Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:06

Azərbaycan və Ermənistan prezidentləri gələn ilin əvvəlində görüşə bilərlər


ATƏT-in Minsk Qrupunda amerikalı həmsədr James Warlick
ATƏT-in Minsk Qrupunda amerikalı həmsədr James Warlick
-


ATƏT-in Minsk Qrupunda amerikalı həmsədr James Warlick "Amerikanın Səsi"nə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son danışıqlardan bəhs edib. 2014-cü ilin əvvəlində prezidentlər yenidən görüşə bilər.

- Bakıya səfərinizin yekunları ilə bağlı nə deyə bilərsiniz? Kimlərlə görüşdünüz, nələri müzakirə etdiniz? Prezidentlərin növbəti görüşü nə vaxta təsadüf edə bilər, harada ola bilər?

- Mən, Fransadan və Rusiyadan olan həmsədrlər dünən prezident Əliyevlə və bu görüşün davamı kimi xarici işlər naziri ilə görüşdük.

Bu səfərimiz müntəzəm səfərlərimizin bir hissəsidir. Bu gün Azərbaycanı tərk edəcəyik, prezident Sarkisyanla görüş üçün yola düşəcəyik.

Bildiyiniz kimi, noyabrda Vyanada prezidentlər arasında görüş baş tutub. Biz istəyirik ki, prezidentlər arasında görüşlər davam etsin. Prezidentlərin növbəti görüşünün gələn ilin əvvəlində baş tutmasını nəzərdə tuturuq və gözləyirik.

- Görüş harada olacaq?

- Düzünü desəm, prezidentlərin görüşünün dəqiq tarixi və məkanı hələ bilinmir. Amma, hər iki ölkənin xarici işlər nazirləri bu mövzuda müzakirələr aparırlar və ümidvarıq ki, bu məsələ tezliklə müəyyənləşdiriləcək.

- Prezidentlərin son görüşündən sonra prosesin irəliləməsində pozitiv və ya müsbət məqamlar qeydə alınıbmı?

- Bildiyiniz kimi prezidentlər noyabrın 19-da Vyanada görüşüblər və bununla dialoq yenidən bərpa edilib. Dialoq Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli, dinc, sülh yolu ilə nizamlanması baxımından önəmlidir.

Əlbəttə, artıq müsbət təsirlər müşahidə olunmaqdadır. Bunların arasında, mən deyərdim ki, təmas xəttində insidentlərin, ölüm hallarının sayı azalıb. Ölkə rəhbərlərinin ritorikasının tonu və hədələyici tonu xeyli yumşalıb. Bütün bu sadaladığımız hallar tərəflər arasında etimad yaratmaq, itkilərin, insidentlərin və zədələrin azaldılması baxımından çox önəmlidir.

Prezidentlər arasında danışıqların davam etdirilməsi mühümdür. Bu danışıqların aparılması da öz növbəsində Dağlıq Qarabağ kimi uzunmüddətli bir münaqişəsinin dialoq vasitəsi ilə nizamlanması baxımından böyük əhəmiyyət kəsb edir.

- Uzun müddətdir ki, Madrid prosesi ətrafında danışıqlar gedir. Amma gəlin etiraf edək ki, elə müsbət dəyişiklik yaranmayıb. Madrid prosesinə təkan verəcək əlavə təkliflər, danışıqlarda müsbət məqamlar varmı? Bu nə ola bilər?

- Əlbəttə bis öz tərəfimizdən yeni ideyaların tərəfdarıyıq. Amma, tərəflər bu məsələni necə və hansı şəkildə həll etməli olduğunu özləri müəyyən etməlidir. Minsk qrupu olaraq bizim işimiz bu məsələdə onlara kömək etməkdir. Əgər tərəflər məsələni hazırkı strukturda, hazırkı çərçivədə həll etmək istəyirlərsə biz bu işə kömək edə bilərik. Yaxud yeni yollar, yeni formalar, yeni şəkillərdə bunu etmək istəyirlərsə, biz bu işdə də köməklik göstərə bilərik.

- Azərbaycanın mövqeyi fərqlənmir, yəni bir mövqeyi var: İşğal olunmuş ərazilərdən Ermənistan qoşunları çıxarılsın, kommunikasiyalar bərpa edilsin, ərazilər minalardan təmizlənsin, bundan sonra əhali geri qayıtsın, sonra Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar başlasın. Ermənistanın əks arqumenti nədən ibarətdir ki, Azərbaycanın təklifi qəbul edilmir?

- Sizin sadaladığınız məqamlar çox mühüm məsələlərdir ki, bunlar tərəflər arasında müzakirə edilir. Bu məsələlərin həll edilməsi ilə uzunmüddətli sülh əldə edilə bilər və bu baxımdan bu məsələlər əhəmiyyət kəsb edir.

Həm Azərbaycan, həm də Ermənistan tərəfi öz xalqının mənafeyinə uyğun bir həll yolu üçün çalışır, buna uyğun öz mövqelərini qurur. Biz isə vasitəçilər olaraq belə həll variantının əldə olunmasını istəyirik ki, bütün tərəflərin maraqlarına xidmət etsin, mənafelərinə uyğun olsun. Qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması bütün regionda yeni bir inkişaf, tərəqqi, çiçəklənmə erasına gətirib çıxara bilər.

Bildiyiniz kimi, müharibə hər iki tərəfə baha başa gəlir. Yəni burada söhbət yalnız insan itkilərindən deyil, eyni zamanda maliyyə baxımından da indiki “nə müharibə, nə sülh” dövründə buraya qoyulan sərmayələr, ayrılan pullardan söhbət gedir ki, bu vəsaitlər hər iki xalqın rifah halının yaxşılaşdırılmasına gətirib çıxara bilər. Biz inanırıq ki, münaqişənin nizamlanması hər iki xalqın rifah halının yaxşılaşmasına səbəb olacaq.

- Minsk qrupunun həmsədrləri sanki müharibə ritorikası artanda fəallaşırlar, hər üç tərəfə (həmsədr ölkə) “nə müharibə, nə sülh” anlayışı sərf edir. Amma, həmsədrlər münaqişənin nizamlanması ilə sona qədər heç də fəal deyillər. Necə baxırsınız?

- Bilirsiniz, mən deyərdim ki, status kvo (indiki vəziyyət) tərəflərin heç biri üçün faydalı deyil və tərəflərin hamısı uzunmüddətli sülhün bərqərar olmasının marağındadır, bunu istəyirlər. Mən həm Yerevanda, həm Bakıda olan danışıqlarda bunu hiss etmişəm ki, prezidentlər elə bir yol tapmaq istəyirlər ki, danışıqlar yolu ilə uzunmüddətli sülhə nail olunsun və Minsk qrupu da məhz bu işdə kömək etmək məqsədi daşıyır. Rəsmi ABŞ da bu məsələdə hər hansı bir kömək edə bilərsə, bu köməyi etməyə hazırdır və bu işə sadiqdir.

- ABŞ-ın münaqişənin nizamlanmasında fərqli rolunu necə görürsünüz? Çünki Rusiyanın təşəbbüsü ilə iki ölkə prezidentinin ondan çox görüşü oldu, heç bir məna kəsb etmədi, nəticə olmadı. Vaxtı ilə keçmiş dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə iki ölkə prezidentlərinin birbaşa danışıqları başlamışdı. Hətta Minsk qrupunun həmsədrləri tərəflərdən danışıqlarla bağlı məlumat verməsini xahiş edirdi. Amerikanın yeni təşəbbüsü nə ola bilər?

- ABŞ üçün prioritet məsələ Minsk qrupu prosesi vasitəsi ilə nizamlanmaya nail olmaqdır. Bildiyiniz kimi həm rəsmi Bakı, həm rəsmi Yerevan Minsk qrupu formatını bəyənir. Eyni zamanda onu da hesab edirik ki, ABŞ-ın bu münaqişənin nizamlanmasında oynaya biləcəyi özünəməxsus rol var. Biz də bu rolu oynamaqda, bu işdə köməyimizi göstərməyə sadiqik, həm Azərbaycandan, həm Ermənistandan olan dostlarımıza nizamlanma yolunu tapmaqda kömək edək. Hazırda mən burada Minsk qrupunun həmsədrləri ilə birgə bir sıra məhsuldar görüşlər keçirmişik. Biz bu məhsuldar görüşlərin və prosesin davam etdirilməsini səbirsizliklə gözləyirik. Eyni zamanda rəsmi ABŞ tərəfi də öz növbəsində onun üzərinə düşəcək, onun oynaya biləcəyi məxsusi rolu oynamaqda və tərəflərə bu nizamlanmaya nail olmaqda kömək etməyə həmişə hazırdır və bu işə sadiqdir.

- Türkiyənin münaqişənin nizamlanmasında rolu nə ola bilər? Sərhədlərin açılması, Ermənistanla münasibətlərin nizama salınması münaqişənin həllinə təkan verə bilərmi?

- Türkiyə həm Azərbaycanın, həm də Ermənistanın qonşusu olan bir ölkədir. Türkiyə böyük bir ölkədir, əhalisinin sayı artmaqda, iqtisadiyyatı inkişafda olan bir ölkədir. Əgər Ermənistanla Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunu tapa bilsələr, bu bölgənin rifahının yaxşılaşmasına, inkişafına gətirib çıxara bilər. Açığını desəm, Türkiyənin bu nizamlanmada hansı rol oynaya biləcəyi və nə rol oynayacağını demək mənim üzərimə düşən bir məsələ deyil. Amma, Türkiyə hansısa bir məqamda, hansısa bir vaxtda hansısa bir rol oynaya bilər.

- Azərbaycanın xarici işlər naziri dəfələrlə bəyan edib ki, razılaşdırılmış məsələlər üzrə razılaşma imzalayaq, sülh müqaviləsinin hazırlanmasına keçək. Ermənistanın əks arqumentləri nədən ibarətdir ki, Azərbaycanın bu təklifi qəbul edilmir?

- Hər iki tərəf öz yanaşmaları barədə münaqişənin nizamlanması üçün müzakirələr aparır. Demək istəyirəm ki, aparılan danışıqlar çox məhsuldar olub. Bir sıra məsələlərin həllinə tərəflər mövqe baxımından çox yaxınlaşıb. Tərəflərin hər ikisi münaqişənin dinc, danışıqlar yolu ilə həll edilməsini istəyir.

- Münaqişə ilə məşğul olmuş politoloqlar deyir ki, Rusiyanın bölgədə mövqeyi dəyişməyincə münaqişənin həlli mümkün deyil. Sizin münasibətiniz necədir? Bir də son zamanlar şayiələr yayılıb ki, Azərbaycanın 5 və ya iki rayonu qaytarılacaq. Buna münasibətiniz necədir?

- Mənim rusiyalı həmsədrlə çox yaxşı əlaqələrim var. O uzun müddətdir bu məslə ilə məşğul olur və çox təcrübəli bir şəxsdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ və Rusiyanın mövqeləri üst-üstə düşür, fikriləri eynidir. ABŞ, Fransa və Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində bir tərəfdaş kimi eyni mövqedən çıxış edirlər. Amma, qalır nizamlanmanın necə əldə olunması, bu Minsk qrupunun, hər hansı bir dövlətin üzərinə düşən məsələ deyil, bu münaqişədə iştirak edən tərəflərin üzərinə düşən, onlardan asılı olan bir məsələdir. Onlar münaqişənin hansı formaya, hansı mövqeyə əsasən həll etməklə bağlı müxtəlif təşəbbüslərlə çıxış edirlər. Biz isə öz tərəfimizdən yekun nizamlanmaya nail olmaq üçün danışıqların məhsuldar və uğurlu nəticə verməsində, tərəflərin ortaq mövqeyə gəlməsində öz köməyimizi göstərməyə hazırıq.
XS
SM
MD
LG