Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:38

ABŞ səfiri: «Verdiyimiz bəyanat seçkilərin nəticəsini şübhə altına almır»


Richard Morningstar
Richard Morningstar
-
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar APA TV-yə eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatı oldu. Birləşmiş Ştatlar Azərbaycanda keçirilən prezident seçkilərinin legitimliyini tanıyırmı?

- Biz seçkilərlə bağlı 10 oktyabr bəyanatımızın arxasında dururuq. Bununla bərabər, verdiyimiz bəyanat seçkilərin nəticəsini şübhə altına almır. İlham Əliyev andiçmə mərasimini keçirib. Biz onunla və Azərbaycan hökuməti ilə bir sıra məsələlər üzrə əməkdaşlıq etməyi, birgə işləməyi səbirsizliklə gözləyirik. Buraya demokratiya, Dağlıq Qarabağ münaqişəsi, geosiyasi məsələlər, terrorizmlə mübarizə, enerji və iqtisadiyyatın diversifikasiyası sahəsində əməkdaşlıq daxildir.

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki dəyərləndirməsindən sonra Azərbaycan bu qurumla əməkdaşlığın dayandırılacağı ehtimalını irəli sürdü. Buna münasibətiniz...

- Biz çox ümidvarıq ki, Azərbaycan ATƏT DTİHB ilə işini davam etdirəcək. Eyni zamanda ümidvarıq ki, Azərbaycan ölkədə demokratik prinsiplər və dəyərlərin hörmətlə saxlanılması və dəstəklənməsi istiqamətində addımlar atacaq.

- Bu yaxınlarda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma səbəbiylə keçirilməsi nəzərdə tutulan monitorinq baş tutmayıb. ATƏT-in Minsk Qrupunun bəyanatında atəşin hansı tərəfdən açılmasının müəyyən edilmədiyi bildirilir. Azərbaycan tərəfi isə bildirir ki, atəşkəs pozuntularının artmasının səbəbi bu kimi hadisələrə dəqiq qiymət verilməməsidir.

- Hesab edirəm ki, bu məsələyə ABŞ rəsmisi kimi mən deyil, ATƏT şərh verməlidir. Ancaq vurğulamaq istəyirəm ki, həm Ermənistan, həm də Azərbaycanın təmas xəttində gərginliyin artmasına gətirib çıxaran hər hansı bir addım atmaqdan çəkinməsi çox vacibdir. Ümidvarıq ki, bu ilin əvvəlində Ermənistanda və bu yaxınlarda Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar istiqamətində yeni imkanlar, fürsətlər yaranacaq.

- ATƏT-in Minsk Qrupu həmsədrlərinin gələn ay regiona səfəri gözlənilir. Ümumilikdə bu ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkil olunması gözlənilirmi?

- Biz çox ümid edirik ki, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentləri arasında görüş olacaq. Dəqiq vaxtı yaxşı olardı ki, məndən yox, cənab prezidentdən soruşasınız. Bir daha vurğulamaq istərdim ki, biz ümidvarıq ki, görüş baş tutacaq. Mən əminəm ki, Minsk Qrupu həmsədrlərinin bir-iki həftədən sonra regiona planlaşdırılan səfərin gündəliyinin vacib bir hissəsi prezidentlərin görüşünü təmin etmək olacaq. Həmsədrlər bu görüşün baş tutmasına səy göstərəcəklər.

- Azərbaycan bu ay yenidən BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Bunun həm Azərbaycan, həm də BMT üçün əhəmiyyəti nədir?

- İlk öncə onu qeyd edim ki, Azərbaycanın bu ay yenidən BMT TŞ-yə sədrlik etməsi çox sevindirici bir haldır. Mən hesab edirəm ki, Azərbaycan BMT TŞ-nin üzvü kimi çox gözəl iş görüb. Biz Təhlükəsizlik Şurası ilə bağlı məsələlərdə Azərbaycanla sıx əməkdaşlıq etmişik. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə bildirmək istəyirəm ki, məsələnin nizamlanması üçün bütün səyləri göstərmək lazımdır. Biz çox ümidvarıq ki, Azərbaycan və Ermənistandakı seçkilərdən sonra məsələnin nizamlanması istiqamətində irəliləyiş əldə etməklə bağlı yeni imkanlar, fürsətlər yaranacaq. ABŞ Minsk Qrupunun həmsədri kimi bu məsələdə irəliləyişin əldə olunmasına köməklik göstərmək üçün bütün səylərini göstərir və göstərəcək. Səfir James Warlick-in bu həftənin əvvəlində reallaşan səfəri və Minsk Qrupu həmsədrlərinin gözlənilən səfəri də dediklərimə bariz nümunədir. BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin effektivliyi məsələsinə gəldikdə isə, əslində bu sahədə çalışan bir şəxs deyiləm. Ancaq bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan BMT TŞ-nin üzvü kimi çox gözəl fəaliyyət göstərib.

- Avropa İttifaqına alternativ hesab edilən Gömrük İttifaqının formalaşdırılmasına münasibətiniz necədir? Hansısa ölkənin Gömrük İttifaqına üzvlüyü ehtimalını ABŞ necə dəyərləndirir?

- Sovet İttifaqı dağıldıqdan sonra bizim siyasətimizin əsas istiqaməti keçmiş sovet ölkələrinin və xüsusilə də bu regiondakı ölkələrin müstəqilliyinin və suverenliyinin dəstəklənməsi olub. Bizim Azərbaycanla əlaqələrimizin ən yüksək prioriteti Azərbaycanın müstəqil və suveren ölkə olması olub. Hansısa təşkilatlardan birinin üzvü olması isə Azərbaycan, Ermənistan və ya digər ölkənin öz qərarıdır.

- ABŞ defolt ərəfəsində idi. Yaşadığınız maliyyə böhranı dövlətlərarası münasibətlərə təsir edibmi?

- Hökumətin fəaliyyətini dondurması artıq geridə çatıb. Bu məsələ ABŞ-Azərbaycan əlaqələrinə heç bir təsir göstərməyib. Biz Azərbaycanla qeyd etdiyim bir sıra sahələr üzrə sıx əməkdaşlığı səbirsizliklə gözləyirik.
XS
SM
MD
LG