Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:02

Dmitri Bıkov: Rusiyanı millətçilikdən necə xilas etmək olar?


Dmitri Bıkov
Dmitri Bıkov
-

Yazar qeyd edir ki, indi Rusiyada millətçiliklə mübarizə aparmaq orqanizmin yoluxduğu sifilisi yox, onun əlamətlərindən biri olan səpintini müalicə etmək kimidir.

Halbuki burun qopub düşəndə səpinti özü keçib gedir.

Bıkov yazır ki, “rus cəmiyyətinin yoluxduğu sifilis” - mədəni siyasətin yoxluğu, ictimai müzakirələrə qoyulmuş qadağalar, azad fikrin boğulması və ideologiya qarşısında panik qorxudur.



Tanınmış rus şairi və publisisti Dmitri Bıkov Rusiyada artan millətçiliyə bir neçə gün əvvəl bu yazısı ilə münasibət bildirib.


Dmitri Bıkov


RUSİYANI MİLLƏTÇİLİKDƏN NECƏ XİLAS ETMƏK OLAR?


Dmitri Bıkov millətçiliyin hər yolla pisləndiyi keçmiş kommunist ölkəsi Rusiyada son dövrlərdə baş qaldıran millətçilik meyllərinin ölkə ziyalılarını, xüsusilə jurnalistləri xeyli narahat etdiyini yazır.

O bildirir ki, ölkədə miqrantlara qarşı aqressiyanın arxasında az qala həmişə dövlət dayanır. Özü də bu məsələdə dövlətlə müxalifət həmişə həmfikir olur:

“Kapotnyadakı kütləvi dava zamanı, miqrasiya ilə “qeyri-rəsmi mübarizə” aparanlar bıçaq və qaz bombaları ilə yataqxanalara hücum çəkəndə (rəsmi məlumatlardan sitat gətirirəm) bizim yerli KİV-lər məsələ qaldırmışdılar ki, bəs yoldaşlar, baş qaldırmaqda olan bu millətçilik təzahürləri qarşısında bir tədbir tökmək lazımdır.

Onsuz da bizdə hər allahın günü gah soyuq, gah da odlu silahın işlədildiyi davalar olur. Və həm müxalif, həm federal siyasətçilər o dəqiqə paltarlarının qolundan əsas kozırı – qeyri-qanuni miqrasiyanı çıxarıb üzümüzə çırpırlar. Ayrı-ayrı publisistlər isə cəmiyyətin müxtəlif qüvvələrini, müxalifətdən tutmuş dövlət deyilən şeyə qədər hər kəsi millətçiliyə qarşı mübarizədə birləşməyə səsləyir. Əks halda qiyamət qopacaqmış kimi. Başqa publisistlərsə söhbətə qarışıb: “Görünür, cəmiyyətimiz elə xəstədir ki, sabitlik yaratmaq görünüşü altında belə millətçiliyə əl atır”. – deyə danışırlar”.
Rusiya - Kalininqradda skinhedlərin açıq havada toplantısı
Rusiya - Kalininqradda skinhedlərin açıq havada toplantısı

Bıkov öz yazısında millətçiliyi heç də bir çoxlarının düşündüyü kimi bir xəstəlik hesab eləmir, onun fikrincə bu, insan təbiətinə xas bir şeydir və daha çox pis qulluq edilən bağda hər yeri bürümüş alaq otları kimidir:

“Təəssüf ki, sizin kefinizi pozası olacam, əziz dostlar: Millətçilik nə yaranmır, nə də yoxa çıxmır, o həmişə hər bir cəmiyyətdə var, o, anadangəlmə özəlliklər, milli mənsubiyyət, cins, yaş, ya da saçın rəngi kimi bir şeydir. Dar düşüncəli insanlar bu əlamətlərdən başqa heç nə görmürlər: onların reseptorları daha incə şeyləri duymağa qadir deyil. Problem ondadır ki, inkişaf etmiş və yaxşı qurulmuş cəmiyyətdə belə qardaşlar azlıqda qalırlar. Hər bağda alaq da, mədəni bitkilər də olur; hər bir bağban alaq otunun daha canıbərk olduğunu bilir. Millətçilik – cəmiyyətin xəstəliyinin əlaməti deyil, o bir növ gicitkandır, alma ağacı, ya da astra çiçəyi kimi o da bağın bir parçasıdır; başqa sözlə, əgər bağdakı mədəni bitkilərin hamısını ayaq altına salıb xıncımlasanız, onda bağı alaq otu basacaq ki, sonra onun öhdəsindən gəlmək gec olacaq. Heç onun öhdəsindən gəlməyin mənası da yoxdur, həqiqət budur ki, o qarşısıalınmazdır. Lazım olan tək şey mədəni bitkilər becərməkdir, bizim bağbanlarımız isə onlardan taundan da çox qorxurlar”.

Yazar qeyd edir ki, indi Rusiyada millətçiliklə mübarizə aparmaq orqanizmin yoluxduğu sifilisi yox, onun əlamətlərindən biri olan səpintini müalicə etmək kimidir. Halbuki burun qopub düşəndə səpinti özü keçib gedir. Bıkov yazır ki, “rus cəmiyyətinin yoluxduğu sifilis” - mədəni siyasətin yoxluğu, ictimai müzakirələrə qoyulmuş qadağalar, azad fikrin boğulması və ideologiya qarşısında panik qorxudur.

“Bizdə mədəni siyasətin yerini “öz məxsusi yolumuz”, geopolitika, anqlo-sakson fitnəsi, asiyalı təhlükəsi və cinayətkar miqrantlar haqda söhbətlər tutur. Təbiətinsə boşluğa dözümü yoxdur, vakuum dərhal dolur. Əgər ölkə öz gələcəyindən qorxursa, onda orta əsrlərə yuvarlanır. Əgər ölkədə heç kim işləmirsə, onların yerini miqrantlar tutur.

Əgər burda düşünmək qadağandırsa – millətçilik və yadlara qarşı nifrət hakim ideologiyaya çevriləcək. Eyni zamanda “Bəs bizimkilər kimdir” - deyə soruşa bilməzsən, çünki burda milli mənsubiyyət soruşmaq da olmaz. Dərhal sənə ekstreimist, ya da araqarışdıran damğası vuracaqlar”.

Bıkov bildirir ki, SSRİ elə də ideal quruluş olmasa da, orda millətçilik öz yerini bilirdi, çünki orda insanlar ciddi problemlər haqda düşünməməyi öyrənmişdilər. O zamanlar istər mədəniyyət, istər sənaye, yaxud əxlaqla bağlı problemlər üzə çıxarılmadığından, indi sanki nə zamansa torpağa əkilmiş alaq otları kimi boy atır.

11 oktyabr 2013-cü il
Sobesednik.ru


Tərcümə: Namiq Hüseynli
XS
SM
MD
LG