Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:54

ABŞ-Azərbaycan: həm dəstək, həm «çimdik»


İlham Əliyev ABŞ-da, (Çikaqo) keçirilən NATO-nun sammitində iştiraka gedərkən (19 May 2012)
İlham Əliyev ABŞ-da, (Çikaqo) keçirilən NATO-nun sammitində iştiraka gedərkən (19 May 2012)
-
«Washington Times» qəzetinin məqaləsi «Azərbaycan: təhdidlər dənizində Amerika müttəfiqi» adlanır.
Jurnalist Ashish Kumar Sen yazır ki, «getdikcə qütbləşən dünyada…balaca Azərbaycan ecazkar ziddiyyətlətlər meydanıdır».
«O, Amerikanın İran və Rusiya arasında yerləşən sədaqətli müttəfiqidir…hərçənd yəqin ki, amerikalıların çoxu nə onun adını düzgün tələffüz edə, nə də yerini xəritədə göstərə bilər»– yazır jurnalist.
Ashish Kumar Sen yazır ki, Azərbaycandakı prezident seçkiləri ABŞ diplomatlarının, kəşfiyyatının və hərbi dairələrinin diqqət mərkəzindədir, baxmayaraq ki, hazırkı prezident İlham Əliyevin 3-cü beşillik müddətə seçiləcəyi şübhə doğurmur.
«Bu yeganə ölkədir ki, həm Rusiya, həm də İranla həmsərhəddir və buna görə də Azərbaycan, İranın cilovlanmasında, amerikalılar üçün təkcə Qafqaza yox, həm də Mərkəzi Asiyaya çıxış verdiyinə görə həyati əhəmiyyəti olan dövlətdir», - deyir Pentaqonun keçmiş rəsmisi Michael Rubin.
Cənab Rubin müxbirə bildirir ki, bir vaxtlar Amerikada güclü lobbi qüvvəsi olan Ermənistan Rusiyanın qucağına yıxılıb, Azərbaycan isə Qərbə meyllidir:
«Belə bir hissiyyat var ki, Azərbaycan istiqamətini dəyişsə, regiondakı Amerika təsiri sınaqlara çəkilə bilər – deyib Rubin, - odur ki, Azərbaycanın siyasi sabitliyi Amerikanın strateji marağıdı».
NARAHAT PARTNYORUN ƏHƏMİYYƏTİ
«Washington Times» yazır ki, Obama administrasiyasını da çətin vəziyyətə salan elə bu maraqlardır, beləki, Azərbaycanın avtoritar hakimiyyəti beynəlxalq miqyasda geniş tənqid edilir.
Lakin Azərbaycan rəsmiləri ölkədə insan haqlarının bərbad vəziyyəti, müxalifətin və fərqli düşüncənin təqibi kimi tənqidləri rədd edir və əksinə, Bakının Amerika maraqlarının keşiyində durduğunu və İsraillə dost münasibətlərini ön plana çəkirlər.
Ashish Kumar Sen yazır ki, Obama administrasiyası Azərbaycandakı hadisələri diqqətlə izləyir, böhranlı regionda yerləşən müttəfiqinə həm dəstək verir, həm də bağlı qapılar arxasında və bəzən də ictimaiyyət qarşısında insan azadlıqlarına görə ona çimdik vurur.
ABŞ və Azərbaycan hökumətlərinin görüşü
ABŞ və Azərbaycan hökumətlərinin görüşü
Müxbir yazır ki, ötən iyul ayında dövlət katibinin demokratiya, insan haqları və əmək üzrə müavini Thomas O. Melia ABŞ-ın Helsinki Komissiyasının (ABŞ-ın ATƏT-i) keçirdiyi «Narahat partnyor: Azərbaycanda yüksələn avtoritarlıq» adlı dinləmədə çıxış edərək Azərbaycanda ötən ilin noyabrından bəri insan haqları və təməl azadlıqların vəziyyətinin son dərəcə pisləşdiyini söyləmişdi.
Müəllif qeyd edir ki, bunun nəticəsi olaraq bu ilin sentyabrında Əliyev hökuməti cənab Melianın başçılığı altında Azərbaycanda seçkiyə hazırlığı müşahidə etmək istəyən ABŞ nümayəndə heyətinin Bakıya səfərinə qadağan qoydu.
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi müxbirə bildirib ki, «biz təməl azadlıqlara və qanunun aliliyi prinsipinə hörmət edilməsini istər seçki prosesində, istərsə də seçkidən sonrakı dövrdə tələb edəcəyik».
Həmin rəsmi bildirib ki, Obama administrasiyası Azərbaycan hakimiyyətini azad, ədalətli, şəffaf və Azərbaycan xalqının iradəsini ifadə edən seçki keçirməyə çağırıb.
HEÇ KİM KAMİL DEYİL
«Washington Times» yazır ki, Azərbaycan rəhbərliyi bütün tənqidləri rədd edir.
Qəzet xatırladır ki, sözü gedən iyul dinləməsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz prezidentinin «avtoritar» adlandırılmasına etiraz bildirmişdi.
«Biz bu iddianı qəbul etmirik, - demişdi səfir, - Biz sddəcə olaraq Yer üzündə olan bütün ölkələr kimi kamil deyilik».
Müxbir yazır ki, Azərbaycanın insan haqları tarixçəsinə gəldikdə, rəsmi Bakının Vaşinqtonda müttəfiqləri az deyil.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov John Hopkins Universitetində çıxış edərkən
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov John Hopkins Universitetində çıxış edərkən
Onlardan biri, İndiana ştatından keçmiş respublikaçı konqresmen Dan Burton ötən ay Washington Times qəzetinin «yazıdakı fikirlər müəllifə məxsusdur» bölümündə məqalə yazaraq Vaşinqtonu Xəzər sahilindəlki müttəfiqinə münasibətdə səbrli olmağa çağırmışdı. O da təxminən Azərbaycan səfirinin dediklərini təkrar edirdi:
«Mən bilirəm ki, Azərbaycan kamil deyil. Azərbaycan hökuməti ölkədə insan haqlarının vəziyyətinə görə tez-tez tənqid edilir, - yazırdı cənab Burton, - Lakin nəzərə alanda ki, Azərbaycanın başqa keçmiş sovet respublikaları kimi demokratiya sahəsində təcrübəsi cüzidir, bu ölkənin çoxlarından yaxşı vəziyyətdə olduğunu demək olar. Əslində, Azərbaycanın dini dözümlüyünə, açıqlığına və qadın haqlarını müdafiə etməsinə qiymət verilməlidir».
ÇİRKLİ UŞAĞIN ÇİMİZDİRİLMƏSİ
Müəllif xatırladır ki, Dan Burton Azərbaycan Amerika Alyansının sədridir və ABŞ-da Azərbaycanın maraqlarını təmsil edir.
Cənab Burton diqqəti həmçinin Azərbaycanın İsraillə sıx bağlarına çəkib və bildirib ki, iki ölkə arasında ticarətin həcmi 4 milyard doları keçib və İsrailə lazım olan neftin 40 faizi Azərbaycandan gəlir.
«Washington Times» qəzetinin müxbiri yada salır ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ötən may ayında İsrailə səfərini prezident Şimon Peres «tarixi» adlandırmış, cənab nazir 2013-cü ildə Amerika Yəhudi Komitəsinin Vaşiqnton Forumunda çıxış edən yeganə müsəlman xarici işlər naziri olmuşdu.
Hazırda Amerika Sahibkarlıq İnstituntunda çalışan cənab Rubin Azərbaycana ötən iyun ayında səfər edib.
O müxbirə bildirib ki, «Əliyevin mənfi cəhəti demokratikləşməni həyata keçirməməsidir, lakin onun müsbət tərəfi iqtisadiyyatın inkişaf etdirməsidir».
“Mənim Əliyevə haqq qazandırmağımın səbəblərindən biri də budur ki, mən Azərbaycanda daha geniş orta təbəqə olmadan sabit demokratiyanın mümkünlüyünə inanmıram və belə görünür ki, Əliyevin məqsədi məhz həmin orta təbəqini yaratmaqdır,- deyib cənab Rubin, - Odur ki, mən islahatlara inanıram, lakin həm də inanıram ki, bu islahatların həyata keçirilməsi üçün müəyyən vaxt verilməlidir. Yoxsa biz, çimizdirdiyimiz uşağı çaşıb sabunlu su ilə çölə ata bilərik”.
XS
SM
MD
LG