Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:23

İlham Əliyev andiçmədə nələrdən danışıb?


İlham Əliyev Milli Məclisdə çıxış edərkən
İlham Əliyev Milli Məclisdə çıxış edərkən
.
İlham Əliyev andiçmə mərasimindəki çıxışında 9 oktyabr seçkiləri haqqında deyib ki, «seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir».
İlham Əliyev deyib ki, Azərbaycan bundan sonra da yalnız inkişaf yolu ilə gedəcək:
«Biz Azərbaycanı bütün risklərdən, təhlükələrdən qoruya bildik. Son on il ərzində bölgədə və dünyada baş vermiş hadisələr bizim hamımızın yaxşı xatirindədir. Qanlı toqquşmalar, müharibələr, inqilablar, siyasi, iqtisadi, maliyyə böhranları - bütün bunlar bizim ətrafımızda baş verən hadisələr idi».
AZƏRBAYCANDA BÜTÜN AZADLIQLAR TƏMİN EDİLİB
İlham Əliyev ölkədəki azadlıqlar haqqında deyib ki, «Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Siyasi azadlıqlar, söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilmişdir. Azərbaycanda bütün demokratik proseslər müsbət istiqamətdə getmişdir. Son on il ərzində iqtisadi uğurlarla bərabər, siyasi islahatların aparılması da ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir».
DOSTLARIMIZIN SAYI ARTIR
Prezident ikitərəfli formatda aparılan xarici siyasətin uğurlu olduğunu, Azərbaycanın dostlarının sayınını artdığını bildirib:
«Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır. Nəzərə alsaq ki, bizə qarşı həm dünya erməniliyi, eyni zamanda, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim kampaniya aparır, bu inamı qazanmaq o qədər də asan məsələ deyildi».
«ƏRAZİ BÜTÖVLÜYÜ MƏSƏLƏLƏRİNDƏ HEÇ BİR GÜZƏŞTDƏN SÖHBƏT GEDƏ BİLMƏZ»
Prezident deyib ki, xarici siyasətdə əsas Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir:
«Əfsuslar olsun ki, bu illər ərzində münaqişə həllini tapmamışdır. Bunun başlıca səbəbi Ermənistanın riyakar siyasətidir, qeyri-konstruktiv mövqeyidir və əfsuslar olsun ki, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyidir. Beynəlxalq hüquq normaları 20 ildən artıqdır ki, kobudcasına pozulur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir, işğalçı ölkəyə təzyiq göstərilmir».
Prezident Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıb. Deyib ki, “bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir”.
HƏRBİ BÜDCƏ 20 DƏFƏDƏN ÇOX ARTIB
İlham Əliyev çıxışında hərbi güc məsələsindən də danışıb. Bildirib ki, hərbi büdcə 20 dəfədən çox artıb:
«Son on il ərzində alınmış silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasındakı hərbi balansı artıq pozmuşdur. Bizim üstünlüyümüz dəfələrlə ölçülür. Eyni zamanda, Azərbaycanda son 10 il ərzində əvvəlki illərdə olmamış hərbi sənaye kompleksi yaradılmışdır. Bu gün onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beləliklə, biz həm yeni istehsalat sahələri yaradırıq, eyni zamanda, xarici silah bazarlarından asılılığımızı azaldırıq. Hesab edirəm ki, növbəti illərdə biz ordu quruculuğu istiqamətində daha da böyük addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik».
1 MİLYON 200 MİN YENİ İŞ YERİ
Prezident deyib ki, son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb. Onlardan 900 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi isə təxminən 5 faiz civarındadır. Prezident deyib ki, on il ərzində yoxsulluq isə təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalıb.
«ƏHALİ ARTIB»
İlham Əliyev son on il ərzində əhalinin artmasından da danışıb:
«On il əvvəl əhalimiz 8,3 milyon idi. Hazırda 9,4 milyondur. On ildə əhali bir milyon yüz min artmışdır. Demoqrafiya özlüyündə gələcəkdə böyük rol oynayacaqdır. Demoqrafik inkişaf, eyni zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki demoqrafik inkişaf o halda müsbət amildir ki, iqtisadiyyat buna imkan verir».
ŞUŞADA AZƏRBAYCAN BAYRAĞI QALDIRILMALIDIR
Prezident təkrar Dağlıq Qarabağ münaqişəsindən danışıb. Deyib ki, «münaqişənin tam şəkildə həll edilməsi, əminəm ki, olacaqdır və ilk növbədə, əlbəttə, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar. Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır. Mən qeyd etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq».
MƏMURLAR ÖZLƏRİNİ TƏVAZÖKAR APARMALIDIRLAR
Andiçmə mərasimindəki çıxışında İlham Əliyev məmur-vətəndaş münasibətlərindən də danışıb:
«Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır».
KORRUPSİYA VƏ RÜŞVƏTXORLUQ
İlham Əliyev deyib ki, növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılacaq:
«Bu mübarizənin gözəl nəticələri vardır və bu istiqamətdə dövlət siyasəti birmənalıdır. Çox güclü siyasi iradə var ki, bu xoşagəlməz hallar Azərbaycandan götürülsün. Burada həm inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır».
Prezident çıxışını «Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!» şüarı ilə bitirib.
XS
SM
MD
LG