Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:44

Davutoğlu-nun Yerevan səfəri... və ya gələcək suallara keçmişdən cavablar


Arxiv foto: Ermənistan və Türkiyənin Xarici İşlər nazirləri Eduard Nalbandian (solda) və Ahmet Davudoglu Sürixdə ölkələri arasında münasibətlərin normallaşdırılmasına dair protokol imzalayırlar. 10 oktyabr 2009
Arxiv foto: Ermənistan və Türkiyənin Xarici İşlər nazirləri Eduard Nalbandian (solda) və Ahmet Davudoglu Sürixdə ölkələri arasında münasibətlərin normallaşdırılmasına dair protokol imzalayırlar. 10 oktyabr 2009
-
Türkiyənin bir sıra təhlilçiləri xarici işlər nazirinin dekabrın 12-ə nəzərdə tutulmuş Ermənistan səfərini iki ölkə arasında münasibətlərin yenidən istiləşməsi imkanı kimi qiymətləndiriblər.

Türkiyənin ingilisdilli gündəlik “Today’s Zaman” qəzeti yazır ki, iki ölkə 2009-cu ildə münasibətlərin normallaşdırılması barədə protokolları imzaladıqları vaxtdan bəri ilk dəfə olaraq cənab Davutoğlunun Ermənistana səfəri yeni yaxınlaşma cəhdi sayıla bilər.

Ötən cümə axşamı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin Kiyevdə keçirilən şura iclasında iştirak edən Ahmet Davutoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dekabrın 12-də Yerevanda keçiriləcək görüşünə qatılacağını təsdiq edib.

“Today’s Zaman” yazır ki, Ahmet Davutoğlunun açıqlamasına görə, görüş üçün dəvət Ermənistan tərəfindən verilib və o, baş nazir Recep Tayyip Erdoğanla məsləhətləşmələrdən sonra bu dəvəti qəbul edib.

Qəzet həmçinin bildirir ki, ATƏT-in Kiyev görüşündə Ahmet Davutoğlu azərbaycanlı və rusiyalı həmkarları Elmar Məmmədyarov və Sergey Lavrovla görüşərək Dağlıq Qarabağa dair danışıqlar aparıb.

“Today’s Zaman” xatırladır ki, Türkiyə və Ermənistanın münasibətləri məsələsində Qarabağ münaqişəsi başlıca məqam olaraq qalır.

Yerevan xüsusi dəvət göndərməyib

Qəzet həmçinin Türkiyə Xarici İşlər Nazirliyindəki anonim mənbəyə istinadən bildirir ki, Ahmet Davutoğlu və onun Ermənistanlı həmkarı Eduard Nalbandyan Kiyevdə texniki səbəblərlə görüşə bilməyiblər.

Bu da qeyd olunur ki, Türkiyə xarici işlər nazirinin Yerevana səfərinin rəsmi səbəbi Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının görüşü olsa da, bu, Sürix protokollarından bəri Ankaranın yüksək vəzifəli nümayəndəsinin Ermənistana ilk səfəri olacaq.

Türkiyə və Ermənistan arasında barışıq istiqamətində yaxınlaşma 2009-cu ildə diplomatik münasibətlərin normallaşdırılmasına dair iki protokolun imzalanması ilə zirvə həddinə çatmışdı.

Sürixdə imzalanmış protokollar o vaxt Bakı-Ankara münasibətlərini son dərəcə gərginləşdirmiş və bundan sonra Ankara sənədlərin ratifikasiya edilməsi üçün şərt kimi Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən çıxması məsələsini qoymuşdu.

Bu arada Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tigran Balayan bəyan edib ki, Yerevan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının görüşündə iştirak üçün bütün üzv ölkələrə dəvət göndərib və Ankara üçün heç bir istisna edilməyib.

Cənab Balayan Sürix protokolları məsələsinə toxunarkən deyib kİ, bu sənədlər imzalanıb və yerdə qalan bu protokolların ratifikasiyasıdır.

Başqa sözlərlə, bu belə başa düşülə bilər ki, Ermənistan cənab Davutoğlunun Nalbandyanla Yerevan tədbiri zamanı hətta “ayaqüstü” görüşü təqdirində belə mövqeyindən geri çəkilməyəcəyini bildirib. Yəni məsələ bu qədər bəsitdir.
Türkiyəni narahat edən “hadisə”

Diqqəti belə bir məqam çəkir ki, Ahmet Davutoğlunun Yerevan səfərinin əhəmiyyətinə həsr edilmiş təhlillər Türkiyə Xarici İşlər Nazirliyinə bağlı ingilisdilli mediada yer alıb.
2009-cu ildən bəri donaraq qalmış təşəbbüsün yenidən canlandırılması nə üçün məhz indi Ankaraya lazım olub?

Bu suala yenə də nominal olaraq müstəqil, lakin hökumətlə möhkəm bağları olan Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının (Uluslararası Stratejik Arastirmalar Kurumu) “Journal of Turkish Weekly” internet xəbər portalı cavab verir.

Bu xəbər portalında dərc olunmuş yazıda deyilir ki, Türkiyə özünü 1915-ci il “hadisələrinin” 100-cü ildönümünə hazırlayır, beləki bütün 2014-cü il ərzində Türkiyə rəsmi Ankaranın “hadisə” adlandırdığı hadisənin “erməni soyqırımı” kimi rəsmən tanınması üçün böyük beynəlxalq təzyiqlərlə üzləşə bilər.

“Journal of Turkish Weekly” təzyiqin mənbəyini də göstərir. Söhbət Amerika Birləşmiş Ştatlarındakı erməni diasporasından gedir. Amerikanın erməni liderləri “soyqırım”ın rəsmən tanınmasını Ağ Evdən birmənalı şəkildə tələb edirlər.

Bunu da nəzərə almaq lazımdır ki, 2014-cü ilin noyabrında Birləşmiş Ştatlarda Konqresə və Senata müddətarası seçkilər olacaq.

2014-cü ilin seçkilərində Konqresdəki bütün 435 və Senatdakı 100 yerdən 33-ü üçün yarış olacaq.

Müddətarası seçkiləri bəzən prezidentin fəaliyyətinə qiymət verən referendum da adlandırırlar və bu seçkilərdə bir qayda olaraq müxalif partiya qazanclı tərəf olur.
Düşünmək olar ki, demokratlar “erməni soyqırımı” ilə bağlı potensial məğlubiyyəti daha da dərinləşdirmək istəməzdilər.

Ankaranın Ermənistanla münasibətlərin normallaşmasına canatımının bir səbəbi də bu məsələnin onun Avropa İttifaqına üzvlük arzularına ciddi əngəl yaratmasıdır.
Bu əngəli törədən əsas oyunçunun Paris olmasını, yenə də Fransadakı böyük erməni disaporasının mövcudluğu ilə də izah etmək olar.

Davutoğlunun “yaradıcı” təklifləri

Elə isə Türkiyə bu məsələdə nə üçün heç bir güzəştə getməyə hazır deyil?

Bunun başlıca səbəbi siyasi yox, bəlkə də iqtisadidir. Ankaranın soyqırımı tanıdığı təqdirdə 1915-ci il hadisələri qurbanlarının törəmələrinə milyonlarla dollar qanpulu ödənməsinə rəsmən yol açılacaq. Türkiyə indiyədək yəhudi soyqırımın maliyyə yükündən tam xilas olmamış Almaniyanın nümunəsini görməmiş deyil.

Sürix protokolları nə Türkiyə, nə də Ermənistan tərəfindən ratifikasiya edilməyib. Çünki protokollara Bakının təzyiqi ilə Ankaranın etdiyi Qarabağ dəyişikliyini Yerevan “qeyri-konstitusyon” elan edib.

“Journal of Turkish Weekly” cənab Davutoğlunun Yerevana bir sıra “yaradıcı” təkliflərlə gedəcəyini yazır. “Today’s Zaman” isə bu “yaradıcı” təklifin Ermənistanın işğal edilmiş 7 rayonu Azərbaycana qaytarması müqabilində Dağlıq Qarabağa keçid statusunun verilməsindən ibarət olduğunu qeyd edir.

Bu “yaradıcı” təklifin Yerevanda çox böyük “qeyri-yaradıcılıqla” qəbul edilcəyini proqnozlaşdırmaq üçün analitik olmaq mühüm deyil.

Ermənistan tərəfi özü üçün ən pis ssenaridə yalnız beş rayonun qaytarıla biləcəyini nəzərdə tutub, hərçənd bir dəfə də olsun bunu dilə gətirməyib.

Bu rayonların arasında Laçın və Kəlbəcərin olmadığını da anlamaq çətin deyil.
Laçının Los Ancelesli qardaşı

Elə ötən həftə Amerikanın Kaliforniya ştatının San-Bernardino dairəsindəki kiçik Hayland (Highland) şəhərinin bələdiyyəsi “Dağlıq Qarabağın Berdzor şəhəri ilə qardaşlaşmaq” barədə qərar qəbul edib.

Azərbaycanın Los Ancelesdəki konsulluğu bu hadisə ilə əlaqədar artıq rəsmən etirazını bildirib.

Burada iki incə məqam var. Əvvəla, erməni dilinə tərcümədə Haylandı – Hay+land – “erməni torpağı” kimi də başa düşmək olar, ikincisi və maraqlısı isə budur ki, Berdzor Azərbaycanın Laçın şəhərinin “yeni adıdır”.

Erməni tərəfi, ən başlıcası Ermənistan hökumətindən daha nüfuzlu ABŞ erməni diasporası liderləri “yaradıcılığı” belə başa düşürlər.

İndi isə nüfuz barəsində. Bir anlığa təsəvvür edək ki, Ermənistan Ahmet Davutoğlunun “yaradıcı” təklifini qəbul edib, Sürix protokolları ratifikasiya olunub, Ankarada Ermənistan, Yerevanda isə Türkiyə bayraqları dalğalanmağa başlayıb.
Hadisələrin belə gedişini təkcə regionda yox, qlobal miqyasda inqilabi dəyişiklik adlandırmaq olardı.

Təhlükəli müttəfiq

Lakin qlobal sazişləri müstəqil ölkələr bağlayırlar.

İş də burasındadır ki, Ermənistanın hətta regional sazişləri bağlamaq üçün siyasi baxımdan müstəqil olmadığını indi Yervanın ən çəkili analitikləri də etiraf edirlər.
Ərazisində Rusiya hərbi bazası olan (işğal olunmuş əraziləri saxlamaq məqsədi ilə) Ermənistan Moskvanın xeyir-duası olmadan hər hansı cəsarətli addım atmaq iqtidarında deyil.

Elə ən son hadisələr, Ermənistanın Avropa İttifaqı ilə assosiasiya sazişindən qəflətən dönüb Putinin Gömrük İttifaqına qaçması da bunu bir daha təsdiq edib.

Tanınmış Britaniya jurnalisti Tomas de Waal elə həmin gün yazdığı məqaləsində deyirdi ki, Ermənistan rəsmiləri son addımı ölkənin təhlükəsizliyi mülahizələri ilə atdıqlarını etiraf edirlər.

Rəsmilər bildiriblər ki, “Ermənistan onu bir göz qırpımında məhv edə biləcək yeganə hərbi müttəfiqini küsdürə bilməzdi”.

Lavrovun çəpikləri

Ola bilsin ki, Sürix protokollarının imzalanması mərasimində Sergey Lavrovun da əl çalanların cərgəsində olması Ahmet Davutoğlunu ürəkləndirib, lakin reallıqda Rusiya xarici işlər nazirinin həmin təntənədəki iştirakı sırf teatral məna daşıyıb.

Rusiyanın Ermənistan-Türkiyə yaxınlaşmasında yalnız bir ağlabatan məqsədi ola bilər. Bu da Bakı və Ankara arasında münasibətlərin tamamilə pozulması (biz bunun az qala baş verdiyinin şahidi olduq) və müstəqlliyi və pulu ilə “dikbaşlıq”lıq edən Azərbaycanın təklənməsi.

Ümumiyyətlə, Rusiyanın içində olduğu bütün beynəlxalq düyünlərin ən mürəkkəb suallarının bəsit cavabları var.

Ankara-Yerevan yaxınlaşması Moskva üçün məqbul deyil. Niyə? Çünki Türkiyə NATO-nun üzvüdür, NATO isə Moskvanın əmisi oğlu deyil. Ermənistanda Rusiya bazası var, Türkiyədə NATO bazası.

Bir az da tarixə varanda Birinci Pyort vəsiyyətnaməsində ruslara Konstantinopolu (indiki İstanbulu) Rusiyanın paytaxtı edənədək sakitləşməməyə çağırıb.

Fantastik görünə bilər, lakin iş də burasındadır ki, Pyotrdan bu yana Rusiyanın, hətta paytaxtı dəyişsə də, xarici siyasəti dəyişməyib.

Rusiyanın başı qarışmasa

Qaldı “yaradıcı təklif”məsələsinə 7 və ya 5 rayonun qaytarılması məsələsi kozır kartdır və bu kart Ankaranın yox, Moskvanın əlindədir və ruslar öz “vuran kartlarını” osmanlılara bağışlamazlar. Ona görə bağışlamazlar ki, özləri bu kartı yenicə başladıqları Gömrük İttifaqı qumarında oynamaq fikrindədirlər.

Bu kart Azərbaycanı Rusiyanın yeni “Sovet İttifaqına” dartmaq üçün istifadə oluna bilər.

Moskva, məsələn, heç 5 rayon da yox, bir iki rayon qaytarıb, müqabilində öz “sülhyaradıcı” qüvvələrini (yenə də yaradıcı) təmas xətti boyunca yerləşdirmək təklifi ilə çıxış edə bilər.

Rusiyanın bu arzusu Pavel Qraçev müdafiə naziri olan vaxtlardan gözündə qalıb.
Amma Rusiya sülhyaradıcılarının 2008-ci ildə yaratdığı “sülh” də yaddan çıxmayıb.
Rusiyanın tanınmış politoloqlarından Sergey Mixeyev APA agentliyinə müsahibəsində bildirib ki, Moskva Azərbaycanın Gömrük İttifaqına qoşulması məsələsində tələsmir və Bakıya təzyiq göstərmir.

“Hələlik göstərmir” demək daha düzgün olardı. Çünki Rusiyanın başı daha böyük “balığa” - Ukraynaya qarışıb.

Tarix göstərir ki, dünyada yaxşı şeylər çox vaxt Rusiyanın başı nəyə isə qarışanda baş verir.

Məsələn, 1917-ci il inqilabı və bunun ardınca 1918-ci ildə imperiya xalqlarının, Azərbaycan da daxil olmaqla müstəqillik əldə etməsi, 1991-ci ildə SSRİ-nin dağılması və yeni müstəqil dövlətlərin yaranması...

Münaqişələr ustadı

Bugünkü mürəkkəb prosesləri qiymətləndirmək üçün tarixi keçmişə baxmaq çox faydalıdır.

Elə Cənubi Qafqazı götürək. Gürcüstan və Azərbaycan müstəqilliklərinə bağlıdırlar və ərazilərindən qurban verməli oldular.

Ermənistan müstəqilliyini qurban verərək torpaq qazandı.

Cənubi Qafqazın bu cırtdan ölkələri nədir ki? O boyda Finlandiya Rusiyadan qopanda ərazisi bir neçə Azərbaycana bərabər olan Kareliyanı itirdi.

Tək Finlandiyamı? Polşa, Rumıniya, Macarıstan da daxil olmaqla Rusiyadan qansız qopan qonşu olmayıb.

“Yaradıcılıq” “yaradıcıya” və ya “sənətkara” xas cəhətdir.

Hələki regionda bütün münaqişələrin yaradıcısı olan bir “sənətkar” var.
XS
SM
MD
LG