Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:22

Prezident liftlərin yenidən qurulması ilə bağlı tapşırıq verdi


İlham Əliyev - 23 dekabr 2013
İlham Əliyev - 23 dekabr 2013
-
«Bu il ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektor isə təxminən 10 faiz artıb. Bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır».

Bunu prezident İlham Əliyev dekabrın 23-də «2011-2013-cü illərdə Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasının yekunlarına həsr olunmuş konfransda deyib.

«Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır» deyən prezident qeyd edib ki, Proqramın icrası Bakının abadlaşması üçün böyük təkan olub. O, bundan sonra da Bakı və onun qəsəbələrinin infrastruktur məsələlərinə daha böyük diqqətin göstərilməsinin vacibliyini vurğulayıb. Gələcəkdə yeni elektrik stansiyalarının tikintisi, qazlaşdırma, içməli su və kanalizasiya, istilik sistemi layihələrinin davam etdirilməsinin zəruriliyini bildirib.

Dövlət başçısı lift təsərrüfatının yenidən qurulması, yaşayış binalarının həyətlərinin abadlaşdırılması, yeni yolların salınması, ictimai nəqliyyat sahəsində vəziyyətin yaxşılaşdırılması, yeni metro stansiyalarının tikilməsi barədə tapşırıqlarını verib.

İlham Əliyevin fikrincə, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq baxımından önümüzdəki il həlledici olacaq. Bununla əlaqədar o, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul ediləcəyini diqqətə çatdırıb.

Son 5 ildə Bakı və onun qəsəbələrinə külli miqdarda vəsait xərclənsə də, oranın sakinləri su, kanalizasiya və yol problemləri ilə tez-tez mediaya üz tuturlar.
XS
SM
MD
LG