Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:06

İmişlidə təmiz hava qəhətə çəkilib...


İmişli Şəkər Zavodu
İmişli Şəkər Zavodu
-
İmişlidə kəskin iy narahatlığa səbəb olub. Rayon sakinləri günün müxtəlif saatlarında açıq havada nəfəs almağın dözülməz olduğunu bildirirlər. Onların dediyinə görə, İmişli şəhəri ilə yanaşı, rayon mərkəzindən 10 kilometr uzaqda yerləşən kəndlərdə də bu iy duyulur. Kəskin iyin mənbəyi də mübahisə mövzusuna çevrilib.

«ŞƏKƏR ZAVODU AÇILANDAN SONRA TƏMİZ HAVA ƏLDƏN GETDİ»

İmişli şəhərinin Araz küçəsində yaşayan Siyab Sarıyev iddia edir ki, havanı korlayan şəkər istehsalı edən zavoddur:

«Əvvəllər nəyimiz olmasa da, təmiz havamız vardı. Şəkər zavodu açılandan sonra o da əldən çıxdı. Bu iy camaatı qırıb-batırır. Gecə yarısı, adamlar şirin yuxuda olanda zavod havaya qaz buraxır. Görmüşdük səhər təmiz hava olar. Bizdə əksinə olub: səhər açılan kimi ciyərimizə üfunət çəkirik. Gör nə qədər qaz buraxılır ki, bu iy rayonun hər yerinə yayılır. Ekologiya, səhiyyə nazirlikləri bununla ciddi maraqlanmalıdır».

İmişlidə yüzlərlə adam belə düşünür. Hələ 2010-cu ildə bu rayondan seçilmiş deputat İltizam Əkbərli parlamentdə zavoddan atmosferə zəhərli qaz buraxıldığını demişdi:

«Təmsil etdiyim rayonda «Azərsun»a məxsus şəkər zavodunun regionun ekologiyasına vurduğu ziyanı sübut etməyə, hesab edirəm ki, ehtiyac yoxdur. Əhəng zavodundan gecə saat 2-3-dən sonra havaya buraxılan və insanların nəfəs almasını çətinləşdirən zəhərli qazların orqanizmdə yaratdığı ağır nəticələri, yəqin ki, yerli əhali bir müddət hiss edəcəkdir. Təsadüfi deyil ki, mütəxəssislər regionda vərəm xəstəliyinin sürətlə yayılmasını həm də bu səbəblə əlaqələndirirlər».

«MƏNFİ TƏSİR OLSAYDI, ELƏ...»

Azərbaycan Şəkər İstehsalat Birliyinin (İmişli şəkər zavodunun) keyfiyyətə nəzarət şöbəsinin müdiri Tamilla Şahbazova atmosferə nəinki zərərli maddələr atmadıqlarını, ümumiyyətlə müəssisənin çıxarının olmadığını deyir:
Tamilla Şahbazova
Tamilla Şahbazova

«Zavod həm kimyəvi, həm də ekoloji cəhətdən ən təmiz müəssisələrdən biridir. Biz istehsal prosesi zamanı ayrılan qazı regenerasiya edərək yenidən istehsalata qaytarırıq. Ona görə də müəssisə qaz halında atmosferə heç bir zərərli maddə atmır. Atılan yalnız kondensat halında olan sudur ki, o da soyutma qülləsinin üzərindən havaya qalxır. Bu, tər-təmiz sudur, tərkibində heç nə yoxdur».

Tamilla Şahbazova zavodun ətraf mühiti çirkləndirməsi ilə bağlı gəzən söz-söhbətdən xəbərdar olduqlarını deyir:

«Bilməyərəkdən bəzi adamlar deyir ki, şəkər zavodunun iyi bizi öldürür, yaxud meyvə ağaclarımızı qurudub. Müxtəlif yerlərdən gəlib bu zavodda işləyənlər var, onların bəziləri ailəsi ilə birgə burada qalır. Zavodun həyətində yaşıllıq sahəsi salınıb, meyvə ağacları yetişdirilib və onlar bolluca bar verir. Bu müəssisədən ətraf mühitə, insanların sağlamlığına mənfi təsir olsaydı, elə buradakılara olardı».

Birliyin sözçüsü onu da əlavə etdi ki, burada havada, suda olan mikroorqanizmlərin vaxtaşırı analizi aparılır, ətraf mühitə atqılarla bağlı aidiyyəti dövlət orqanlarına hesabatlar verilir.

İmişli Şəkər Zavodunun rəhbərliyi bildirir ki, iyin mənbəyi yaxınlıqdakı müəssisələrdən biri ola bilər.

Foto arxiv. Quşçuluq fabriki
Foto arxiv. Quşçuluq fabriki
«BURADAN GƏLƏN BİZİM İYİMİZ DEYİL»

«Azərsun Holdinq»ə məxsus müəssisə ilə qonşu olan obyektlərdən biri də quşçuluq fabrikidir. Onları Rəsularx kanalı (Rəsullu arxı) ayırır. Fabrik İmişli-Kürdəmir avtomobil yolunun başlanğıcındadır. Günün istənilən vaxtı bu yolla kanalın üzərindəki körpünü keçəndə, kəsif iy hiss olunur.

Fabrikin nəzarətçisi də bu iydən yanıqlı olduqlarını deyir:

«Baxın, Şəkər Zavodunun tullantıları axıdılan kanaldır. Axşam düşəndən ta səhərədək bu kanala tərkibində zəhərli maddələr olan su buraxılanda, nəfəs çəkə bilmirik. Əvvəllər bu kanaldan camaat balıq tuturdu. İndi onda canlı adında heç nə qalmayıb. Gündüzlər ikinci borudan təmiz su buraxılır ki, kanal təmizlənsin və iy azalsın. Kanal fabrikin qarşısından keçir deyə, bilməyənlər iyin bu müəssisədən buraxıldığını düşünür».

«ONDA GƏRƏK ÖLKƏ BÜTÜNLÜKLƏ ÜFUNƏT İÇİNDƏ OLAYDI»

«İmişli Quşçuluq» MMC-nin direktor əvəzi Gözəl Səfərova bildirir ki, fabrik 1986-cı ildən fəaliyyət göstərir:

«İy olsaydı, elə o vaxtlar da olardı. Respublikamızda 70-dək belə fabrik var. Quş əti istehsal olunan müəssisələrdən ətrafa belə kəskin iy yayılsaydı, onda gərək ölkə bütünlüklə üfunət içində olaydı. Müəssisənin sahibi də yerli adamdı, burada işləyənlər də. Hər hansı zərərli təsir ilk növbədə öz sağlamlığımız əleyhinə ola bilər. Buna isə heç kəs razı olmaz».

«Araz» konservləşdirilmiş şirələr və konyak zavodu
«Araz» konservləşdirilmiş şirələr və konyak zavodu
«BU İYDƏ HƏR ŞEY VAR»

İmişli şəhərinin «Depo» məhəlləsində yaşayan təqaüdçü Tahir Səmədov isə iyin «Araz» konservləşdirilmiş şirələr və konyak zavodundan yayıldığını bildirir:

«Zavodun tullantıları boru ilə qarşısındakı hovuza vurulur. Oradan ətrafa üfunət yayılır. İstehsalat tullantılarının təmizlənməməsi qalsın bir yana, heç olmasa, onun üstünü qapayalar ki, kəskin iy ətrafa yayılmasın. Düzdür, hovuza toplanan maye boru ilə ümumi kanalizasiya kollektoruna daşınır. Amma bir tərəfdən də zavod tullantılarını axıtdığından hovuz həmişə dolu olur. Kollektora tökülüb buxar şəklində havaya qalxan iydə hər şey var - sidik də, nəcis də, qıcqırtma maddələri də».

ZAVODUN İÇİNDƏ VƏ ÇÖLÜNDƏ...

«Araz» şirələr və konyak zavodunun keyfiyyətə nəzarət üzrə direktor müavini Gülağa Aslanov istehsalat tullantılarının zərərsiz şəkildə müəssisədən xaric edildiyini deyir:

«Zavod spirt, araq, konyak və şirələr istehsal edir. Müəssisədən havaya yalnız karbon qazı buraxılır, onun da ekologiyaya heç bir mənfi təsiri olmur. Konyak istehsalı zamanı yaranan tullantının tərkibində zərərli heç nə yoxdur, ondan biz yardımçı təsərrüfatımızda mal-qaraya da veririk».

Müəssisənin işçilərindən biri bizdə əminlik olsun deyə, istehsalat çıxarı olan ağköpüklü, tündrəngli mayedən piyaləyə dolduraraq bir-iki qurtum içdi. Amma nə qədər qəribə olsa da, zavodun barısından bayıra çıxıb cəmi 20 metr uzaqda yerləşən hovuza töküləndə bu maye sabun köpüyünə bənzər rəng alır və ondan ürəkbulandıran iy gəlir. Görünür, ya hovuza istehsalatın digər çıxarları da axıdılır, ya da açıq havada qaldıqca, mayedə kimyəvi reaksiya baş verir.

İstehsalat və məişət atqıları zərərsizləşdirilmədən su kanalına tökülür
İstehsalat və məişət atqıları zərərsizləşdirilmədən su kanalına tökülür
ÇİRKAB FONTANI

İmişli Sukanal İdarəsinin rəisi Etibar Babayev hazırda istismar edilən kanalizasiya sisteminin 1938-ci ildə qurulduğunu deyir. O, bizimlə söhbətdə bildirdi ki, sistemə daxil olan məişət atqıları maşınlarla kənara daşınır. Rayon mərkəzindəki yaşayış binalarından kanalizasiya xəttinə daxil olan çirkab şəhərin Tofiq İsmayılov küçəsində yerləşən quyuya toplanır. Lakin quyunun yaxınlığındakı binada yaşayanlar deyir ki, çirkab maşınla daşınmır, buradan nasosla iridiametrli boruya vurulur. Dəmiryolunun altından keçən həmin boru məişət tullantılarını şəhərin hüdudlarından kənarda yerləşən şor kanalına axıdır.

«Depo» məhəlləsində yaşayanlar deyir ki, boru çürüyüb, ayrı-ayrı yerlərdə sızmalar var. Hərdən tıxac yaranır və boru partlayır, ətrafa sidik və nəcis qarışığından fontan vurur.

«YA TƏMİZ HAVA VERİN, YA DA BİZİ BURADAN KÖÇÜRÜN!»

Kəskin iydən daha çox İmişlinin «Telestudiya» adlanan massivindəki Dövlət Neft Şirkətinə məxsus 5 mərtəbəli binada məskunlaşan məcburi köçkünlər əziyyət çəkir. Onlar bildirir ki, bu iy uşaqları xəstə edib, kənar yerdən qonaq gələndə xəcalət çəkirlər:

«Bu, insanlığa qarşı bioloji terrordur. Aidiyyəti qurumlardan xahiş edirik: ya bu iyi aradan qaldırsınlar, ya da bizi buradan köçürsünlər».

SU KANALI 6 KİLOMETR UZUNLUQDA OLAN ÜSTÜAÇIQ TUALET QUYUSUNA ÇEVRİLİB

Məişət və istehsalat tullantıları ötən əsrin 70-ci illərində çəkilmiş, hazırda əhalinin pay torpaqlarının əhatəsində qalan kanalla axır. Sonra rayonun Cəfərli kəndi yaxınlığında magistral kollektora tökülür. Kollektora digər mənbələrdən təmiz su daxil olduğundan, tullantılar təbii yolla zərərsizləşir. Amma bunadək 6 kilometr uzunluqda olan kanal ətraf mühitə öz zərərli təsirini yetirir.
İmişlidən Cəfərliyə çəkilmiş, içərisi çirkabla dolu kanal
İmişlidən Cəfərliyə çəkilmiş, içərisi çirkabla dolu kanal

Kanal lillənib, onun içərisini qamış basıb və körpülərin altındakı suötürücü boruların gözü tutulub. Sakinlər axırıncı dəfə onun nə vaxt qazıldığını xatırlamırlar:

«Bu, sovet hakimiyyəti illərində olub. O vaxtlar Sanitar-Epidemiologiya Stansiyasından gəlib kanala dərman səpirdilər».

İçərisində lehmə vurub qalmış çirkabın bir hissəsi ya buxarlanır, ya da yerin təkinə və ya ətrafındakı sahəyə sızır. Çirklənməyə məruz qalan ərazidə fermerlər taxıl və yem bitkiləri yetişdirir, mal-qaralarını otarırlar. Sakinlər deyir ki, azacıq meh əsməyi bəs edir ki, 6 kilometr uzunluğu olan kanaldan qopan üfunət yaxınlıqdakı yaşayış məntəqələrinə yayılsın.

«RAYONDA İYİ ÖLÇƏN CİHAZ YOXDUR»

Bir qrup rayon sakini aidiyyəti dövlət orqanlarına kollektiv müraciət ünvanlayıb. İmişli rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasının sədri Səfa Ağayev bildirir ki, ciddi tədbirlər görülür və onun nəticəsini əhali yaxın günlərdə hiss edəcək. Artıq Cəfərli kəndi istiqamətində olan kanalın qazıntısına başlanıb. Kanal Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin balansında olsa da, qazıntı işini Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsinə məxsus texnikalar görür.

Amma adını açıqlanmasını istəməyən icra işçisi vəziyyətin dəyişəcəyinə ümid etmədiyini deyir:

«Komissiya yaratmaqla nə etmək olar? İyi ölçən cihaz lazımdır, o da rayonda yoxdur. Sənaye müəssisələri günahı bir-birinin üstünə atır. Bu işə mütəxəssislər cəlb edilməli, ekspertiza təyin edilməlidir».
XS
SM
MD
LG