Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:07

Seçki müşahidəçisinə seçkini saxtalaşdırma ittihamı


V. Sübhani: Anarla qürur duyuruq
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00
-
Anar Məmmədli vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendum nəticələrini saxtalaşdırmaqda ittiham olunur. Prezident seçkisində müstəqil müşahidəçilik həyata keçirmiş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədrinə bu ittiham dekabrın 17-də irəli sürülüb. İttiham maddələrindən biri də xeyli miqdarda vergini və ya məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqla bağlıdır. Bir gün əvvəlsə Anar Məmmədli qanunsuz sahibkarlıqla məşğul olaraq, külli miqdarda gəlir qazanmaqda suçlanmışdı.

DTİHB DURUMU İZLƏYƏCƏK

ABŞ səfirliyi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) bu həbsdən təəccüb və narahatlığını gizlətməyib. ATƏT bildirib ki, Anar Məmmədlinin həbsi seçkilərin ictimai müşahidəsini təhlükəyə atması baxımından da narahatlıq doğurur.

Dekabrın 18-də DTİHB seçki ittihamıyla bağlı AzadlıqRadiosuna bildirib ki, «durumu izləyəcək və Azərbaycan hakimiyyəti ilə insan hüquqları öhdəliklərinə dair dialoqa davam edəcəklər».

SMDTM prezident seçkisindən sonra yaydığı hesabatda ciddi qanun pozuntularından söz açırdı. Əsas müşahidəçi qurum olan DTİHB də seçkinin beynəlxalq standartlara uyğun keçmədiyini bildirmiş və ABŞ Dövlət Departamenti seçkiyə dair ilk bəyanatında bu 2 quruma istinad etmişdi. Departament SMDTM-ə istinadla seçkidə ciddi problemləri sadalamış, seçki qutularının topa-topa bülletenlərlə doldurulmasına, səslərin sayılması zamanı problemlərə və verilmiş səslərin düzgün sənədləşdirilməməsinə diqqət çəkmişdi.
Baş Prokurorluq
Baş Prokurorluq

QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASI DA YOXLAMALARA QATILIB

Dekabrın 18-də Baş Prokurorluq həmin quruma və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyinə qarşı cinayət işi açıldığını bildirib. Məlumata görə, Anar Məmmədli qurumun icraçı direktoru Bəşir Süleymanlı ilə birlikdə ABŞ-ın Milli Demokratiya İnstitutunun ayırdığı 276 min 10 ABŞ dollarlıq qrant müqaviləsini dövlət qeydiyyatına alınmış «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyinin adına rəsmiləşdirib. Bu barədə qurumun rəhbəri Elnur Məmmədovla razılıq əldə olunub. Prokurorluq qurumun 19 min 535 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəmədiyini də bildirir.

Prokurorluğun məlumatında o da qeyd olunur ki, yoxlamalara Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri də cəlb olunub. Hələlik, Şuradan məsələyə münasibət almaq mümkün olmayıb.

QONDARMA VƏ ABSURD İTTİHAM

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı bu ittihamları «qondarma» və «absurd» sayır. O, bütün sənədlərin araşdırılmaq üçün təqdim olunduğunu deyir:

«Məqsəd doğrudan da yalnız maliyyə məsələsi idisə, cərimənin ödənməsi şərtilə məsələni bağlamaq olardı. Digər tərəfdən seçki pozuntularıyla bağlı hesabat yaymaq nəticələrə təsir etsəydi, bu vaxtadək seçki islahatlarına, qanunvericiliyin dəyişdirilməsinə nail ola bilərdik.
Zahid Oruc
Zahid Oruc
Seçkidən sonra dialoqun da şahidi olardıq. Təəssüf ki, bunu görmədik».

Bəşir Süleymanlı ağır cəza nəzərdə tutan həmin maddənin qurumun fəaliyyətini məhdudlaşdırmağı hədəflədiyini düşünür.

1200 MƏNTƏQƏ VƏ REAL MƏNZƏRƏ

Parlamentin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc deyir ki, DTHİB-nin prezident seçkisinə dair ilkin rəyini SMDT-nin məlumat bazasına əsasən verməsi onun üçün xeyli düşündürücü olub. Deputat dekabrın 17-də parlamentdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri» və «Qeyri-hökumət təşkilatları haqqında» qanunlara qəbul edilən dəyişiklikləri yada salır. Zahid Orucun sözlərinə görə, 3-cü sektorun inkişafı hakimiyyətin marağındadır:

«Ancaq seçki məsələlərində baxışlar xeyli müxtəlifdir. Xüsusən xarici himayə altında çalışan qurumların qeyri-şəffaf işləri düşündürücüdür. Hesab etmirəm ki, 1200 məntəqədəki müşahidəni az qala ölkədəki seçkinin real mənzərəsi kimi qələmə verənlərin hər hansı siyasi qisas hədəfinə çevrildiyindən danışa bilərik».

CİNAYƏT HÜQUQUNDA ANALOGİYA

Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov Anar Məmmədliyə irəli sürülmüş hər 3 ittihamla onun hərəkətləri arasında uyğunluq görmədiyini, cinayət tərkibi yaranmadığını deyir. Mütəxəssis seçki ittihamını «absurd» adlandırır:
Hafiz Həsənov
Hafiz Həsənov

«Burda söhbət saxtalaşdırma imkanı olan vəzifəli şəxslərdən gedir. Bu halda həmin vəzifəli şəxslər seçki komissiyalarının üzvləri, sədrləri, dövlət orqanlarının vəzifəli şəxsləri, yerli icra hakimiyyəti orqanlarının təmsilçiləridir. Hüquqi baxımdan və seçki praktikasına görə, onlar seçkinin nəticələrinə təsir göstərə bilərlər».

Hafiz Həsənov cinayət hüququnda analogiyaya yol verilmədiyi və Anar Məmmədlinin həbsinin cinayət hüququna analogiya gətirdiyini deyir və bunu «pis tendensiya» adlandırır:

«Yəni konkret əməl yoxdursa, ittihamlar necə ola bilər? Bu cür susdurulmaqdansa, digər təşkilatlar üçün anonslar verməkdənsə, dialoq, debat yolunu tutmaq vacibdir».

Hafiz Həsənovun fikrincə, məqsəd – QHT-ləri seçki, insan hüquqları məsələləri ilə məşğul olmaqdan çəkindirməkdir.

SMDTM daha öncə Seçki Monitorinq Mərkəzi kimi fəaliyyət göstərib. Anar Məmmədli qurumun icraçı katibi və direktoru olub. 2008-ci ildə mərkəzin qeydiyyatı ləğv edilib və Anar Məmmədli Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzini qurub.
XS
SM
MD
LG