Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:03

Cəmil Həsənli Vaşinqtonda Avropa Şurasını tənqid etdi


Cəmil Həsənli
Cəmil Həsənli
-
«Azərbaycan müxalifəti ölkədə güc mərkəzinə çevrilmək və enerji-təhlükəsizlik sahəsində Qərb ilə əməkdaşlığı demokratiya ilə tamamlamaq fikrindədir».

ABŞ-da səfərdə olan Milli Şuranın keçmiş prezidentliyə namizədi Cəmil Həsənli noyabrın 22-də Vaşinqtonda AZAD-ın (Amerika Azərbaycanlıları Demokratiya Uğrunda) təşkilatçılığı ilə keçirilən konfransda belə deyib.

O bəyan edib ki, müxalifət seçkidə siyasi olmasa da, mənəvi qələbəsini təmin edə bilib. Belə ki, hakimiyyət yerli və beynəlxalq ictimaiyyətdən gizlin inauqurasiya keçirməyə məcbur qalıb.

«Oktyabrın 9-da Azərbaycanda seçki yox, hakimiyyətin mənimsənilməsi prosesi baş verdi. Bu, Azərbaycan xalqına qarşı törədilmiş ən böyük cinayətdir», - C.Həsənli bəyan edib.

Bununla belə, o əlavə edib: «Saxtakarlıq gözlənilən idi, bu, Azərbaycan hakimiyyətinin mahiyyətidir. Seçki onlar üçün sadəcə görüntüdür».

XALQINI BÖLƏN PREZİDENT…

«2003-cü ildə prezident olanda İlham Əliyev «Quran»a əl basmışdı ki, Azərbaycan xalqının prezidenti olacaq. Hərçənd, 10 il sonrakı çıxışlarında o, xalqı iki yerə bölüb və müxalifəti düşmən elan edib». Cəmil Həsənlinin təbirincə, bu, hökumət maşınının müxalifət üzərinə hücuma keçməsi üçün bəs edib.

Onun fikrincə, neft gəlirləri Azərbaycanda hakimiyyətin başını dumanlandırıb. Birinci ailə sürətlə zənginləşsə də, əhalinin geniş kütləsi müflisləşməkdə davam edir.

«İşsizlik, hüquqsuzluq, ədalətsizlik cəmiyyətin bütün sferalarında hökm sürməyə başlayıb. İşqabiliyyətli əhalinin təxminən 50 faizi ölkəni tərk etmək məcburiyyətində qalıb. Bu insanlar həmçinin seçicilər idi. 50 faiz seçici ölkədə yoxdursa, seçici fəallığı necə 70 faiz ola bilər?» - C.Həsənli sual edib.

Onun dediyinə görə, müstəqil müşahidəçilər seçkilərdə əhalinin 20 faizinin iştirakını ortaya çıxarıb və onların yalnız 18 faizi hakim namizədə səs verib. ATƏT Müşahidə missiyası 2008-də pozuntuların səviyyəsini 23 faiz dəyərləndirirdisə, 2013-cü ildə bu rəqəm 58 faizə çatıb.

Beləcə, Həsənliyə görə, Azərbaycan xalqı tədricən öz hakimiyyətini formalaşdırmaq hüququndan uzaqlaşdırılıb.

ƏN VACİB MİSSİYA...

Belə şəraitdə, Milli Şura və demokratların qarşısında duran ən vacib vəzifə xalqın seçib seçilmək, öz dövlətini qurmaq haqqını əldə etməkdir.

«Seçki mühitinin olmaması və hakimiyyətin xalq qarşısında cavabdehlik daşımaması Azərbaycanda avtoritarizmin totalitarizmə meyllənməsini şərtləndirir», - deyən C.Həsənli əlavə edib ki, ölkədə yumşaq diktaturaya keçid müşahidə edilir.

«Azərbaycan zəngindir, amma bunun xalqa heç bir aidiyyəti yoxdur. Xalq sanki böyük bir xəzinə üzərində oturan məzlum dilənçilərə bənzəyir. Eyni zamanda, yeridilən soyğunçuluq siyasəti əhali arasında hakimiyyətə böyük etiraz dalğasının toplanması ilə nəticələnib. Bakıdan kənarda həyat demək olar yoxdur», - deyə o, vurğulayıb.

QƏRB NƏ EDƏ BİLƏR?

Seçki saxtakarlığı fonunda Qərbin mövqeyini təhlil edən keçmiş namizəd təəssüflə bildirib ki, ATƏT-in Varşava bürosunun göstərdiyi prinsipiallığı Avropa Şurası göstərə bilmədi.

«2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olanda biz düşünürdük ki - bəlkə də sadəlövhcəsinə - AŞ Azərbaycanı öz qaydalarına uyğunlaşdıracaq. Amma bunun əksini gördük –Azərbaycan AŞ-ı öz qaydalarına uyğunlaşdırdı.
Əlbəttə, bunun səbəbləri bizə aydındır. Amma qəribə gələn odur ki, öz ölkələrində demokratik yolla seçilən parlamentarilər Azərbaycanda gəlib bu cür rüsvayçı seçkilərə biabırçı rəy verdilər», - C.Həsənli deyib.

ABŞ-ın siyasətindən danışarkən C.Həsənli qeyd edib ki, administrasiya və konqresmenlər çox vaxt Azərbaycanda hakimiyyətlə müxalifət arasında balanslaşdırılmış siyasət yeritməyə çalışırlar:

«Xirtdəyinə qədər korrupsiyanın içərisində olan, insan haqlarına hörmət etməyən dairələrlə demokratiya uğrunda mübarizə aparan dairələrin balanslaşdırılması elə də yaxşı nümunə deyil».

Hərçənd, o əlavə edib, demokratiya, insan haqları sərhədlər içində olan məsələ deyil. Bu istiqamətdə Qərbin, ABŞ-ın Azərbaycana təsir imkanları böyükdür:

«Arzu edirik, onlar özlərini korrupsiyaya uğramış diktator rejimlərindən bir az uzaq saxlasınlar. Bəlkə də xalq bu gün açıq ifadə etməyə çəkinir, amma o, bunların hamısını görür».

C.Həsənli onu da deyib ki, demokratiyaya göz yummaq son 10 ildə ABŞ-ın özünün Azərbaycanda siyasətini dəyişib:

«10 il bundan əvvəl Azərbaycan hakimiyyəti heç vaxt ABŞ səfiri ilə belə rəftar edə bilməzdi. ABŞ administrasiyasının Thomas Melia kimi nüfuzlu nümayəndəsini Bakıya buraxmaqdan imtina edə bilməzdi… Bu, müəyyən dairələrin Azərbaycan hakimiyyətinin başını sığallamasının məntiqi yekunudur».

Vaşinqton təmaslarına gəldikdə, C.Həsənli deyib ki, görüşdüyü yerlərdə Azərbaycanda vəziyyəti «çox yaxşı bilirlər» və bu istiqamətdə əməkdaşlıq davam edəcək.

«Biz xalqımızın gözünü xarici ölkələrdən çəkməliyik… Adamlar başa düşməlidir ki, nə Vaşinqton, nə London, nə də Moskva gəlib onların problemlərini həll etməyəcək» - o, əlavə edib.

SANKSİYALAR…

Bununla yanaşı, C.Həsənli hesab edir ki, Azərbaycanın insan haqlarını pozan digər diktaturalardan geridə qalmaması Qərbdə də qiymətini almalıdır. Məsələn, vəzifə andlarını dönə-dönə pozan hakimlərə qarşı Amerikada «Magnitsky qanunu» tətbiq olunsa, bu, ictimai fikrə təsir edə bilər:

«Elə hakim var ki, 4-5 işi Avropa İnsan Haqları Məhkəməsində qanunsuz olduğu təsdiq edilib».

Seçkilərə gəldikdə, o təklif edir ki, ATƏT-in Varşava bürosunun yekin rəyindən sonra ABŞ Helsinki Komissiyası bu mövzuda xüsusi dinləmə keçirsin.

QARABAĞ, AVROPA…

Regional geosiyasi vəziyyətdən danışan Cəmil Həsənli bəyan edib ki, Milli Şura Azərbaycanın yerini Qərbdə görür.

Onun fikrincə, Vilnüs sammiti Azərbaycana unikal imkan verir və bu imkandan ölkə yararlanmalıdır. Yetər ki, hakimiyyət özündə cəsarət tapıb demokratik standartlara hörmətlə yanaşsın:

«Ermənistanın Gömrük İttifaqına qoşulması artıq tamamlandı. İndi Azərbaycanın Qərbin dəstəyini almasından ötrü çox obyektiv məqam yetişib. Hətta Qarabağ probleminin həlli ilə bağlı… Rusiyanın təsirlərinə baxmayaraq, Azərbaycan Vilnüsə getməli və «Şərq tərəfdaşlığı»na qoşulmalıdır… Sadəcə, buna cəsarət lazımdır».

C.Həsənliyə görə, Vilnüs sammitinin imkanlarından Azərbaycan səmərəli istifadə etsə, ölkənin Qərbə, Qarabağın da Azərbaycana yolu açılmış olar:

«Münaqişənin həlli ilk növbədə Azərbaycanla Ermənistanın demokratikləşməsindən keçir. Məhz bu səbəbdəndir ki, Əliyev hökuməti problemin həlli imkanlarından özünün hakimiyyətdə qalması üçün istifadə edib», - o bildirib.
XS
SM
MD
LG