Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:53

Qarabağ əlili niyə özünü yandırıb? [Video]


-


Dekabrın 25-də 2-ci qrup Qarabağ müharibəsi əlili Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, özünəqəsdi 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev alıb.

Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsində müalicə edilən müharibə əlili ilə danışmaq mümkün olmayıb. Onun atası Həsən Həsənov AzadlıqRadiosuna müsahibəsində oğlunun iddialarına haqq qazandırıb:

- Zaurın işlətdiyi kafeni 20 polis sökdü və çıxdı getdi...

- Söküntüyə məhkəmə qərarı vardı?

- Vardı. Oğlum məhkəmə uda bilər ki? Zaura məxsus «Ailəvi» kafesi Şıx ərazisində, dənizin qırağında idi. Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri o vaxt əraziyə gələndə, oğlum onlardan sənəd istəmişdi. Demişdilər ki, sən Qarabağda döyüşüb gəlmisən, elə bizim üçün ən böyük sənədsən. Üstündən iki il keçəndən sonra dedilər ki, kafeni yolun digər tərəfində tik. Onu da elədik. Müqavilənin müddəti 2015-ci ilə qədər idi. Amma buna əhəmiyyət verməyib sökdülər.

«EVLƏRİMİZİ GİROV QOYUB BANKDAN 350 MİN MANAT PUL GÖTÜRMÜŞÜK»

Həsən Həsənovun sözlərinə görə, ərazidəki bütün kafelər fəaliyyətdədir, bir Zaurun kafesindən başqa:

«Bu necə olur? Ərazidəki «Narşərab», «Xəzər», «Bülbülə», «Dəniz» və «Dəryan» kafelərinin hamısı yerində, bir dənə Zaurun kafesi bağlanıb, qarşısına hasar çəkilib. Niyə belə olur? Oğlum 5 uşaq atasıdır, 110 manat da pensiya alır. Nə etməlidir, axı? Maraqlısı odur ki, bu məsələlər baş verməzdən bir həftə öncə Mehbalıyev ona söz vermişdi ki, «Zaur, obyekti sən işlədəcəksən». Biz o obyektin tikintisi üçün evlərimizi girov qoyub banklardan 350 min manata yaxın pul götürmüşük. Bu məsələ ilə bağlı prezidentə və xanımına dəfələrlə yazmışıq. Prokurorluq, Daxili İşlər Nazirliyi bilir. Məktublara gələn cavabların da hamısı evdədir».

«ADAMIN ÜRƏYİ AĞRIYIR, AMMA...»

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov AzadlıqRadiosuna baş verən hadisədən təəssüfləndiklərini bildirir, amma Zaur Həsənovun iddialarını doğru saymır:

«İnsandır, özünə qəsd edib... Adamın ürəyi ağrıyır, balaları var, ailəsi var, axı. Bunlar hamısı öz yerində, amma onun iddiaları doğru deyil».

Konfederasiyanın yaydığı məlumatda bildirilir ki, Bibiheybət bələdiyyəsinin «Şıx» sanatoriyasının istifadəsində olan sahədə torpağın Zaur Həsənova icarəyə verilməsi və onun həmin ərazidə ictimai-iaşə obyekti tikməsi qanuni olmayıb.

Məlumatda o da bildirilir ki, Konfederasiyasının «Kurort» Səhmdar Cəmiyyətinə məxsus torpağı Zaur Həsənovun zəbt etməsinə dair məsələyə 1 saylı Bakı Yerli İqtisad, Bakı Apellyasiya məhkəmələrində və Ali Məhkəmədə baxılıb və onun şikayəti əsassız sayılıb.

Zaurun atası Həsən Həsənov oğlunun vəziyyətinin ağır olduğunu söyləyir:

«Vəziyyəti yaxşı deyil, ağızı, üzü, qolları, sinəsi, beli, qurşaqdan yuxarı bütün bədəni yanıb».
XS
SM
MD
LG