Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:03

İsmayıllının polis rəisi məhkəməyə çağırılacaq


İsmayıllı, təqsirləndirilənlər məhkəməyə aparılarkən
İsmayıllı, təqsirləndirilənlər məhkəməyə aparılarkən
-
İsmayıllı hadisələri ilə bağlı Şəki ağır cinayətlər məhkəməsində keçirilən prosesdə ilk dəfə vəkillərdən birinin vəsatəti qəbul edildi. Söhbət İsmayıllı rayon polis şöbəsinin rəisi Nizami Qocayev, müavini Şöhrət Kərimov və hadisələr zamanı iştirak etmiş iki jurnalistin prosesə dəvət edilməsindən gedir. Bu məsələni məhkumların yaxınlarından bir çoxu razılıqla qarşılayıb.

“BƏZİLƏRİ ÖZ QAZDIĞI QUYUYA ÖZÜ DÜŞƏCƏK”

Rayon ağsaqqallar birliyinin sədri Heybət Balayev deyir ki, bu qərarı alqışlayır:

“Nəhayət ki ölkə məhkəmələrinin tarixində nadir rast gəlinən qərarlardan biri də qəbul olundu. Əgər ciddi şəkildə araşdırılsa və iradə ortaya qoyulsa, baş verənlər cəmiyyətə güzgü kimi görünəcək. Artıq hesab edirəm ki, bəziləri öz qazdığı quyuya özü düşəcək”.

Heybət Balayev deyir ki, onun özü də Şəki ağır cinayətlər məhkəməsinə teleqram vuraraq, prosesdə iştirak etməsini istəyib:

“Biz nə vaxtdır bəyan edirik ki, günahsız insanlar məhbəsdə, günahkarlar isə azadlıqdadır. Burada hadisələri sakitləşdirmək istəyi olmayıb, məhz polis şərait yaradıb ki, olaylar məcrasından çıxsın, böyüsün, xaos yaransın. Orada beyni qızmış, əsəbləri gərilmiş cavanlar olub və qızışdırmalardan sonra moteli yandırıblar. Sonra da polis onları həbs etməyə başladı. Proseslərdən sonra beş yüzə yaxın adam polisə çağırılıb, onlardan pul alınıb. Adam var ki, iki oğluna görə 5 min pulu alınıb”.

“YAXŞICA ARAŞDIRSINLAR GÖRƏK BU NƏ İDİ, KİMLƏR BUNU ETDİLƏR?”

Həbsdə olan Xəyal Şaranovun atası Sergey Şaranov:

“Qərarı alqışlayıram. Mən demirəm ki, konkret kimsə günahkardır. Qoy həmin vaxtlarda hadisə yerində olan məmurlar, polislər, jurnalistlər məhkəməyə dəvət edilsinlər. Yaxşıca araşdırsınlar görək bu nə idi, kimlər bunu etdilər? Allah haqqı gedib-gələ bilmirik, imkansızlıqdır. Xəyalın bir yaşı tamam olmamış övladı var. Ailəmizin heç yerdən gəliri yoxdur. İndi özünüz təsəvvür edin də necə durumdayıq?! Üstəlik məhkəməni də oyun-oyuncağa çeviriblər”.

Polis rəisi və müavininin məhkəməyə çağırılmasının vəziyyəti dəyişməyəcəyini güman edənlər də var. Onlar düşünürlər ki, bu qərar mərkəzi hakimiyyətlə razılaşdırılıb və bir jesti xatırladır. Sonda məhkəmə yenə yuxarıdan gələn sifarişi əsas götürəcək.

Həbsdə olan Şakir Mustafayevin anası Əminə Mustafayeva da deyir ki, axırıncı prosesdən sonra baş verənlər onda məhkəməyə qarşı inamsızlıq yaradıb:

“O üzdən heç nəyə inanmıram. Həmin prosesdə Tofiq Yaqublu dedi ki, bu hadisələr məmur övladlarının qudurğanlığı nəticəsində baş verib. Bu gün İsmayıllının mərd oğulları həbsdədir. Həmin an dövlət ittihamını müdafiə edən iki nəfər prokuror onun sözünü kəsdilər. Həmin an mən özümdən asılı olmayaraq yerimdən dedim ki, bunu prezidentimiz dedi, niyə belə reaksiya verirsiniz? İstəmirlər ki, məmurların övladları haqda nə isə ağır ifadələr işlədilsin.

Bütün ittihamlar yalan, saxta, qurma şeylərdir. Yazıblar ki, Səftər Ağamalıyevin rəhbərliyi ilə bu hadisələr həyata keçirilib. Onda Səftər Ağamalıyev indi də İsmayıllı cavanlarına müraciət eləsin ki, məhkəmənin binasını yandırın, yandıracaqlar? Bu sadəcə həyasızlıqdır, biabırçılıqdır. Görün Azərbaycanın hüquq sistemini kimlər idarə edir, insanlarımıza kimlər ittiham irəli sürürlər?”

Həbs edilənlərin valideynlərinin ittihamlarını polis qəbul etmir. DİN-in mətbuat xidməti bildirib ki, məhbusların valideynlərinin hər hansı iddiaları varsa, bunu məhkəmədə bildirsinlər.
XS
SM
MD
LG