Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:23

Pərviz Həşimli: «Mənə işgəncə verirlər!»


Pərviz Həşimli
Pərviz Həşimli
-
Dekabrın 13-də Səbail rayon Məhkəməsində Pərviz Həşimlinin MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı iddiaya baxılır.

Bizimyol.info-nun əməkdaşının verdiyi məlumata görə, Pərviz Həşimli məhkəməyə gətirilərkən bildirib ki, ona içəridə işgəncə verilir.

«Yeni Müsavat» yazır ki, qolubağlı halda maskalı şəxslər tərəfindən məhkəməyə gətirilən Pərviz Həşimli jurnalistləri görər-görməz qışqırıb:

«MƏNƏ İŞGƏNCƏ VERİRLƏR!»

Bundan sonra MTN işçiləri onu dərhal məhkəmə binasına salıblar.

Polislər P.Həşimlinin yaxınlarının və jurnalistlərin ona yaxınlaşmasına imkan verməyiblər. Prosesdə P.Həşimlinin işgəncələrlə bağlı qeydlərini məhkəməyə gətirməyə icazə vermədikləri üçün vəkil E.Sadıqov etiraz edərək məhkəmə zalını tərk edib. Daha sonra o yenidən prosesə dəvət olunub. Prosesdə P.Həşimli də qeydlərinin gətirilməsinə icazə vermədikləri üçün hakimə etiraz edərək arxasını ona çevirib.

ÖZÜNƏ QƏSD ETMƏK İSTƏYİB

Vəkil E.Sadıqov bildirib ki, P.Həşimli ona edilən fiziki və psixoloji təzyiqlərə görə özünə qəsd etmək istəyib, ancaq MTN-in istintaq təcridxanasının əməkdaşları buna imkan verməyiblər.

P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Bu ittiham 3 ildən 8 ilədək həbs nəzərdə tutur. Barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini «vicdan məhbusu» kimi tanıyıb.

MTN: YALANDIR

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə apa-ya Pərviz Həşimlinin intihara cəhd etməsinə dair məlumatların əsassız olduğunu qeyd edib:

«Bunlar əsassız, fakta söykənməyən, yalan məlumatlardır. İndiyədək Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında hər hansı işgəncə, yaxud qeyri-insani rəftara yol verilməsi barədə heç bir fakt qeydə alınmayıb. Bu, ümumiyyətlə, qeyri-mümkündür. Bildiyiniz kimi, Ombudsman Aparatının əməkdaşları, işgəncələrə qarşı qeyri-hökumət təşkilatlarının nümayəndələri mütəmadi olaraq Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirirlər. İndiyədək onlar tərəfindən saxlanılan şəxslərə qarşı hər hansı qeyri-qanuni hərəkətə, yaxud işgəncəyə yol verilməsi faktı qeydə alınmayıb. Bu cür məlumatların yayılması subyektivdir, müəyyən mənada istintaqa təzyiq vasitəsidir, həqiqətdən uzaqdır».
XS
SM
MD
LG