Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:00

İntiqam Əliyev: «Azərbaycan Avropa Məhkəməsinin lideri ola bilər»


İntiqam Əliyev
İntiqam Əliyev
-
Avropa Məhkəməsi 2010-cu ilin parlament seçkilərində baş verən pozuntular üzrə daha 11 işlə bağlı kommunikasiyalara başlayıb. Hüquqşünas İntiqam Əliyev AzadlıqRadiosuna müsahibəsində şikayətlərin xarakterindən danışır:

– Kommunikasiyası başlanan şikayətlərdə seçki saxtakarlıqları, o cümlədən hakimiyyət qurumlarının seçki prosesinə qanunsuz müdaxiləsi, dövlət resurslarından hakim partiyanın namizədlərinin xeyrinə istifadə, ayrıseçkilik, seçki komissiyalarında və məhkəmələrdə şikayətlərin səmərəli araşdırılmaması, «karusel» və digər çoxsaylı pozuntulardan söz açılır. Avropa Məhkəməsi 2010-cu ilin parlament seçkiləri ilə bağlı bundan öncə daha 32 şikayət üzrə kommunikasiyaya başlamışdı və beləcə, kommunikasiya olunan işlərin sayı 43-ə çatıb. Bu işlərin 31-i seçkilərdə namizədliyin qeydiyyatından imtina ilə, 12-si isə digər pozuntularla bağlıdır. Son 11 iş məhz seçkiöncəsi və seçki günü pozuntuları ilə bağlıdır.

– Kommunikasiyası başlanan işlərin sayca artımı nəyi göstərir? Bu rəqəm Azərbaycan üçün nə deməkdir?

– Kommunikasiya o deməkdir ki, həmin işlərin udulma şansı artır. Bir qayda olaraq, şikayət üzrə kommunikasiya başlanırsa, həmin iş uğurla nəticələnir. Təsəvvür edin ki, Azərbaycanla bağlı 2010-cu il parlament seçkiləri üzrə 100-dən çox şikayətin göndərildiyi bildirilirdi. Təəssüf ki, statistik məlumat yoxdur, bu, bizim hesablamalarımızdır. Onlardan 43-ü ilə bağlı kommunikasiya başlanıb. Yəni söhbət 43 işin uğur qazanma şansından gedir. Xeyli sayda şikayətimiz var Avropa Məhkəməsində. Gözləyirik ki, 100-dən çox işin 60-70 faizi üzrə kommunikasiya başlasın. 60-70 faiz iş üzrə Azərbaycanın əleyhinə çıxarılmış qərarlar o anlama gəlir ki, bu ölkədə seçki yoxdur. Ümumiyyətlə, Azərbaycan kimi ölkələr daxil olanadək Avropa Məhkəməsinin təcrübəsində seçkiylə bağlı 2-3 şikayət vardı. O da əhəmiyyətsiz pozuntularla bağlı idi. «Karusel»dən yararlanma, resurslardan hakim partiyanın xeyrinə istifadə, hakimiyyət nümayəndələrinin müdaxiləsi Avropa seçki sisteminə yad sayılırdı. Azərbaycan, Ermənistan, Rusiya kimi ölkələr Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olandan sonra bu terminlər ortaya çıxıb. Seçki şikayətlərinin sayına görə, Azərbaycan Avropa Məhkəməsində liderlik edir. Əgər bu işlər də uğurla nəticələnsə, Azərbaycan Avropa Məhkəməsinin lideri olacaq. Bu qərarları diplomatik, siyasi dilə çevirsək, o anlama gəlir ki, bu ölkədə seçki olmayıb. O şeyi ki, Avropa Parlamenti, ATƏT/DTİHB deyir, Azərbaycanın vətəndaş cəmiyyəti, siyasi partiyaları deyir, o şeyi də hüququ dildə Avropa Məhkəməsi bildirir. Və hökumətin həyəcan təbili çalması üçün çox ciddi əsaslar olmalıdır.

– Hüquqi qərarların belə siyasi, diplomatik ifadəsi nəyi dəyişə bilər?

– Avropa Məhkəməsinin 2005-ci ilin parlament seçkiləri ilə bağlı 20-yə yaxın qərarı olub. Azərbaycan hökumətinin Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı öhdəlikləri var – fərdi və ümumi xarakterli tədbirlər görmək. Fərdi xarakterli tədbirlərə kompensasiyaların ödənməsindən tutmuş, konkret işlə bağlı saxtakarlığa yol vermiş məsuliyyətli şəxslərin məsuliyyətidir. Ümumi xarakterli tədbirlər gələcəkdə ölkədə oxşar pozuntulara yol verilməməsi üçün qanunvericiliyin və onun tətbiqi praktikasının təkmilləşdirilməsidir. Avropa Şurasının Nazirlər Komitəsi ölkələrin həmin qərarları necə icra etməsinə nəzarəti həyata keçirir, vaxtaşırı hesabatları dinləyir. 2005-ci il parlament seçkiləri ilə bağlı 20 iş üzrə qərarların icra durumunun təhlili göstərir ki, Azərbaycan kompensasiya ödəməkdən başqa hər hansı fərdi, yaxud ümumi xarakterli tədbirlər görməyib. Xüsusən ikinci istiqamət üzrə ölkənin öhdəliklərini yerinə yetirdiyini söyləmək mümkün deyil. Əksinə, qanunvericilik sərtləşdirilib, insan hüquqlarının dairəsi daraldılıb. Düşünürəm ki, bir müddətdən sonra AŞ Nazirlər Komitəsində Azərbaycanın seçki şikayətlərinin icrası sahəsində durumu çox qızğın müzakirələr doğuracaq. Bundan ölkə toplumu, ictimaiyyət bəhrələnməlidir. Demokratiya uğrunda mübarizəmizin tərkib hissəsi Avropa Məhkəməsinin qərarlarının icrası vasitəsilə prosesə təsir etməkdir. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki komissiyalarının təşkili, toplantıların keçirilməsi, səslərin hesablanması, problemlə üzləşdiyimiz sahələrdə onların aradan qaldırılması üçün münbit şərait var.

– Təcrübə nə deyir, Avropa Məhkəməsi qərarlarını yerinə yetirilməməsi ölkə üçün hansı nəticələr doğura bilər?

– Təcrübə odur ki, Avropa Məhkəməsi qərar verirsə, ölkələr nəticə çıxarır. Azərbaycan Avropa Şurası və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olandan sonra anormal situasiya yaranıb. İstənilən müqavilə imzalanır, öhdəlik götürülür, ancaq yerinə yetirməkdən imtina olunur. Əvvəllər öhdəliklərin yerinə yetirilməsi imitasiyası vardı, son dövrlər isə qəti imtinadan söhbət gedir. Avropa Parlamentinin seçkilərin ədalətli keçmədiyinə dair bəyanatından sonra Azərbaycan həmin qurumu ölkədə iğtişaşlar yaratmaqda suçladı. Eyni məntiqlə Avropa Məhkəməsinin qərarlarından sonra həmin qurumun ünvanına da bənzər ittihamlar səslənə bilər. Güman etmirəm ki, iş o dərəcədə gülməli duruma düşəcək. Ancaq xeyli maraqlı müzakirələrin şahidi olacağıq. İcra etməsə, nə olacaq? Onsuz da Azərbaycanın beynəlxalq qurumlardakı mövqeyi əvvəlki kimi möhkəm deyil. Elə Avropa Şurasında da, baxmayaraq ki, yetərincə möhkəm görünür. Özəlliklə Strässer-in hesabatı və müzakirələr göstərdi ki, «kürü diplomatiyası» o qurumda yetərincə işləyib. Artıq «kürü diplomatiyası» termini beynəlxalq və yerli mediada, Avropa Şurasının, beynəlxalq qurumların kuluarlarında utancgətirən ifadə kimi istifadə olunur. Ona görə Azərbaycan hökumətinə əvvəlki kimi rahat olmayacaq. Xüsusən bu hüquqi qərarlar imkan verəcək ki, AŞ Nazirlər Komitəsinin müzakirəsinə, siyasi müstəviyə keçirək. Bütün hallarda bu, Azərbaycanın demokratiya uğrunda mübarizə aparan toplumunun xeyrinə işləyən amillərdir. Bundan bəhrələnmək lazımdır.
XS
SM
MD
LG