Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:41

Novruz Məmmədov Vilnüs sammitindən danışdı: «Elə bəyanat verməmişik ki…»


Novruz Məmmədov
Novruz Məmmədov
-
«Vilnüs sammitindən sonra regiondakı geosiyasi vəziyyət Azərbaycan üçün aydınlaşıb».

Bunu «Virtual Azərbaycan» saytına Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib.

N.Məmmədov Vilnüsdə keçirilən «Şərq Tərəfdaşlığı» sammitində prezident İlham Əliyevi müşayiət edirdi.

O bildirib ki, Azərbaycan öz milli maraqlarına uyğun uğurlu siyasət yürüdür:

«Azərbaycan başqa ölkələr kimi kiməsə gözünü dikməyib və müstəqil siyasət aparır. Biz bundan sonra da bu yolu davam etdirəcəyik».

N.Məmmədov deyir ki, bəzi rusiyalı deputatların və ekspertlərin Azərbaycanın Avropa Birliyi və Avrasiya İttifaqı arasında seçim etməli olduğuna dair bəyanatlarına fikir vermək lazım deyil:

«Biz müstəqil siyasət yürüdürük. Bu həm xalqımıza, həm də xarici tərəfdaşlarımıza aydındır. Biz heç vaxt bu və ya digər addım atmamışıq. Yaxud elə bəyanat verməmişik ki, sonradan ondan imtina etməyə məcbur olaq».

N.Məmmədov qeyd edib ki, Vilnüs sammitindən sonra regiondakı geosiyasi vəziyyət Azərbaycan üçün aydınlaşıb:

««Şərq Tərəfdaşlığı»nın 6 üzvündən ikisi - Gürcüstan və Moldova Avropa Birliyinin xeyrinə geosiyasi seçimlərini etdilər. Ermənistan və Belarus da öz seçimini etdi. Ukrayna ilə bağlı qeyri-müəyyən vəziyyət yarandı. Azərbaycanın siyasəti isə Avropa Birliyinin bütün ölkələri tərəfindən yüksək qiymətləndirildi».

Dağlıq Qarabağ münaqişəsi barədə də danışan N.Məmmədov bildirib ki, Azərbaycan Ermənistanın bəyanatlarına yox, hərəkətlərinə qiymət verəcək:

«İki ölkə prezidentləri 2 ildən sonra ilk dəfə görüşdülər. Biz bunu vacib fakt hesab edirik. Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına həmişə sadiq olub. Baxaq görək Ermənistan nə dərəcədə buna sadiqdir. Yaxud yenə də əvvəlki kələklərinə əl atacaq?».
XS
SM
MD
LG