Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:10

«Azadlıq» qəzeti pulunu istəyir...


“Azadlıq” qəzetinin əməkdaşları etiraz aksiyası keçirib
Gözlə

No media source currently available

0:00 0:04:56 0:00
-
– Azadlığı boğmayın!..
– Pulumuzu verin!..
– Azadlıqdan əl çəkin!..
– «Azadlıq! «Qasid»in əli ilə boğulur!..
– Azad mətbuat susmayacaq!..

Noyabrın 29-da «Azadlıq» qəzetinin kollektivi ona borcu olan «Qasid» yayım firmasının qarşısında etiraz aksiyası keçirib. Qəzetin əməkdaşları daha əvvəllər də bir neçə dəfə bənzər aksiyaya əl atıb.

«GƏLMİŞİK PULUMUZU TƏLƏB EDƏK»

«Qasid» ilə «Azadlıq» arasında problem ilyarımdır yaranıb. Qəzetin baş redaktor müavini Rahim Hacıyevin sözlərinə görə, firmanın borcunu ödəməməsi hakimiyyətin qəzetə təzyiq yollarından biridir:

«Firma qəzetimizin nüsxələrini satır, ancaq pulunu bizə vermir. Pullarımız açıq-aşkar mənimsənilir. «Azadlıq» qəzeti indi çox ağır vəziyyətdədir. Üzərimizdə 65 min manatlıq məhkəmə cəriməsi var. «Qasid» firmasının ödəniş etməməsi nəticəsində nəşriyyata çox böyük məbləğdə borcumuz yığılıb. Qəzetin heç çıxmadığı günlər də olub. «Qasid» firmasının pulu ödəməməsinin arxasında bilavasitə Azərbaycan hökumətinin «Azadlıq» qəzetini susdurmaq niyyəti dayanır. Yenə gəlmişik ki, aksiya keçirək, pulumuzu tələb edək».

«QASİD» FİRMASI: BORCUMUZU DANMIRIQ

«Qasid» firması sədrinin müavini Ağəli İsmayılov qəzet rəhbərliyini qəbul edərək borcu danmadıqlarını və pulu ödəmək üçün yollar aradıqlarını söyləyib:

«Danmırıq ki, bu borc var, ödənilməlidir. Yanvaradək bir tədbir görəcəyik. Borclarımızı bağlamağa çalışacağıq».

Rahim Hacıyev
Rahim Hacıyev
Rahim Hacıyev qəzetin ağır durumunu bir daha firma sədrinin müavininə xatırladıb:

«İlyarım keçib, ancaq heç nə dəyişməyib. Çox ağır vəziyyətdəyik. Biz qəzetin satılmış nüsxələrinin pulunu tələb edirik. Siz bizə 56 min manat verməlisiniz, axı üzərimizdə 65 min manat məhkəmə cəriməsi var. Bu vəsait «Azadlıq» qəzetinə ödənilsə, bir neçə gün sonra qəzetin hesabı da açılar. Siz pulu ödəsəniz, nəyin bahasına olursa-olsun, qalan 9 mini tapıb verərik və məsələ həllini tapar».

Ağəli İsmayılovun baş redaktor müavinin həmin sözlərinə reaksiyası belə olub:

«Qoy bizim sədrimiz də gəlsin, oturub o məsələni həll edərik».

«ELƏ BELƏ DANIŞDIĞINIZA GÖRƏ...»

«Qasid»in ofisində belə bir dialoq da yaşanıb. «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyev:

– Siz bizimlə düşmənçilik eləyirsiniz, bunu kimin sifarişi ilə edirsiniz, bilmirəm.

Ağəli İsmayılov:

– Bura bax, qulaq as. Siz çox səhv əsaslandırırsınız. Elə belə danışdığınıza görə sizi bu boyda cərimə edirlər.
Foto: Arxiv
Foto: Arxiv

Seymur Həziyev:

– Siz bilirsiniz ki, «Azadlıq» qəzetinin cəmiyyətdə rolu nədir. Bilirsiniz ki, bunun bağlanmasında iştirak eləmək nə deməkdir...

Ağəli İsmayılov:

– Bu 40 ildə bizə heç kim tərəfindən hansısa qəzeti sıxışdırmaq sifarişi olmayıb. Hansısa qəzetin bağlanmasında biz özümüz maraqlı deyilik, çünki biz qəzetlərin hesabına yaşayırıq...

«BAXAQ-GÖRƏK HƏLƏ...»

Görüşün sonunda Ağəli İsmayılov bir daha bildirdi ki, «Qasid» firmasının rəhbəri işə çıxanda qəzetin rəhbərliyi ilə məsələni bir daha müzakirə edəcək:

«56 min borc təxminən ilyarıma gəlib yığılıb. Qaytarılmamasının səbəbi bizim nəqliyyat xərclərimizin, işçilərin verilən əməkhaqqının ödənməsi və digər məsrəflərdir. Bizim borcumuz var. İndi qalır bu məsələləri oturub bir də müzakirə etmək. Baxaq-görək, bunu necə tezləşdirə bilərik. Ola bilsin ki, biz uzunmüddətli kredit götürüb məsələləri yoluna qoyacağıq. Variantlardan biri budur. İkincisi də baxaq görək hələ... Mənim məlumatıma görə hər şey yaxşı olmalıdır».

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
Görüşdən sonra «Azadlıq»ın köşə yazarı Şahvələd Çobanoğlu deyib ki, qəzet bu cür aksiyalarla cəmiyyətin diqqətini qəzetin indiki vəziyyətinə yönəltmək istəyir:

«Əvvəlki aksiyalardan bəri təkcə maddi vəziyyətimiz çətinləşməyib. Bizim missiyamız da böyüyüb. Missiyamız yalnız «Azadlıq» qəzetini qorumaq deyil. Onun timsalında azad mətbuatı qorumalıyıq. Həm də bu bizim cəmiyyətə mesajımızdır – baxın, elə bilməyin ki, biz bacarıqsızlıqdan bu günə düşmüşük, insanlardan pul, dəstək istəyirik. İndi nəşriyyat bizdən borcunu tələb edir. Tam siyasi qərar saydığımız məhkəmə cərimələri də var. Pulumuzu vermirlər ki, bunların haqsız cərimələrini ödəyək. İstəyirik ki, adamlar həqiqəti görsün».

Dekabrın 5-də «Azadlıq» qəzetinin rəhbərliyi «Qasid» firması rəhbərliyi ilə borcun ödənməsi məsələsini yenidən müzakirə edəcək.
XS
SM
MD
LG