Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 07:50

«Kömək edin, uşaqlarımı əlimdən alırlar»


Foro: Arxiv
Foro: Arxiv
-
AzadlıqRadiosunun «Qaynar xətt»inə müraciət edən Qazax rayon sakini Həmidə Mustafayevanın dediyinə görə, 4 aydan artıqdır ki, iki azyaşlı övladının üzünə həsrət qalıb. Həyat yoldaşı yaşadığı həyətə gələrək uşaqları 1-2 saata geri qaytaracağını bildirərək özü ilə aparıb. O gedən bir daha geri qayıtmayıb. Həmidə Mustafayeva deyir ki, indi uşaqlarını geri qaytamaq əməlli-başlı müşkülə dönüb:

«2004-cü ildə ailə qurmuşuq. Bir müddət həyat yoldaşımın ailə üzvləri ilə eyni mənzildə yaşamışıq. Ancaq xasiyyətimiz uyğun gəlmədiyinə görə o evdən çıxarılmışıq və kirayədə yaşamışıq. Keçən il həyat yoldaşım uşaqlarla məni atıb anasının evinə qayıtdı. İyun ayında isə uşaqları gəlib həyətdən apardı və geri qaytarmadı. Polisə şikayət etsəm də, baxılmadı. Polis dedi get, məhkəməyə şikayət et. İyun ayından məhkəmə qapılarındayam».

Həmidə Mustafayeva uşaqların alınaraq ona verilməsi, ərindən aliment və əlavə xərclər tutulması iddiası ilə Qazax rayon Məhkəməsinə üz tutub. Məhkəmə 4 aydır ki, davam edir. O, məhkəmənin qarşı tərəfin xeyrinə həll olunacağından narahatdır:

«Məhkəmə komissiya yolladı, gəlib mənim kirayədə yaşadığım evə baxış keçirdilər. Məhkəməyə rəy verdilər ki, ananın həmin evdə uşaqlarını saxlamaq imkanı yetərlidir. Oktyabrın 21-də hakim qətnamə çıxarmalı idi. Ancaq nədənsə yenə ləngitdi, məhkəməni təxirə saldı. Belə başa düşürük ki, məhkəmə hansısa maraq xatirinə uşaqların həyat yoldaşımda qalmasına çalışır».

Namizəd Səfərov
Namizəd Səfərov
UŞAQ 10 YAŞINA QƏDƏR ANADA QALMALIDIR

Qazax rayon Məhkəməsindən «Qaynar xətt»ə bildirdilər ki, Həmidə Mustafayevanın iddia ərizəsi hakim Elnur Cəbiyevin icraatındadır. Tərəflərin yaşayış şəraiti öyrənmək üçün yaradılmış komissiya yalnız iddiaçı tərəfin – Həmidə Mustafayevanın yaşayış şəraitini öyrənib. Hakim cavabdeh tərəfin də yaşayış şəraitini öyrənmək üçün komissiya üzvlərinin rəyini gözləyir.

Hüquqşünas Namizəd Səfərov deyir ki, uşaqlar 10 yaşları tamam olanadək ananın yanında qalmalıdır. Ancaq məhkəmə ananın gəlirlərini, o uşaqları saxlamaq imkanlarını, keçirdiyi həyat tərzini və yaşayış şəraitini mütləq nəzərə almalıdır:

«Məhkəmə müəyyən etsə ki, ananın sağlamlığında, həyat tərzində, yaşayış şəraitində qüsur yoxdur, uşaqları saxlamaq imkanı var, üstünlük mütləq onda olacaq. Qanun uşaqların 10 yaşınadək anada qalmasını göstərir. 10 yaşdan sonra uşaq özü sərbəst qərar qəbul edə bilər».
XS
SM
MD
LG