Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:55

Miqrantlar Azərbaycana qayıtsalar...


Foto: Arxiv
Foto: Arxiv
-
Eldar Məmmədovun 25 yaşı var. Moskvada miqrantlara qarşı münasibət pisləşəndən Bakıya qayıdıb. O, bir neçə gündən sonra – ara sakitləşincə, yenidən Rusiyaya getmək istəyir:

«Çünki az-çox orada pul qazanıram. Özüm də dolanıram, ailəmə də göndərirəm. Burda nə edəcəyəm, harada iş tapacağam? İş tapsaydım, 3 il əvvəl tapar, heç oralara da getməzdim».

Eldarın dediyinə görə, Moskvadakı hadisələrdən sonra onun bir neçə tanışı da qayıdıb. Onlar da müvəqqəti gəliblər.

Qeyri-rəsmi rəqəmlərə görə, Rusiyada 2 milyona yaxın azərbaycanlı miqrant var. İqtisadçılar onların Azərbaycana hər il 1 milyard dollar göndərdiyini deyir və bu iddialarına rəsmi rəqəmləri əsas gətirirlər.

«GƏLMƏSİN, OĞLUMU YENƏ İŞSİZ GÖRMƏK İSTƏMİRƏM»

Paytaxt sakini Əmir Ağayevin oğlu da Moskva bazarlarında işləyir. Atanın dediyinə görə, vəziyyət gərginləşəndən oğlu qayıtmaq istəsə də, o, oğlunun geri dönməsini istəmir. Deyir ki, oğlu düz 5 il iş axtarandan sonra gedib:

«Oğlumu yenə işsiz görmək istəmirəm. O uşaq 5 il buralarda sərgərdan gəzdi. Həmin vaxt təkcə maddi yox, ən çox da mənəvi problemlər içində vurnuxdu. Gedəndən sonra işi-gücü pis deyil. Düzdür, elə bir vəzifəsi-zadı yoxdur. Ticarətlə, alverlə başını fırladır. Ancaq yenə işsiz deyil ki... O ki qaldı hadisələrə, hadisələr hər yerdə olur, tək Rusiyada olmur ki. Adamın özündən asılıdır. Özlərini yaxşı aparanda, başını aşağı salıb çörəkpulunu qazananda kim ona nə deyəcək?».

«QAYIDANLAR TİKİNTİDƏ İŞLƏYƏ BİLƏR»

Rusiyada iş tapan azərbaycanlıların qayıdıb Azərbaycanda harada çalışacağı onlardan ötrü çox ciddi problemdir.
Soçidə tikintidə çalışan əcnəbi fəhlələr
Soçidə tikintidə çalışan əcnəbi fəhlələr
«Olsa-olsa, ancaq tikintidə özlərinə iş tapa bilərlər» – Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev belə deyir və dərhal öz fikrini əsaslandırmağa başlayır:

«Axı Azərbaycandan könüllü getməyiblər. Onların əksəriyyəti orta sahibkarlara şərait yaradılmadığı üçün Azərbaycanı tərk edənlərdir. O üzdən, elə hesab etmirəm ki, onlar gəlib Azərbaycanda iş tapacaqlar. Düzdür, xırda ticarətlə məşğul olanlar və ya Rusiyada tikintidə çalışanlar Azərbaycana qayıda bilər. Onların burada yaşayıb işləməsi gözləniləndir. İndi Azərbaycan böyük tikinti meydançasıdır. Onlar burdakı tikintilərdə özlərinə iş tapa bilərlər. Ancaq kütləvi axın ola bilməz. Çünki oradakı azərbaycanlıların bir qrupu Rusiya vətəndaşlığı əldə edib, təxminən 60 faizinin də daimi yaşamaq hüququ var. Aşağı-yuxarı 20 faizin qayıdışı Azərbaycanı tərpədə bilməz».

«ORADA 2-3 MİN QAZANAN BURADA 300-500 MANATA İŞLƏMƏK İSTƏMƏZ»

Dövlət Məşğulluq Xidmətinin əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov deyir ki, onlara üz tutan şəxslər qeydə alınırlar. Uyğun iş yerləri təklif olunur.
Moskvada əcnəbi miqrantlar
Moskvada əcnəbi miqrantlar
Söhbət, əsasən, peşə yönümlü və xidmət sahəsindəki işlərdən gedir. Peşəsi olmayanlara isə hər rayonda fəaliyyət göstərən kurslarda peşə öyrədilir. Təklif olunan işlərdə əməkhaqqı 200-400 manatdır.

İsa Həsənovun dediyinə görə, son hadisələrdən sonra Rusiyadan qayıdanlar onlara müraciət etməyiblər:

«Hələ ki, belə proses müşahidə olunmur. Ancaq müraciət edilsə, bütövlükdə problem yoxdur. Uzağı, insandır, ola bilər, orada 2-3 min qazanır, burada 300-500 manata işləmək arzusunda olmasın. Belə problem ola bilər, başqa yox».

İsa Həsənov deyir ki, adətən, onlara müraciət edənlərin 60 faizini işlə təmin etməyə yardım göstərirlər. Digərləri peşə hazırlıq kurslarına, müvəqqəti işlərə cəlb olunur.

...Eldar Məmmədov isə hər gün Rusiyadakı tanışları ilə əlaqə saxlayır. Vəziyyət sakitləşən kimi, iş-gücünün dalınca getmək üçün günləri sayır...
XS
SM
MD
LG