) işi əslində bu deyil, bağçanı ya biz özümüz təmir etməliydik, ya da o özü anadagəlmə təmirli olmalıydı.

Bir müddət Azərbaycandan xarici ölkələrə mütəxəssis kimi işləməyə gedən onlarla ailəylə və ya tək adamla tanış olmaq imkanım oldu.

Bakının bir, iki otaqlı ənənəvi evlərindən köçəndə bu adamların özləri üçün arzuladıqları ilk yerləşmə məsələləri nə olur: daha geniş ev, daha çox otaq, bir dənə də yaşıl bağça, hovuz da olsun. Amma elə birinci sınaqda standartlarını lap yüksəldirlər. Budur, təklif olunan bütün evlər zatən onların tələblərinə uyğundur. Ancaq bu geniş evlər də iki qrupa bölünür; GYM (gimnastika) otağı olan evlərə və olmayan evlərə. Əksər evlərin gimnastika otağı olduğunu görən bu insanlar dərhal şərtlərə bu bəndi də artırırlar. GYM otağı olan ev tələb edirlər. Standart yüksəlib.

Yatanda kürəyi əzən, çevriləndə cırıldayan çarpayıda uzanıb divarın malasına tamaşa edən, axşamlar iy verən dəhlizlərlə ümumi zalda qoyulmuş bircə televizora baxmağa gedən dövlət xəstəxanasının xəstəsi fikirləşir ki, xəstəxana palatası elə belə olur da. O, bunun normaldan nə qədər aşağı olduğunu bilmirsə, bu hələ uzun müddət belə davam edəcək. Xəstəxana təmir olunanda bunu xüsusi lütf, xeyriyyə kimi qavrayıb sevinəcək. Üstəlik, qarşı tərəf – varlılar bunu onların doyumluq həddi hesab edirlər.

Milyonçu A. Ağalarov “Forbes”a bir müsahibəsində bu sözü işlədir. Kasıblığı həmin insanların doyumluq həddinin aşağı olmasıyla izah edir: “Kiminsə doyumluq həddi - mənzil, bir şüşə araq və bir qutu siqaretdir. Kimin üçünsə bu - maşın, benzin pulu və acından ölməməkdir.”


Şükranlıq gözəl şeydir, ancaq yerini aşıb hakimiyyətlərə sui-istifadə imkanı verirsə o, mənəvi hadisədən sosial problemə çevrilir. İndi siz deyin, özünüzü daşlara da çırpsanız daha yaxşı həyat, daha çox pul, GYM otağı yoxdur deyə kasıb yaşayırsınız, yoxsa varlıların hesab etdiyi kimidir, sizin doyumluq həddiniz aşağıdır?

Avropa ölkələrini gəzən adam neçə əsrlərdən qalan yaşayış binalarında birdən ortadakı, ya kənardakı pəncərələrdən birinin səliqəli şəkildə daşla hörülüb qapadıldığını görür. Belə pəncərələr çox azdır. Bəlkə hər keçmiş İmperiya şəhərində bir neçə dənəsinə rast gəlmək olar. İngiltərənin qədim Roma hamamlarıyla və başqa gözəlliklərilə tanınan Bas (Bath) şəhərində bir dəfə bir qoca bələdçi Basda gözə dəyən bir neçə belə qapadılmış pəncərənin səbəbindən danışırdı. O vaxt hakimiyyət hər şeyə vergi tətbiq eləyirmiş. Pəncərələri darısqal döngələrə, tinlərə yox, açıqlığa açılan adamlar Günəş işığına görə vergi verməliymiş. Hamı da verirmiş. Bəzi adamlar isə usta gətirib daş töküb pəncərələrini hördürürmüş. Lazım deyil gün işığı, pulunu da istəməyin.

İndi mənə belə görünür ki, bu pəncərələr dövlət hakimiyyətinin nə qədər əzici olmasının rəmzidir. O, hətta gün işığına görə vergi almaq iştahasına düşürmüş. Öz qonşularına vəhşi hücumlarla başlayıb bir-birinin insanlarını tükəndirib aclıq, cır-cındır içində buraxmaqla bitən Birinci Dünya Müharibəsi haqqında yazılan kitablarda, çəkilən sənədli filmlərdə dövlətlərin bunu vətəndaşlarından vergi adıyla yığdığı pulla etdiyi deyilmirmi?! Pul çatmayanda isə müttəfiq-dövlətdən borc alırmışlar. Onu da tədricən vətəndaş ödəyirdi. Bu şəhərin gözəlləşməsi də başqa birisinin lütfkarlığı ilə deyil, o müharibələr kimi, sizin öz pulunuzla edilir.

Sorğulardakı üçüncü qabarıq cəhət danışan insanların öz mülahizələrində ümumiləşdirmələr etməyə çox meylli olmasıdır. “Ölkədə vəziyyət yaxşıdır, şəhər gözəlləşir, inkişaf edirik, ona görə qoy hər şey olduğu kimi də davam etsin” – bu cür ümumiləşdirmələr xüsusi hadisələrə çox böyük haqsızlıq edir, sosial faktları və tendensiyaları basıb udur, gizlədir. Ağıllı sosioloqlar deyirlər, bu elmin ən əsas, ən güclü tezisi belədir: Sosial faktları əşyalar kimi real qəbul etmək. Misal üçün, bir əsgər intihar edib. Sonra ikinci əsgər. Bu, sosial faktdır. Onun mövcud olduğunu stol-stul, ətrafında gördüyün başqa əşyalar kimi real qəbul etməkdən söhbət gedir. Elə bil onun ölçüsü var, həcmi var, yer tutur. Gizlətmək, gözardı etmək, əhəmiyyət verməmək olmaz. Necə ki, yeriyəndə stol-stulu yox saysan, ona ilişib yıxıla bilərsən, sosial faktlara da bu cür baxılmalıdır.

Çox maraqlı təklifdir. Bir anlıq o cür sosial faktlara əşyalar, şeylər kimi baxmağı sınayıram. Misal üçün, əsgər ölümləri kimi bir sosial hadisəyə. Yaxud ölkədə hər bir vəzifə, hər bir titul, hər bir dəyər açıq şəkildə pulla satılıb alına bilir. Bu, böyük bir sosial hadisədir, bu abzasın terminlərilə danışsaq, div boyda əşyadır, şeydir. Bu əşyadan Azərbaycanın hər yerində, hər idarəsində var. Mən onları yox sayıb öz bədənimlə vurub keçə bilərəmmi?!

Bir dəfə mən özüm rəy sorğusu keçirirdim, nəticələrini yazmışdım. “Arvadı hansı halda döymək olar?” Kişilərə yaxınlaşırdım. Onlar fikrə gedirdilər, fikirləşirdilər ki, arvadı nə eləsə onu döymək olar. “Misal üçün, uzun müddət paltarları yumasa, yığılıb qalsa, geyinməyə corab tapmasam...” Astara bazarında bir qadın yadımda qalıb: “Yaxşı at, mənim balam, özünə qamçı vurdurmaz.” Təkcə arvad məsələsi deyil. Onların cümlələrində çox şey görünürdü. Onların fikirlərində Azərbaycan televizoruna baxmaq olurdu. Məktəbini, universitetini gəzmək olurdu. Azərbaycanın keçmişini görmək olurdu.

Xahiş edirəm, siz, sorğuları keçirənlər, seçki haqqında sual verəndən sonra hər hansı kiçik bir ümumi mədəniyyət sualı da verin. Biz bilmək istəyirik ki, Azərbaycanın bugünkü xarici və daxili vəziyyətini tərifləyən bu şəxs qanunla evdə televizorun pultu kimdə olmalıdır, bu barədə nə fikirləşir.

XS
SM
MD
LG