Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:39

Xalid Hüseyniyə qədər əksəriyyət bilmirdi ki, əfqan adlı xalq yoxdur...


Yazıçı Əziz Rzazadə və bloqqer Etibar Salmanlı
Yazıçı Əziz Rzazadə və bloqqer Etibar Salmanlı
-
Çoxları onu əfqan xalqının əzablarını dünyaya çatdıran, dünyada ən çox tanınan əfqan yazarı hesab edir. Bəziləri isə onun romanlarını başdan ayağa siyasi sifarişlər və bayağı hollivud səhnələri ilə dolu zəif yazar hesab edir.

Azadlıq Radiosunun "Pen Klub" proqramında müzakirə mövzusu:

“Çərpələng uçuran”, “Min möhtəşəm günəş” romanlarının müəllifi Xalid Hüseynidir.

Müzakirəyə bloqqer Etibar Salmanlı, yazıçılar Əziz Rzazadə, Azad Qaradərəli qatıldı.

Səadət Akifqızı

- Əziz bəy Xalid Hüseyni oxuyarkən təsüratınız nə oldu?


Əziz Rzazadə


- Əslinə qalsa Xalid Hüseyni seçimini onun məhşurluğu ilə bağlayırsınızsa kifayət qədər daha məşhur yazıçılar da var. Azərbaycanda Əfqanıstan mövzusu işlənmiş bir mövzudur. Hələ sovet dönəmində Əlibala Hacızadə “İtkin gəlin” romanı ilə xeyli oxucu kütləsi toplamışdı, mərhum Zakir Sadatlının “Əfqanıstan uçurumu” adlı memuarları dərc olundu və Milli Kitab Mükafatını aldı.Təəssüf ki, Zakir Sadatlının kitabını oxumamışam amma “İtkin gəlin” romanı ilə yaxşı tanışam, o dövrdə bu kitab Azərbaycada bestseller idi. Əfqanıstan bizim üçün yeni mövzu idi, biz Əfqanıstanı o romanla tanıyırdıq. Amma mənim üçün bu roman o qədər də uğurlu deyil, çünk biz hadisələri içərdən görə bilmirdik, hadisələr hansısa mücərrəd bir məkanda baş verirdi, doğrudur müəllif özü Əfqanıstanda işləmiş adam idi, amma bu Əfqanıstanı yaxşı tanımaq anlamına gəlmirdi.

Səadət A.

- Bəlkə Əlibala Hacızadə bilərəkdən belə yazmışdı?


Əziz R.

- Xeyr Əlibala Hacızadənin Əfqanıstanda işlədiyi dövr Zahir şahın hakimiyyətdə olduğu dövrə düşür, daha sonra hakimiyyətə şahın yaxın qohumu Davud gəldi, onda sabirlik dövrüydü, o dövrdə Əfqanıstanda ziddiyyətlər, etnik konfliliktlər önə çıxmamışdı. Əfqanıstanda ziddiyyətlə sovet işğalından sonra etnik münasibətlər kəskinləşdi. Xalid Hüseynin fərqi də budur ki, onun əsərində etnik məsələlər daha qabarıq göstərilir, o bir növ Əfqanıstanı bizə içərdən göstərir, çünki özü bu hadisələrin içində olub. Mənim fikrimcə bu avtobioqrafik romandır. Məlum olduğu kimi 80-cı illərdə ABŞ-da sığınacaq alana qədər bu ailə Əfqanıstanda yaşayıb. Onunçün o mövzu daha doğmadır, buna görə o bizə cana yaxın, qəlbə tez yapışan roman kimi gəlir. Başlanğıcı etibarilə o memuardır, daha sonra ekşin janrında bir şey görürük, əsər birdən-birə siyasi motiv qazanır, orda daha çox taliban dövrünü, mühacirətdəki əfqan həyatını görürük. Amma bizə Əfqanıstanın yaxın 20 illik mənzərəsini bizim üçün kifayət qədər açır. Özünüz də əsərdən görürsünüz ki, Zahir şah dövrü, Davud dövrü uşaqlıq dövrüdür və ötəri keçir. Amma sovet işğalından sonra başlayan hadisələrdə Əfqanıstana daha sərt bir baxış görürük.


Yazıçı Əziz Rzazadə
Yazıçı Əziz Rzazadə




“XALİD HÜSEYNİ ƏFQANISTANDA QALSAYDI BİZ ONU TANIMAYACAQDIQ”

Səadət A.

- Etibar bəy romana sizin baxışınızı da öyrənək.


Etibar Salmanlı


- Mən Xalid Hüseynin ilk kitabını azərbaycanca Xədicə İsmayılın tərcüməsində oxumuşam, ardınca “Min möhtəşəm günəş”i türkcə oxudum, üçüncü kitabını isə yenə də azərbaycanca oxumuşam. Mən onun ilk kitabını oxuyan kimi bir bloq yazısı yazdım və bu gün də o yazının üstündən iki il vaxt keçsə də hələ yaxşı oxunur. Düzdür mən Əziz bəyin bəzi fikirləri ilə razıyam, romanda xeyli ekşin hissələri var amma “Çərpələng uçuran”da bu ekşin ən sondadır. Kitabın ən sonuncu bölməsi istər türk, istər rus bloqqerlərinin yazısında, istərsə də azərbaycan mnətbuatındakı yazılarda olduqca bayağı olduğu deyilir. Ümumilikdə götürəndə isə Xalid Hüseynə böyük yazıçı kimi qiymət verilməlidir. Doğrudur, Xalid Hüseyni Əfqanıstanda qalsaydı biz indi heç onu tanımaya da bilməzdik. Onun yerinə başqa bir əfqan yazarını tanıyacaqdıq ki, o tamam başqa mövzularda yazacaqdı. Düşünürəm ki, burda təhsilin önəmi var.


Əziz R.


- Bəlkə də ona görədir ki, biz sovet işğalı dövrü, taliban dövrünü daha yaxşı bilirik. Ona görə uşaqlıq dövrü xatirələrini danışanda bizə şirin gəlir. Amma sonrakı dövrlər bizim televiziyadan, internetdən izlədiyimiz hadisələrdir ki, buna ikili yanaşma var. Bəziləri Əfqanıstana müdaxiləni qanunsuz hesab edir, bəziləri haqlı görür. İkincisi burda siyasi konyuktura məsələsi sözsüzdür. Romanın özü 2003-cü ildə çap olunub. Artıq o illərdə qoşa qüllələrə basqın da olmuşdu, Ben Laden adında bir kabus obrazı da vardı, taliban deyilən bir şeyə qarşı koalisiya mübarizəsi də vardı. Biz bunları gözümüzlə görürdük. Bir faktı qeyd etməliyik ki, Xalid Hüseyni nadir şərq yazarlarından biridir ki, Ağ evdə qəbul edilib. Ağ evin rəsmi saytında onun Buş dönəmində Lora və Corc Buşla birlikdə fotosu da yerləşdirilib.


Səadət A.

- Siz bunu onunla bağlayırsınız ki, onun bu əsərlərinə dəstək Ağ evdən gəlib?


Əziz R.

- Biz onun romanını oxusaq da, öz siyasi baxışlarını bilmirik. Biz problemin bədii həllini görürük. Sadəcə romanın peyda olduğu dövr həmin taliblərlə mübarizə dövrü ilə üst-üstə düşürdü və Qərb kitab texnologiyasında belə bir şey var ki, sənin istedadlı olmağın hələ hər şeyi həll etmir. Sənin yaxşı ədəbiyyat agentin olmalıdır, piar kompaniyan qurulmalıdır. Bu halda əgər əsər siyasi baxımdan yüklüdürsə, özü üçün əlavə bir maraq doğurur, əlavə bir piar qazanır.



“XALİD HÜSEYNİNİN TİMASLINDA YENİ BİR PAULO KOELYO YARANIR”

Səadət A.

- Etibar bəy piarın hesabınaydımı bu?


Etibar S.


- Xeyr mən elə düşünmürəm. Düzdür kitab 2002-2003-cü illərdə artıq hazır idi və talibanla mübarizə vaxtı ilə üst-üstə düşürdü və o fikirlə razılaşıram ki, ədəbiyyat aşağı təbəqəyə təsir edə bilmək üçün bir vasitədir. Amma bütün bunlar Xalid Hüseyninin istedadsız, ədəbiyyatdan kənar bir adam olduğu demək deyil. Mənim fikrimcə Xalid Hüseyninin timsalında yeni bir Paolo Koelyo yaranır. Paolo Koelyonun kitabları milyonlarla satılır, o qəlbin sarı simlərinə toxunur. Xalid Hüseyninin yaza bilməməsini iddia etmək, onun uğurlarını tamamilə piara, siasi vəziyyətə bağlamaq tamamilə absurd fikirdir. Çünki bütünlüklə qərb kitabçılığında əsərin tutması üçün müəyyən şərtlər var: burda siyasi mövzu olmalıdır, gender problemindən, irqi ayrıseçkilikdən bəhs olunmalıdır. Bu günləri romanı necə yazmaq, hekayəni necə yazmaqla bağlı dərsliklər var, əgər bir yazar onları oxuyub professional yaza bilirsə burda nə var ki. Bizdə belə bir hal yaranıb, Əziz bəyin yazısında da onu gördüm, yazmağa başlayan adamlar ya da yaxşı yazmaq istəyənlər arasında bir kult yaranıb, ya deyirlər mən Xalid Hüseynidən yaxşı yazıram, ya da deyirlər onun qədər yazıram.

Əziz R.

- Mən əsla və əsla Xalid Hüseyninin istedadını inkar etmirəm. Sadəcə Amerika kimi çoxmilyonlu bir ölkədə oxucunun Xalid Hüseynini tapması, o qədər yazarlar ola-ola onun tanınması təsadüf ola bilməz. Məncə onun kəşf edənlər var.


Etibar S.

- Əlbəttə onu kəşf edən var. Amma mən Xalid Hüseyninin həyatı ilə bağlı az qala bütün faktları oxumuşam, bir məsələ var ki, Xalid Hüseyninin o kitabı çıxana qədər o artıq “Nyu-York Tayms” la əməkdaşlıq edirdi. Onsuz da orda yazıları vardı.


Əziz R.

- Etibar bəy inkar etməz ki, “Nyu-York Tayms”ın səhifəsinə düşmək özü böyük bir şeydir. Çox böyük stimuldur. Amma burda bir maraqlı məqam var, tutaq ki, götürək Tolstoyun “Hərb və sülh” romanı. Tolstoya qədər müharibə ilə bağlı xeyli roman yazılmışdı, amma yadda qalan “Hərb və sülh” oldu. Sovet ədəbiyyatında Simonov qədər müharibədən yazan yox idi, amma sonradan Qrossman, Soljinitsin üzə çıxanda biz müharibənin başqa üzünü də gördük. Siyasi konyukturadan kənar üzünü gördük. Mən elə gəlir 5 ildən, 10 ildən sonra biz ümumiyyətlə Xalid Hüseynini unudacağıq. Hələ ki, o bizim üçün aktualdır. Çünki biz Əfqanıstandakı hadisələri isti izlərlə izləyirik.


Yazıçı Əziz Rzazadə və bloqqer Etibar Salmanlı
Yazıçı Əziz Rzazadə və bloqqer Etibar Salmanlı





“İKİ KİTABDAN 235 MİLYON NÜSXƏ AZ RƏQƏM DEYİL”


Səadət A.

- İstəyirəm bir qədər “Çərpələng uçuran” üzərində duraq. Azərbaycan ən çox onun haqda müzakirələr getdi. Sizcə bu nə barədə bir əsərdir? Dostluq, ölkənin siyasi vəziyyəti, müharibə, uşaq zorakılığı, xəyanət, arzuların məhvi, ömür boyu günah hissi ilə yaşamağın əzabı.


Etibar S.

- Deyim ki, bir romanın tutması üçün on şərtdən səkkizini Xalid yerinə yetirib. “Çərpələng uçuran” onun ilk əsəri idi, səkkiz milyon ədəd satlıb. Doğrudur tiraj heç də hər şey demək deyil, amma həm də tiraj hər şeydir. O “Çərpələng uçuran”la başlatdığı uğuru, ikinci və üçüncü kitabında artaraq davam edir. İki kitabın birlikdə satışı 235 milyon nüsxədir, bu az rəqəm deyil. Amma ikinci kitab birincidən zəif olsaydı Xalid Hüseyni daha olmayacaqdı. Sizi inandırıram ki, mənim gəzdiyim, Almaniya, Hollandiya, Böyük Britaniyada kitab rəflərində ən çox satılan cəmi iki kitab vardı. Den Braunun “İnferno”su və Xalid Hüseyninin “Dağlardan səda gəldi” romanı idi.


Əziz R.

- Əvvəla kitab bizə yaxın bir çevrədən bəhs edir. Bundan əlavə bu kitab Əfqanıstanın üzərindən ekzotika qapağını götürdü. Bizə bu ölkənin real vəziyyətini göstərdi. Orda mənfi obraz Asifin sözləri var: “Bu ölkə ancaq puştunlar üçündür”. Biz ordakı etnik zidiyyətləri gördük. Biz əvvəl elə bilirdik ki, Əfqanıstan əfqanların yaşadığı bir ölkədir. Əksəriyyət bilmirdi ki, əfqan adında xalq yoxdur. Əfqanıstan müxtəlif xalqların birliyidir. Burda fars mənşəli puştunlar, bəluclar var. Onlar arasında zidiyyətlər var, münaqişələr var. Əfqanıstan qaynar nöqtələrdən biridir. Sabah hansısa iraqlı yazıçı da Xalid Hüseyninin o uğurunu təkrarlaya bilər.


“AZƏRBAYCAN OXUCUSUNUN KİTAB SEÇİMİ MOBİL TELEFON SEÇİMİ KİMİ BİR ŞEYDİR”

Səadət A.

- Azad bəy siz müsahibələrinizin birində bildiribsiniz ki, “Kuma-Manıç çökəkliyi” romanınız, Xalid Hüseyninin “Çərpələng uçuran” romanından heç də heri qalan əsər deyil, bəlkə də ondan üstündür. Etibar bəy vurğuladı ki, azərbaycanda bəzi yazarlar özlərini Xalid Hüseynlər müqaisə edirlər, ondan üstün sayırlar. Ümumiyyətlə Xalid Hüseyni ədəbiyyatda bir örnəkdirmi?


Azad Qaradərəli

- Hər bir əsərdə bir ana xətt bir söz, bir cümlə olur. Bu əsərdə də o: “Səndən ötrü min yol”du. Həsənin Əmirə sözləridir. Bu süd qardaşlarının bir-birinə məhəbbətlərindən bəhs edən bir əsərdir. Mən deyərdim ki, bu əsərdə Xalid Hüseyninin amerikan təəssübkeşliyi var. Bəlkə də “Səndən ötrü min yol” deyimi elə Amerikanın Şərqə, Əfqanıstana sözləridir. Bu əsər mənim üçün örnək deyil. Xalid Hüseyni bizim tanıdığımız böyük yazıçılardan deyil. O “Hərb və sülh”, ya da Heminqueyin, Markesin nobel almış romanları ilə müqaisə ediləcək bir əsər deyil. Amma onu Azərbaycandakı bəzi yazıçıların səviyyəsinə də salmaq istəmirəm. Onların adını çəkmək istəmirəm, kitabçılar onların adlarını bizə nümunə kimi göstərir ki, siz də onlar kimi yazın, kitabınız satılsın. Mən Xalid Hüseynini ortabab yazıçı hesab edirəm. Onu deyim ki, bu əsəri oxuyanda əfqanlarla bir millətə, bir kökə məxsus xalqın nümayəndəsi kimi özümü təhqir olunmuş hesab etdim. Amma Əfqanıstan kimi həddindən artıq geridə qalmış bir yerdən Xalid Hüseyninin çıxması özü müsbət hadisədir. O əfqan xalqının dərdini dünya oxucusuna çatdıra bilib.


Səadət A.


- Bir dəfə kitab satışını təşkil edənlər irad bildirmişdi ki, Xalid Hüseyninin, Koelyonun, Markesin kitabları yaxşı satılır amma siz elə yaza bilmirsiniz deyə sizin kitablar satılmır. Kifayət qədər zəngin materiala sahib azərbaycan yazıçısı niyə dünyaya çıxa bilmir? Ən azı Xalid Hüseyni kimi yaza bilmir.


Əziz R.

- O fikri ilk dəfə Nigar Köçərili demişdi, amma mən o fikri qəbul etmirəm, edə bilmərəm. Azərbaycan yazıçılarının istedadları heç də Xalid Hüseyninin istedadından az deyil. Amma ktiab yazmaq hələ işin bir hissəsidir. Burda ordakı kitab texnologiyası, oxucu kütləsi də yoxdur. Mən kitab sərgilərində oluram, görürəm ki, ora kitab oxuyanlar da gəlir, adətən təsadüfü adamlar çox olurlar. Onların kitab seçimləri də mobil telefon seçimi kimi bir şeydir. Deyək ki, azərbaycanlı müəlliflər və onların yanında Heminquey, Markes olanda oxucu o dəqiqə nəzərlərini xarici ədəbiyyata zilləyir. Bu mənim şəxsi fikrimdir ki, bizdə bu gün oxucunu diksindirəcək bir adam yoxdur.


Etibar S.


- Məncə var. Bizdə bir sıra yazarlar var ki, onlar çox gözəl yazırlar. Pərviz Cəbrayılın “Yad dildə”si, Şərif Ağayarın “Haramı”sı olsun. Yaxşı strategiya qurulsa indi onların qarşısına qoyuln bir sıra yazıçılardan daha yaxşı tanına bilərlər. Onların başları məişət qayğılarına qarışdığı üçün belə strategiya qura bilmirlər.


Azad Q.

- Yazıçının nə yazdığını, necə yazdığını ola bilsin vətənində dəyərləndirə bilmirlər. Folkner hətta nobel mükafatı alan günə qədər Amerikada qəbul edilməyib. Həmkarlarımdan biri dedi ki, bizdə oxucunu diksindirəcək qədər bir yazıçı yoxdur. Bu ədəbi camiyyənin, yazarların gücünü bilməməkdən gəlir. Siz nə bilirsiniz ki yoxdur? Mənim “Kuma-Manıç çökəkliyi” əsərim “Çərpələng uçuran” əsərindən zəif deyil güclüdür. Yazıçının xaricə çıxması üçün birinci növbədə dövlətin özünün marağı olmalıdır. “Çərpələng uçuran” kitabının girişində yazılıb ki, bu layihə ABŞ dövlət departamentinin dəstəyi ilə tərcümə olunub, çap edilib. Hər halda ABŞ öz yazıçısının əsərini çap etdirmək üçün pul tökür.

Soldan sağa: Səadət Akifqızı, yazıçı Əziz Rzazadə və bloqqer Etibar Salmanlı (verilişdən sonra)
Soldan sağa: Səadət Akifqızı, yazıçı Əziz Rzazadə və bloqqer Etibar Salmanlı (verilişdən sonra)



“GÖRƏSƏN ONUN QUANTANAMODA SAXLANILAN ƏSİRLƏRLƏ BAĞLI FİKRİ NƏDİR?”

Səadət A.

- Etibar bəy siz hökümətin yazıçını dəstəkləməsini onun populyarlığına təkan verən bir səbəb sayırsınızmı? Belə fikirlər var ki, əsərin içində Amerikanın sülhpərvərliyini təbliğ edən materiallar var.


Etibar S.

- Biz tam olaraq yumruğumuzu stola vurub deyə bilmərik ki, bu belədir. Bir məsələ var ki, Azərbaycanda çap olunanda o dünyada artıq 4-5 milyon ədəd satılmışdı. Bu gün Xalid Hüseyninin 3-cü kitabı yenə də bestseller olub, 4-cüsü çıxsa o da bestseller olacaqdı.


Əziz R.

- Bir məsələ də var ki, biz Xalid Hüseyninin ictimai-siyasi fikirlərini bilmirik. Bu adamın şəxsiyyətini tanımırıq. Yazıçı təkcə ədəbi əsərləri ilə tanınmır cəmiyyətdə həm də fikirləri ilə tanınır. Onun Əfqanıstanda baş verənlərə ictimai-siyasi münasibətini bilmirik.


Səadət A.

- Dostoyevskinin şəxsiyyəti ilə bağlı müxtəlif zidiyyətli fikirlər var, onun haqqında bunları biləndən sonra əsərlərinə münasibətiniz dəyişərmi?


Əziz R.


- Şəxsən mən ona bir sual verərdim. Görəsən onun Quntanamoda saxlanılan əsirlərlə bağlı fikri nədir? Talibanın verdiyi işgəncələrlə onların verdiyi işgəncələr arasında fərq varmı? Əgər bu sayaq suallara onun cavablarını eşitsəydim. Yazıçı yazıçı olmaqdan başqa həm də vətəndaşdır. Əsərlərində Əfqanıstan təssüfkeşliyini çəkən, Əfqanıstan yaralarını göstərən bir adamın vətəndaş mövqeyini də görmək istəyirik.




XS
SM
MD
LG